“Ermənistan vurduğu ziyanın təzminatını ödəməlidir” - Deputat
06 oktyabr 2022 14:12 (UTC +04:00)

“Ermənistan vurduğu ziyanın təzminatını ödəməlidir” - Deputat

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqaməti üzrə

2 il öncə ilin günün bu vaxtları bütün xalqımızın ürəyi birlikdə vurudu, dəmir yumruğa dönüb hamımız bir hədəfə vururduq, hamılıqla Azərbaycan əsgərinin arxasında dayanmış, cəbhədən gələn hər bir xəbəri həyəcanla dinləyir, hər tikəmizi döyüşən əsgərimizlə bölüşməyə can atırdıq. El bir olsa dağ oynadar yerindən. Birliyimiz sayəsində qüdrətləndik, dünyanın başımıza hördüyü 30 illik girdabdan qurtulmağı, işğal altındakı torpaqlarımıza getməyi və zəfərlə qayıtmağı bacardıq. Dünya hərb tarixinə Azərbaycanın apardığı müzəffər savaş dərs nümunəsi kimi yazıldı, biz “biz” olduğumuzu sübut edə bildik. Amma sular durulmadı. Dünya gücləri arasında başlanan istənilən gərginlik regionda da özünü xoşgəlməz tərzdə göstərir. Qələbəmizin ildönümünü yaşadığımız günlərdə dünyada, xüsusən qonşu dövlətlərin ərazisindəki gərginlik qəsdən müxtəlif formalarda Azərbaycana da sıçradılır. Ən azından bu cəhdlərin varlığını hiss edirik. Ermənistan tərəfindən revanşist bəyanatlar səslənməkdədir, yeni müharibələrin anonsları verilir.

“Bu vəziyyətdə yeni müharibə ehtimalı nə qədərdir və Azərbaycan yeni bir müharibədən də qələbə ilə çıxa bilərmi?”  Bu sualı Lent.az-a cavablandıran Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, ilk növbədə informasiya müharibəsində yüksək aktivlik göstərməliyik.Bu əlaqədar qurumların olduğu qədər hər bir vətəndaşın da borcudur.

“44 günlük müharibəmizdə Azərbaycanın mühüm strateji addımlarından biri də ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərə şəxsən dövlət başçısının özü tərəfindən müsahibələr verilirdi, Prezident İlham Əliyev həm ön cəbhə, həm informasiya cəbhəsində uğurla mübarizə apardı. Müharibədən dərhal sonra Azərbayanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfərlər edirdilər.Erməni vandalizminin nəticələrini öz gözləri ilə görürdülər. İnformasiya müharibəsində bu da çox mühüm rola malik idi. Azərbaycan vətəndaşları bu gün anlamalıdırlar ki, sosial şəbəkələrdəki hər bir paylaşımı əleyhimizə və lehimizə istifadə oluna bilər. İnformasiya ən güclü silahaır, bunu bilərək hərəkət etməliyik”,- deyən deputat son günlər sosial şəbəkələrdə yayılmış və beynəlxalq birlikdə rezonans doğurmuş əsirlərin güllələnməsi ilə bağlı video barədə də danışıb.

“Həmin videonun düşmən təxribatı olaraq hazırlandığını düşünürəm. Hər bir halda Hərbi Prokurorluq araşdırma aparır. Bu videonu çəkməkdə məqsəd Azərbaycan ordusunu, ümumiyyətlə, azərbaycanlıları dünyaya insan haqlarını tapdalayan, vandal bir millət kimi göstərməkdir. 

Təbii ki, bütün bunlar birmənalı şəkildə sülh müqaviləsinin imzalanmasını ləngitmək üçündür. Azərbaycan rəhbərinin Bolqarıstana, Avropaya səfəri ərəfəsində bu məsələni yaymaq xüsusi məqsəd daşıyırdı Azərbaycanın artan nüfuzu bir çox dövlətlərin marağına xidmət etmir, narahatlıq yaradır. Artıq sözləri bitmiş ermənilər bu məsələlərə əsasən insan hüquqları bucağından baxdırmağa çalışırlar. Bununla da, regiona ABŞ-ın, Fransanın gəlməsinin vacibliyini vurğulamağa çalışırlar. Hədəf Qərbdən müşahidəçilərin gətirilməsi məsələsini gündəmdə saxlamaqdır”,- deyə ekspert qeyd edib. O bildirib ki, böyük güclərin əlində marionetka, maşa rolunu oynayan Ermənistanın necə bir dövlət olduğunu görmək, bəyan etmək onlara sərf etmir.

“30 il torpaqlarımızı zəbt etmiş, bütün mədəni abidələri yerlə-yeksan eləmiş, məsum insanları, dinc əhalini ən vəhşi şəkildə qətlə yetirmiş bu toplumun hər əməlinə buna görə göz yumulur. Xocalı hadisəsini törətmiş, müharibə zonasından uzaqdakı Gəncə və Bərdəni raket atəşlərinə tutmaq, yatdığı yerdə insanların üzərinə bombalar yağdırmaq, bazardakı insanları qanına bulamaq, onlarla insanı məhv eləmək-bunların heç birini Qərb dünyası görmədi, gözünü, qulağını bağlayıb, eşitmək istəmədi.  

Çünki ikili standartdan yanaşma var! Məramları Azərbaycana, türk dünyasına qarşı nifrəti artırmaq, ikrah hissi yaratmaqdır. Əsas hədəf son məqamda sülh müqaviləsinin imzalanmasından yayınmaq, Zəngəzur dəhlizinin açılması məsələsini gündəmdən çıxartmaqdır. Amma biz regiona davamlı sülhün gəlməsi, sabit gələcəyimiz üçün bu addımların atılmasında qətiyyətliyik və dövlət başçısının da dediyi kimi, heç nə bizi yolumuzdan döndərə bilməz.

Buna görə bütün resurslarını ortaya qoyublar, ABŞ, Fransadan istifadə etməyə çalışırlar tək dərdləri insan haqlarının pozulmasını sübut etməkdir. Qərbin arsuzu problemin həllini Rusiyanın inhisarı altından çıxartmaq cəhdidir. Əlbəttə, Rusiya və İranın da regionda siyasi maraqları var və özlərini əsas oyunçu kimi görmək istəyirlər. Bizim tək yolumuz güclü Azərbaycan olaraq meydana çıxmaq, istər diplomatik səviyyədə, istər hərbi baxımdan gücümüzü ortaya qoymaqdır ki, biz bu yöndə səylərimizi günü-gündən gücləndiririk”,- deyə Arzu Nağıyev vurğulayıb.

“Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında nə qədər aktivik və gördüyümüz iş yetərli sayıla bilərmi?”

Bu sualımıza cavab verən deputat Naqif Həmzəyev hesab edir ki, dünya birliyinin haqq səsimizi eşitməsi üçün dövlət tərəfindən görülən tədbirlər, o cümlədən diaspora üzrə iş komitəsinin son zamanlar gördüyü işlər təqdirəlayiqdir.
Müxtəlif tədbirlər, görüşlər keçirilir bu öz effektini verir. Lakin dünyada gedən çox ciddi prosseslərdən geri qalmaq olmaz. Regionda baş verən hər bir təhlükə beynəlxalq səviyyədə özünü göstərir. Gəncə, Bərdə, Tərtərin bombalanmasına, Xocalı boyda faciəyə göz yuman dünya saxta olub-olmadığı bəlli olmayan bir videoya, əsirlərin güllələnməsinə anında reaksiya verdi, hay-küy qopardı. 

Səsimiz haqq səsidir, əsir və girovlarla bağlı ən humanist addımlar atmışıq. Nə qədər yaralı erməni əsgərinə tibbi yardım göstərmişik, əsirlər qaytarmışıq. Insanlıq əleyhinə müharibə cinaytlərinin hamısını ermənilər törədib. 4000-dən çox əsir və girov barəsində məlumat verilməyib, minalarla bağlı dəqiq məlumat təqdim olunmur, 2021-ci ilin buraxılışı olan minalar Zabuxda, Laçında tapılır. Biz düşmənə vaxt verdik, o bu vaxtdan mina basdırmaq və digər təxribatçı addımlar üçün istifadə elədi.  Bir müddət öncə Ermənistanın keçmiş prezidenti Levon Terpetrosyanın çıxışı oldu, dedi ki, sülh müqaviləsi olmasa, Ermənistan məhv olacaq. Bəli, Ermənistan öz məhvinə doğru addımlayır.

Biz öz yolumuzdayıq, öz ərazi bütövlüyümüzü bərpa etməklə, sərhədlərimizin delimitasiyası ilə məşğuluq, yalnız bu şərtlər altında sülh müqaviləsini imzalayacağıq. Əks halda bir əsr sürmüş bu erməni yalanının, irticasnın qarşısını almaq mümkün deyil”- deyə Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, ermənilərin öz etdikləri vandallığı bizim adımıza yazmaq kimi qədim bir ənənəsi mövcuddur. “Xocalını da bizim ayağımıza yazmaq istədilər, eyni şəkildə əsirlərlə bağlı təxribatçı video da hazırlayıblar.

“Azərbaycan 44 günlük müharibədə ordumuzun gücü sayəsində torpaqalrımızı azad etdi, regiona uzun müddətli sülhün gəlməsi üçün sülh səylərini artırdı. Ermənistana şans verdi. Həm də dəfələrlə. Bizim humanist addımlarımız davam edir. Biz hələ də ermənilərin qurbanlarına çevrilmiş soydaşlarımızın kütləvi məzarlıqlarını tapırıq. Amma bizim humanizmimiz zəifliyimizdən irəli gəlmir. Öz gücümüzü dəfələrlə göstərdik, yenə göstərəcəyik.

2022-ci ilin avqustunda “Qisas” əməliyyatı, sentyabrın 12-13 də Ermənistanın təxribatlarına layiqli cavab verilməsi o deməkdir ki, nəzarət əlimizdədir və revanşistlər ayağa qalxarsa, bu ölkə özü öz məhvini zəruri edəcək. Sonuncu Brüssel görüşündə əldə edilmiş razılaşmalara əməl etməli, sülhə imza atmalıdır. 30 il ərzində torpaqlarımızda vandallıq edib, daş üstündə daş qalmayıb. Ermənistan sülh müqaviləsi ilə can qurtarmamlı, vurduğu ziyanın milyardlarla hesablanan təzminatını ödəməlidir. Dünya bizim humanist addımlarımızı, haqlı olduğumuzu anlayır. Dünya bu regionda sülhün bərpasını istəyirsə, Ermənistana silah verilməsini dayandırmalı və sanksiyalar tətbiq edilməlidir. Əks halda biz öz hüququmuzu qorumağı bacarırıq.”

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar