Milli Məclisin deputatı Fatma Yıldırım
17 fevral 2021 23:14 (UTC +04:00)

Milli Məclisin deputatı Fatma Yıldırım

“Ermənilər Şuşadan oğurladıqları xalçaları Yerevanda nümayiş etdirəcək” - DEPUTAT

“Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni əsirliyindən azad etdik və erməni vandalizmini əyani şəkildə gördük”. 

Bu fikirləri APA-ya Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Fatma Yıldırım qeyd edib ki, ermənilər yalnız irsimizi məhv etməyə çalışmaqla kifayətlənməyib, Qarabağın mədəniyyət nümunələrini xaricə satmaqla, erməni “irsi” kimi təqdim etməklə məşğul olub: “Ermənilər bu çirkin əməllərini davam etdirməkdədir. Belə ki, onlar Şuşadan oğurlayaraq apardıqları xalçaları fevralın 20-də Yerevanda nümayiş etdirəcəklər. Şuşa Xalça Muzeyinin eksponatları olan həmin xalçalar Şuşadan Ermənistana aparılıb. Xalçaların ən qədiminin 350 ilə qədər yaşı var”.

Millət vəkilinin sözlərinə görə, bu xalçalar doğma Şuşamıza məxsus olan milli irs nümunələridir. Həmin xalçalar ümumilikdə Qarabağımızın tarixi-mədəni keçmişini, dəyərlərini özündə əks etdirir. 

Deputat qeyd edib ki, xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır: “Şuşa xalçalarındakı kompozisiya, naxışlar Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Bir şuşalı kimi ermənilərin növbəti təxribatı məni çox hiddətləndirir. Müvafiq beynəlxalq təşkilatlar, xüsusilə UNESCO ermənilərin bu əməllərinə münasibət bildirməlidir".

Fatma Yıldırım söyləyib ki, torpaqlarımız işğal altında olan zaman həmin ərazilərdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb: “Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib”.

“Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət etmişdi. Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan verməsə də, UNESCO bu məsələdə prinsipiallıq nümayiş etdirmədi, hətta  bəyanat belə vermədi. Təəssüf ki, UNESCO yenə də susur. Əgər UNESCO fəaliyyətində obyektivliyə, haqqa-ədalətə üstünlük verirsə, o zaman ermənilər tərəfindən Yerevanda Şuşadan oğurladıqları xalçalarımızın nümayiş etdirilməsinə münasibət bildirməlidir. Çünki bu kimi əməllər məhz  UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır. UNESCO isə Ermənistanın bu qanunsuz əməllərinə  adekvat reaksiya verməli və pisləməlidir”, - deyə deputat vurğulayıb. 

# 3441
avatar

Oxşar yazılar