“2018-ci sentyabr ayında Rusiya və Ukrayna arasında əsirlərin “hamının-hamıya” prinsipi əsasında azad edilməsi əsas götürülərək həmsədrlər bunun Ermənistan və Azərbaycan arasında da tətbiqini təklif etmişlər”.
APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
İ. Axundov bildirib ki, 10 noyabr bəyanatından sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin keçirdiyi görüşlərdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinin təxirəsalınmaz olaraq həyata keçirilməsi təklifini irəli sürüb: “Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə işğal altında olan torpaqların azad olunması ilə yanaşı, Dilqəm və Şahbazın da azadlığa qovuşmasına şərait yaradıb. Həmçinin, Amin Musayevin yaralı vəziyyətdə əsir götürülməsi sosial şəbəkələrdə paylaşıldığı üçün Azərbaycan ictimaiyyətində çox böyük narahatlıqlar yaşanmışdı”.
İ. Axundov Dövlət Komissiyası adından əsirlikdən və girovluqdan azad olunanların ailələrini təbrik edib.