“Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində biz azad olunduq. Bir kəlbəcərli kimi Azərbaycan xalqını Vətən müharibəsində qələbəmiz münasibətilə təbrik edirəm”.
APA-nın xəbərinə görə, bunu bu gün mətbuat konfransında erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib.
O bildirib ki, onlar erməni girovluğunda işgəncələrə məruz qalıblar.
“Mən Ermənistan ərazisinə keçməmişdim, öz ata-baba yurduma getmişdim. Mən ora ilk dəfə getməmişdim. Məni öz doğma yurdumda həbs etdilər. Xankəndinə apardılar. Barmaqlarımı qırdılar. Baş nahiyəmdə hələ də qırıqlar var. Xankəndidə qaldığım bir il müddətində mənə yemək vermirdilər. Dəmir boşqabda qızdırılmış su və az miqdarda makaron verirdilər. Tutulan vaxt çəkim 100 kiloqramdan çox idi, amma sonradan çəkim 55 kiloqrama düşdü. Taqətim qalmamışdı. Hər dəfə məni aparanda avtomatın qundağı ilə döyürdülər. Elə vaxt olub ki, onların “prokuroru”nun yanında 15 nəfər məni döyüb. Hamısını saymışam. Bunun hamısı "istintaq" vaxtı olub. Taqətsiz olmuşam, qalxa bilməmişəm. Yemək Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də gətirilməyib. Bir il müddətində bu komitənin heç bir köməyi olmayıb. Baxmayaraq ki, mənim bir tərəfim tamamilə iflic olmuşdu. Mənə verilən işgəncələrin hamısını Beynəlxalq Qızıl Xaç Komitəsi bilirdi, ancaq heç bir ölçü götürmədilər”, - deyə D. Əsgərov vurğulayıb.