Deputat Eldəniz Səlimovun toxunulmazlığına XİTAM VERİLDİ  - YENİLƏNİB
03 avqust 2021 12:44 (UTC +04:00)

Deputat Eldəniz Səlimovun toxunulmazlığına XİTAM VERİLDİ - YENİLƏNİB

Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında qəbul edilib.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

***

11:26

Bu gün Milli Məclisin növbədənkənar sessiyasında Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla çıxış edib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Baş prokuror bildirib ki, iyulun 30-da təqdim edilmiş təqdimat üçün kifayət qədər əsaslar var və Milli Məclisin İntizam komissiyası dünən keçirilən iclasında təqdimata müsbət rəy verib.

Baş prokuror deyib ki, Azərbaycanda pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla mübarizə aparır, Birinci vitse-prezident Mehriban Əliyeva da bu mübarizəyə mühüm töhfə verir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın koordinasiyası ilə bu sahədə ardıcıl işlər görür. Bu sahədə əsas ağırlıq Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. Təəssüflər olsun ki, Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib. Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib”.

Baş prokuror bildirib ki, polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Baş prokuror deputatları təqdimata səs verməyə çağırıb.

Parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı ldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatı ilə bağlı çıxış edib.

E. İbrahimov bildirib ki, dünən İntizam komissiyasının iclasında təqdimata rəy verilib.

Rəydə bildirilib ki, təqdimatın verilməsi üçün kifayət qədər əsas var və İntizam komissiyası təqdimata rəy verib.

***

11:03

Milli Məclisin növbədənkənar sessiyası keçirilir.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, növbədənkənar sessiya Dövlət himninin oxunması ilə başlayıb.

İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6336
avatar

Oxşar yazılar