"COP29-da iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq" - Norveçli nazirlə MÜSAHİBƏ
19 noyabr 2024 14:42 (UTC +04:00)

"COP29-da iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq" - Norveçli nazirlə MÜSAHİBƏ

Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinreymin APA-ya müsahibəsi

- Xanım Tvinreym, ilk növbədə Bakıda keçirilən COP29 və burada müzakirə olunan məsələlərlə bağlı fikirlərinizi öyrənmək istəyərdik.

- Birincisi, onu demək istəyirəm ki, Norveç hökuməti olaraq, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının və ya qısaca desəm, COP29-un Azərbaycanda keçirilməsindən və burada iştirak etməkdən məmnunuq. Budəfəki COP çox gözəl təşkil olunub, bütün elementlər son dərəcə mükəmməl şəkildə düşünülüb. Bu, çox vacib məsələdir, çünki sözügedən konfransa iştirakçı qismində gələn ölkələrin fəaliyyəti çox mühüm xarakter daşıyır. Onu deyə bilərəm ki, bizim danışıqçılardan ibarət qrupumuz yekun razılaşmaya nail olmaq istiqamətində son dərəcə gərgin fəaliyyət göstərir. Biz inanırıq ki, tərəflər yekunda iqlim maliyyəsi üzrə razılığa gələ biləcək. Eyni zamanda məlumdur ki, danışıqlar son dərəcə mürəkkəb şəraitdə aparılır, tərəf ölkələrin irəli sürdüyü tələblər həddindən artıq çoxdur. Buna baxmayaraq, Norveç yekun sənədin razılaşdırılacağına inanır.

- Sizcə, hansı məsələlər danışıqların yekununda tərəflərin yekun razılıq əldə etməsi yolundakı addımların önündə maneə yarada bilər?

- Biz iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq və buna ümid edirik. Biz onu da bilirik ki, inkişaf etməkdə olan bir çox ölkənin iqlim maliyyəsinin məbləği ilə bağlı tələbləri çox yüksəkdir. Norveç və mən əminəm ki, bir çox ölkə yekun sənədin imzalanması üçün səylərini davam etdirəcək. Çünki biz bu məqamın çox həlledici və önəmli olduğunu başa düşürük. Mən hesab edirəm ki, iqlim maliyyəsi ətrafında müzakirələr çox vacibdir. Biz onun təmin edilməsi üçün özəl sektorun dəstəyindən yararlanmaq və əmin olmaq istəyirik ki, əksər ölkə iqlim maliyyələşməsinin ayrılması üçün təşəbbüskarlıq nümayiş etdirəcək.

- Xanım nazir, Norveçin COP29-un yekun sənədinin əldə olunmasına dair mövqeyi nədən ibarətdir?

- Biz bilavasitə yaşıl enerjidən istifadəyə keçidin təmin edilməsi məqsədilə COP29-un yekun sənədinin razılaşdırılmasında son dərəcə maraqlıyıq. Bu sahədə kifayət qədər maliyyə vəsaitinin təmin olunmasına ehtiyac çox böyükdür. Bunun üçün isə ölkələri bir çoxu daha artıq məbləğdə vəsaitin maliyyələşdirilməsini təmin etməli, eyni zamanda bu prosesə özəl sektorun təmsilçiləri də cəlb olunmalıdır. Çünki biz yaşıl enerji sahəsinin inkişafına böyük maliyyə axınının cəlbinə nail ola bilməsək, dünyada yaşıl enerjiyə keçid mümkün olmayacaq.

- Norveçin COP29-a önəm verməsini, yekun sənədin razılşamdırılmasın maraqlı olduğunu vurğulayırsınız. Lakin Norveç hakimiyyəti COP29-da rəhbərlik səviyyəsində təmsil olumadı. Bu barədə nə deyə bilərsiniz?

- Bu məsələni şərh etmək mənim səlahiyyətimdə deyil, ona görə də mən bu suala cavab verə bilməyəcəm. Bu sualın aidiyyəti üzrə ünvanlamasını daha məqsəduyğun sayıram.

- Norveçlə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Həm Norveç, həm də Azərbaycan nəhəng neft istehsalçısı olan ölkələrdir. Əlbəttə ki, bu amil hər iki ölkəyə əhəmiyyətli üstünlüklər qazandırır. Lakin mən hesab edirəm ki, hər iki ölkə enerji transformasiyası prosesini sürətləndirməlidir. Çünki ölkələrimiz arasında neft hasilatı sektorunda mövcud olan rəqabət qabiliyyəti və istehsal göstəricilərinə texnologiya sahəsində də ehtiyac var. Yekunda isə əlavə etmək istəyirəm ki, yaşıl enerji transformasiyasının sürətləndirilməsi bizim hər birimizdən asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar