Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib.
“İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan silah-sursata və raketlərə, elektronik hərbi sistemlərə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətləri ilə əlaqədar birlikdə çalışacağıq. Bir millət, iki dövlət!”, - deyə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib.