“Azərbaycana yardımçı olmağa hazırıq”- Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri
14 oktyabr 2020 10:49 (UTC +04:00)

“Azərbaycana yardımçı olmağa hazırıq”- Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Smeyx Əl Marri ilə görüşüb.  

Lent.az-a səfirlikdən verilən məlumata görə, səfir ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, işğal altındakı Azərbaycan ərazilərində separatçı rejim tərəfindən beynəlxalq humanitar hüquq prinsiplərinə və insan hüquqlarına zidd olan əməllərin törədilməsini diqqətə çatdırıb. Bu xüsusda, həmin ərazilərin dərhal və şərtsiz azad olunması barədə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri, uzun illər boyu mövcud olan ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinin bu günədək bir nəticə vermədiyini xatırladıb. Xüsusilə qeyd edib ki, Ermənistanın  sentyabrın 27-də başlatdığı təcavüz nəticəsində Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsi cavab olaraq ölkəmizin silahlı qüvvələrinin hazırda həyata keçirdiyi hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan torpaqlarda aparılır. Eyni zamanda, münaqişə zonasından kənarda yerləşən Gəncənin və ölkəmizin digər şəhərlərinin hədəfə alınaraq yaşayış məntəqələrinə raket zərbələrinin endirildiyi, nəticədə dinc əhali, o cümlədən qadın və uşaqlar arasında ölənlər və yaralananların olması barədə, bununla da Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da Moskvada razılaşdırılan humanitar atəşkəsin Ermənistan tərəfdən kobud surətdə pozulduğu barədə məlumat verib. Sadalananların beynəlxalq insan hüquqları və humanitar hüququn işğalçı Ermənistan tərəfindən pozulması göstəricisinin olduğunu vurğulayaraq bu əməllərin beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsinin vacibliyini vurğulayaraq müvafiq sənədləri qarşı tərəfə təqdim edib. 

Cavab olaraq Əl Marri verilən geniş şifahi və əyani məlumata görə təşəkkürünü bildirərək dost Azərbaycanda hazırda baş verən hadisələri, münaqişə zonasında hərbçilər və mülki əhali arasında itkilər, yaralananlar və insan hüquqlarının pozulmasını narahatlıqla izlədiyini deyib. O, hazırkı münaqişə durumunda Qətərin və bilavasitə rəhbərlik etdiyi qurumun imkanları daxilində Azərbaycana yardımçı olmağa hazır olduğunu nəzərə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1921
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar