Bir taxta 3 namizəd, strateji səhv, İngiltərənin taleyi - “Tarixi dəyişən döyüşlər”
01 mart 2024 20:15 (UTC +04:00)

Bir taxta 3 namizəd, strateji səhv, İngiltərənin taleyi - “Tarixi dəyişən döyüşlər”

İstənilən müharibə mövcud olan münaqişənin, qarşıdurmanın ən pik, intensiv mərhələsidir. Ancaq hər müharibənin də öz həlledici döyüşləri var. Həlledici dediyimiz həmin döyüşlər heç də həmişə ən qanlı və ən şiddətli döyüşlər olmasa da, adətən dünya tarixinin gedişatını, inkişaf istiqamətini müəyyən edir.

Lent.az “Tarixi Dəyişən Döyüşlər” rubrikasına start verir. Yeni rubrikamızda dünya tarixinin inkişaf istiqamətinə təsir edən döyüşləri təqdim edəcəyik.

İlk yazı 1066-cı il oktyabrın 14-də baş verən Hastinqs döyüşü ilə bağlıdır:

14 oktyabr 1066-cı ildə İngiltərənin taleyini təyin edən Hastinqs döyüşü baş verdi. Döyüş Kral Harold Qodvinsonun anqlo-sakson ordusu ilə Norman hersoq Vilhelmin qoşunları arasında baş verir. On saatdan çox davam edən döyüşün nəticəsi qlobal nəticələr doğurdu.

Ədavətin səbəbi uşağı olmayan ingilis kralı Edvard Normandiya hökmdarları tərəfindən ona vaxtı ilə verilən sığınacağa görə minnətdarlıq edərək, ingilis taxtını ana tərəfdən qohumu olan, normandiyalı Hersoq I Vilhelmə vəd etməsi ilə bağlı idi.

Ancaq Edvardın ölümündən bir gün sonra ingilis lordları Edvardın arvadının qardaşı Haroldu yeni kral seçdi. Haroldun kral seçilməsindən xəbər tutan Vilhelm İngiltərə taxtına öz iddialarını bildirdi.

İngiltərənin yeni kralı II Harold özünü iki atəş arasında tapır: bir tərəfdən Vilhelm, digər tərəfdən isə Norveç kralı “Amansız” Haroldun ordusu Britaniya adalarına hücum edir. Maraqlıdır ki, II Haroldun doğma qardaşı Tostiq də “Amansız” Haroldun anlo-sakson taxtına iddialarını dəstəkləyirdi.

Lakin Harold rəqiblərindən birinin öhdəsindən gələ bildi – 1066-cı il sentyabrın 25-də Stemford-Bric döyüşündə Haroldun anqlo-sakson qoşunları norveçliləri tam məğlub edir. Bundan sonra Harold York şəhərinə qayıdır və burada Normandiyalı Vilhelmin ordusunun İngiltərə sahillərinə yerləşməsi barədə xəbər alır.

Oktyabrın 13-də Haroldun ordusu Hastinqsə çatır. Harold, yəqin ki, meşə örtüyünün sıxlığından və ya gecə olmasından istifadə edərək Betl Hil adını daşıyan çox əlverişli təpəlikdə mövqe tutmağı bacarır.

Kəşfiyyatçılardan düşmənin yaxınlaşmasını öyrənən Vilhelm oktyabrın 14-də səhər saat 6:00 radələrində yürüş əmri verir. 

Beləliklə, Hastinqs döyüşü Norman oxatanları və arbaletçiləri tərəfindən anqlo-sakson sıralarının intensiv atəşə tutulması ilə başlayır, lakin anqlo-saksonlar böyük qalxanlardan ibarət möhkəm sədd yaradaraq özlərini kifayət qədər təhlükəsiz hiss etməyə başladılar və heç bir praktiki zərər görmədilər.

Ox atəşi başa çatdıqdan sonra ağır piyadalar hücuma keçir. Eyni zamanda, piyadalar dik yamaca qalxmalı oldular. Bu zaman Vilhelmin ordusunda döyüşən Bretonlular anqlo-sakson sıralarına birinci çatırlar, Normandlar isə onlardan bir qədər geridə qalırlar. Buna görə də Bretonluların cinahı açıq qalır. İngilislər bundan istifadə edərək bretonluları mühasirəyə almağa çalışırlar və mühasirəyə düşməkdən qorxan bretonlular şiddətli ox və daş atəşi altında geri çəkilməyə məcbur olurlar. Onların geri çəkilməsi sonradan açıq qaçışa çevrilir, Vilhelmin ordu sıralarını pozur və buna görə normandlar, ardınca fransızlar və flamandlar da geri çəkilməyə məcbur olur.

Vəziyyəti xilas etmək üçün Norman cəngavər süvariləri hücuma keçir, lakin ox yağışı və uzun nizələrlə hücuma məruz qalıqları üçün geri çəkilməli olur. Bu zaman Normandiyalı Vilhelmin altındakı at da öldürülür.

Amma Hastinqs döyüşünün məhz bu məqamında I Harold döyüşün gedişinə təsir göstərəcək ciddi səhvə yol verir. Belə ki, anqlo-sakslar geri çəkilən Norman süvarilərinin ardınca qaçaraq əvvəllər keçilməz olan və əlverişli mövqelərini tərk edirlər. Kral Harold artıq qələbənin lap yaxında olduğuna ümid edirdi. Amma hazırlıqsız əks-hücum ingilislərin öz sıralarındakı nizamı alt-üst edir və onlar üçün ölümcül təhlükəyə çevrilir. Vilhelm düşmənin səhvindən istifadə edərək cəngavərlərini geri çevirir və anqlo-saksonlara güclü zərbə endirir.

Sonradan, bu "yalançı geri çəkilmə" taktikası artıq Vilhelm tərəfindən planlı şəkildə bir neçə dəfə qəsdən istifadə edilir: ingilis mövqelərinə hücum edən Normand qoşunları kiçik toqquşmadan sonra geri çəkilməyə başlayır, onları təqib edən ayrı-ayrı anqlo-sakson qüvvələrini düzənlik əraziyə qədər gətirib, qəfil mühasirəyə alaraq məhv edirdilər.

Normandların ardıcıl hücumları anqlo-saksonları zəiflətsə də, onların intizamlı müqaviməti davam edirdi. Günün sonuna qədər anqlo-sakson ordusunun mərkəzi döyüş mövqelərini qoruyub saxladı.

Döyüşün taleyini isə anqlo-saksonların Kralı Haroldun ölümü həll etdi. Onun gözündən oxla vurulması nəticəsində öldürüldüyü güman edilir, lakin qeyri-bərabər döyüşdə ölməsi ilə bağlı versiya daha etibarlı hesab olunur.

Versiyalardan birinə görə, 10 saatlıq döyüşün sonuna yaxın Normand cəngavərləri Haroldun qərargahına çatırlar və onun mühafizəsini məhv edirlər.

Bu zaman onlardan biri nizə zərbəsi ilə Haroldun qalxanını deşərək sinəsinə zərbə vurur, digər cəngavər isə Kralın başını kəsir, digərləri isə onun bədəninə və ayaqlarına zərbələr endirir.

Kralın ölüm xəbəri döyüş meydanında sürətlə yayılır. Rəhbərsiz qalan anqlo-sakson qüvvələri qaçır, Vilhelmin qələbəsi qeyri-müəyyənlikdən aşkarlığa çevrilir.

Qanlı döyüşdən sonra bir neçə min seçilmiş anqlo-sakson və Normand döyüşçüsünün cəsədi meydanda qalır.

I Vilhelm yeni kral olur, tarixə Fateh Vilhelm adı ilə düşür. 1066-cı ildə baş tutan Hastinqs döyüşü İngiltərəni güclü mərkəzləşdirilmiş feodal monarxiyaya çevirir və müasir Britaniya dövlətçiliyinin əsasını qoymuş olur.

# 4563
avatar

Vüqar İsmayılov

Oxşar yazılar