Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
APA xəbər verir ki, əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək dedi:
-Hörmətli İlham Heydər oğlu, Özbəkistana bir daha xoş gəlmisiniz. Bizim hər bir görüşümüz tarixdir. Bugünkü səfər də tarixidir. Bu gün bütün istiqamətləri, hər bir layihəni çox dəqiqliklə nəzərdən keçirdik və İlham Heydər oğlu olduqca ciddi dəstək verdi. Biz yeni Yol Xəritəsini qəbul etdik, ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılıq əldə etdik. Əlbəttə, bu, son hədd deyil.
Əziz dostlar, Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir. Biz görülən işlər və iki liderin iradəsi sayəsində nələrə nail olduğumuz barədə özümüzə daim hesabat verməliyik. Bu, qısa müddətdə əldə olunan böyük nəticədir. İlham Heydər oğluna dedim ki, 27 il aramızda heç bir nəticə olmayıb. Başa düşənlər bunu anlayır. Beləliklə, bu gün ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni səhifə açırıq. Qardaş Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən heyranıq. Hörmətli İlham Heydər oğlu, Azərbaycan Sizin rəhbərliyiniz ilə ölkənin inkişafında və beynəlxalq arenada böyük uğurlar qazanır. Yaxın dost, yaxın qonşu və müttəfiq olaraq, biz həmişə bu nəticələrə sevinirik. Siz ölkənin ərazi bütövlüyünü bərpa etməklə bir daha xalqınızı birləşdirdiniz. Siz dahi atanız, hörmətli Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz, onun müdrik vəsiyyətlərini, arzularını və istəklərini ardıcıl olaraq həyata keçirirsiniz. Azərbaycana səfərlərim zamanı şəxsən Qarabağda baş verən böyük dəyişikliklərin və bölgənin dinamik inkişafının şahidi oldum. Həmişə deyirəm ki, Azərbaycan bizim yaxın, etibarlı, zamanın sınağından çıxmış dostumuz və tərəfdaşımızdır.
Əsrlərdən bəri iki ölkənin xalqlarını qardaşlıq münasibətləri, ortaq tarix və din, oxşar mədəniyyət, dil və adət-ənənələr birləşdirir. İlham Heydər oğlu, Siz Özbəkistanla çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə vermisiniz. Siz ölkələrimiz arasında müttəfiqliyin ön sıralarında olmusunuz.
Əminəm ki, Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək. Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli “Dostluq” ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir. Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram. Bilirsiniz, bunun baş verməsi məni çox sevindirir. Fərmanı məmnunluqla imzaladım, bu günün gəlib çatması ilə fəxr edirdim. İlham Heydər oğlu, Sizi bu münasibətlə təbrik edirəm. Bu, Özbəkistan dövlətinin ən yüksək ordenidir və Siz əmin ola bilərsiniz ki, buna layiqsiniz. Təbrik edirəm.
x x x
Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi.
x x x
Sonra çıxış edən Prezident İlham Əliyev dedi:
-Hörmətli Şavkat Miromonoviç.
Əziz dostlar.
Əvvəlcə, fəaliyyətimə verilən belə yüksək qiymətə görə Sizə səmimi-qəlbdən minnətdaram. Siz dediyiniz kimi, ali dərəcəli, - Azərbaycan dilində də bu, belə səslənir – “Ali dərəcəli”, - “Dostluq” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Belə qardaş münasibətinə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Artıq dediyim kimi, bu, mənim üçün böyük şərəfdir və bu yüksək mükafata layiq olmaq, xalqlarımız, dövlətlərimiz arasında dostluğu və qardaşlığı möhkəmləndirmək naminə fəaliyyətimə davam etmək üçün bundan sonra da bütün səylərimi əsirgəməyəcəyəm.
Şavkat Miromonoviç çıxışında münasibətlərimizin strateji müttəfiqlik xarakterini qeyd etdi. Biz buna nisbətən qısa müddət ərzində nail olmuşuq. Özbəkistana səfərlərimin xronologiyasına baxanda, ən intensiv dövr son dörd-beş ilə təsadüf edir. Bu müddət ərzində mən Özbəkistana artıq yeddinci dəfədir səfər edirəm, Şavkat Miromonoviçin Azərbaycana səfərlərinin sayı isə həmin dövrdə daha çox olub.
Bu, sadəcə statistikadır. Amma bu statistikanın arxasında, ilk növbədə, ortaq köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, özbək və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır. Bu, həmin təməldir - əlbəttə, qardaşlığımızın bu binasını necə möhkəmləndirdiyimiz, hansı layihələri həyata keçirdiyimiz, qarşılıqlı fəaliyətimizə və ölkələrimizin inkişafına yönəlmiş müxtəlif təşəbbüslərdə necə birgə iştirak etdiyimiz.
Əlbəttə, bu yüksək mükafatı alarkən Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin ikitərəfli münasibətlərimizin möhkəmlənməsindəki xüsusi rolunu, xalqımıza qarşı səmimi münasibətini və Qarabağın bərpasında göstərdiyi köməyi qeyd etmək istərdim. Mən bu gün artıq bu barədə danışdım və Azərbaycanda hamı bilir ki, dünyada Qarabağın bərpasında bizə ilk kömək edən Prezident, ilk ölkə Prezident Mirziyoyev və Özbəkistandır.
Təbii ki, Özbəkistana hər dəfə səfər edəndə artıq bir çox yerləri gəzmişəm, Daşkəndin necə gözəlləşdiyini, binaların, küçələrin və infrastrukturun necə yeni görkəm aldığını, bütün bu işlərin necə böyük zövqlə, böyük sevgi ilə və yüksək keyfiyyətlə görüldüyünün şahidi olmuşam. Əziz qardaşımın “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir, Özbəkistan paytaxtının gələcək inkişafı ilə bağlı onun vizyonunun nəticəsidir.
Əlbəttə ki, bu, həm də Özbəkistanın inkişafının və qüdrətinin rəmzidir. Heç də hər ölkə sıfırdan şəhərlər tikmək imkanına malik deyil. Buraya Səmərqəndin necə dəyişdiyini də əlavə etməliyəm. Bunu ilk səfərimdən və nisbətən bu yaxınlarda orada olduğumuz vaxtdan yaxşı xatırlayıram. Keçən səfərimdə olduğum Xivə də çox gözəl təəssürat yaratdı. Tarixi abidələrin qorunması, tarixi memarlığa diqqət yetirilməsi, həmçinin şəhərsalmada müasir inkişaf tam və müvafiq şəkildə vəhdət təşkil edir. Bütün bunlar Şavkat Miromonoviçin Özbəkistanı gücləndirmək, ölkənin potensialını artırmaq, onun iqtisadiyyatını və sənayesini inkişaf etdirmək üzrə məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Bu gün kənd təsərrüfatı, sənaye, dağ-mədən və energetika sahələrində birgə layihələrdən xeyli danışdıq. Lakin ölkələrimizin bu potensialı olmasaydı, bunlar mümkün olmazdı. Bu zəmin olmasaydı, birgə layihələr haqqında düşünə bilməzdik, yalnız ölkə daxilində işləri necə yaxşılaşdırmaq barədə düşünərdik. Bu gün isə biz qarşılıqlı fəaliyyətə, birgə investisiyalara diqqət yetiririk. Birgə investisiyalar milyardlarla dollar təşkil edəcək. Bunlar artıq planlar deyil, konkret layihələr, konkret müqavilələr və bizim konkret investisiya təşəbbüslərimizdir. Əlbəttə ki, dost və qardaş olaraq hörmətli Şavkat Miromonoviçi bütün nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Biz buna ürəkdən sevinirik. Qardaşlığa və müttəfiqliyə əsaslanan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Şavkat Miromonoviç Mirziyoyevi Azərbaycanın ən ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif etmək haqqında Sərəncam imzaladım.
x x x
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim etdi.
***
18:55
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Bu barədə APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.
Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim etdi.