Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib
10 avqust 2024 15:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib

Avqustun 10-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Bu barədə Lent.az-a Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadan məlumat verilib.

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, 2024-cü ilin birinci yarımilliyində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu bütün sahələrdə şəffaf və ədalətli idarəçilik sisteminin gücləndirilməsini və vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Bu siyasi iradəyə uyğun olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, uğurlu iqtisadi, sosial və hüquqi siyasət nəticəsində Azərbaycan Respublikasında şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Eləcə də son illər ərzində hüquq-mühafizə orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsi çərçivəsində işlər davam etdirilir.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar olan Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Dəyərləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələri ilə bağlı görülmüş işlər nəzərdən keçirilib. Bununla yanaşı, GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrin icrası ilə əlaqədar müvafiq qanun layihəsi Komissiya üzvlərinin müzakirəsinə çıxarılıb.

İclasda dövlətə məxsus torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi zamanı yol verilən korrupsiya hüquqpozmaları barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri barədə məruzə dinlənilərək dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, dövlət və bələdiyyə mülkiyyətində olmayan kommersiya və ya qeyri-kommersiya qurumlarında korrupsiyaya qarşı mübarizə çərçivəsində görülməli olan tədbirlərin qanunvericilikdə təsbit edilməsi barədə fikir mübadiləsi aparılıb, nəzəriyyə və beynəlxalq təcrübə nəzərdən keçirilib.

Bundan başqa, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Azərbaycan Respublikasını korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətinin və hökumət ekspertlərinin tərkibi yenilənib.

Bununla yanaşı, Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupların tərkibinin yenilənməsi və Komissiya yanında iki yeni işçi qrupun formalaşdırılması qərara alınıb.

Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar