“Pakistana minnətdaram. Mən Pakistan xalqına müharibə zamanı davamlı dəstək göstərdiklərinə görə minnətdaram. Pakistan qarşıdurmanın ilk günlərindən son günlərinədək Azərbaycanı açıq şəkildə dəstəklədi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında dedi. Prezident onu da qeyd etdi ki, Pakistan Ermənistanın təcavüzünə və işğalçı siyasətinə görə onunla diplomatik əlaqə qurmayan azsaylı ölkələrdən biridir. Bu, bizim qardaşlığımızın əsl əlamətidir. “Yəqin bilirsiniz ki, müharibə zamanı bizim şəhərlərimizdə bir çox yerdə Türkiyə və Pakistan bayraqları asılmışdı. Bu, insanların ürəklərindən gəlirdi”.
Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, qardaş, dost Türkiyə, Pakistan və Əfqanıstan son hadisələrdə birmənalı şəkildə Azərbaycanın yanında yer alan, onu qeyd-şərtsiz dəstəkləyən ölkələr oldu. Xatırladaq ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra da onu tanıyan ölkələr arasında ilk sırada qardaş Türkiyə və Pakistan dayandı. Türkiyə birinci, Pakistan müstəqilliyimizi tanıyan ikinci ölkə idi. Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən, Ermənistanın təcavüzkarlığını pisləyən, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən ilk iki ölkə məhz Türkiyə ilə Pakistandır.
Elə Azərbaycan da illərdir terrorla üz-üzə olan Pakistanın yanındadır, onların terrora və terrorçulara qarşı bütün addımlarını istisnasız müdafiə edir.
Bildiyiniz kimi Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanıyıb. Elə Azərbaycan da Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.
Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan.
Beynəlxalq platformalar çərçivəsində sıx əməkdaşlıq da iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsini əks etdirir. Pakistan və Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyətlərini daim əlaqələndirirlər, bir-birlərinə güclü dəstək verirlər və ortaq mövqedən çıxış edirlər. Tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq buna bariz nümunədir.
Azərbaycan-Pakistan münasibətlərində tarixdən gələn ənənələr bu gün də davam etdirilir. Azərbaycanın Heydər Əliyev Fondu Pakistanla humanitar əlaqələrin dərinləşməsinə özünün sanballı töhfələrini verir. Respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə, o cümlədən humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı - “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.
44 günlük Vətən müharibəsi zamanı Pakistanın ölkəmizin haqlı və ədalətli mübarizəsinə birmənalı dəstəyi Azərbaycan cəmiyyətinin bütün təbəqələri minnətdarlıqla qarşılandı. Azərbaycan Ordusunun ardıcıl qələbələri münasibətilə öz sevincini qürurla nümayiş etdirən gənclərimiz üçrəngli bayrağımızla yanaşı, elə Prezidentimizin də dediyi kimi Türkiyə və Pakistanın da milli suverenlik rəmzi olan bayraqlarını iftixarla dalğalandırdılar.