Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin (AŞPA) “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.
Qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, sənədin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.
Qeyd edək ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnmişdir. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.
Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.
Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-ın səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib.