Saatlıya yeni təyin olunan icra başçısı Elmir Bağırov kimdir?
Lent.az xəbər verir ki, Elmir Məmməd oğlu Bağırov1980-ci aprelin 3-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxıl olub. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin “dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olub, 2006-cı ildə bitirib. 2008-ci ildə “Xəzər
regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc “siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi adı alıb. 2004- cü ildən Heydər Əliyev Fondun “azerbaijan.az” layihəsinin koordinatoru olub, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 2016-cı il aprelin 20-də Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışır. Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın “siyasi idarəetmə və politologiya” kafedrasında müəllim və 2012-ci ildən “beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında baş müəllim vəzifələrində çalışıb. 2017-ci ildən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir.