Ordumuzun apardığı anti-terror əməliyyatları nəticəsində İranla sərhədimiz tam nəzarətə götürüldü. Bu münasibətlə dövlətimizin başçısının həm Azərbaycan, həm də İran xalqını da təbrik etməsi ölkələrimiz arasında münasibətlərin yetərincə yaxşı olmasından xəbər verirdi.
Prezidentin ardınca İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla bütün sərhədinə nəzarəti bərpa etməsi münasibətilə dövlətimizin başçısına təbrik ünvanladı. Səfir özünün rəsmi "Twitter" hesabında yazdı: “Hörmətli cənab Prezident! İran və Azərbaycan arasındakı təqribən 760 km olan həmsərhəd ərazilər, əcnəbilərin və pis niyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq. İran xalqı Azərbaycan xalqının sevincinə sevinir”.
İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə bir neçə mülki vətəndaşın həlak olması və yaralanmasını hərbi cinayət adlandıraraq, sərt şəkildə pislədi:
“İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir. İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır".
Dünən isə Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Prezident bildirib ki, hazırda xalqımız Vətən müharibəsi aparır. Dövlətimizin başçısı onu da qeyd edib ki, döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan, Bərdədə mülk əhaliyə qarşı terror təşkil etməklə əxlaqsız addımlara əl atır, bizi durdurmaq istəyir Sitat: “Amma buna nail ola bilməyəcək”. Prezident qonağa onu da xatırladıb ki, demək olar ki, bütün şəhər və kəndlərimizdəki, qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. “Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz”.
Dövlətimizin rəhbəri iranlı qonağa onu da bildirib ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib, sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaradacaq, İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaq. Prezident Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmasını önə çəkərək, işçi qrupu yaradıldığını bildirib, İran tərəfindən də müvafiq qurumun yaradılmasını və obyektin birgə istismarı haqqında razılığa gəlinməsini qeyd edib. Dövlətimizin başçısı, eyni zamanda, İran Prezidenti Həsən Ruhaniyə təşəkkürünü çatdırıb və İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf etdiyini, tarixdə ən yüksək səviyyəyə qalxdığın xüsusi vurğulayıb.
Seyid Abbas Əraqçi isə öz növbəsində bildirib ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. “Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”. O, prezident Həsən Ruhaninin salamlarını da dövlətimizin başçısına çatdırıb.
Ümumiyyətlə, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları boyu İran Azərbaycanla mehriban dostluq və qonşuluq siyasətinə sadiqliyini nümayiş etdirib. Xüsusilə ərazi bütövlüyü məsələsində İranın mövqeyi prinsipialdır. Təsadüfi deyil ki, bir qədər əvvəl də, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Muhəmməd Hüseyn Baqiri bəyan etmişdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. O, qeyd etmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidi və İran bu mövzuda hər zaman Azərbaycanın yanındadır.