“Bərdə şəhərinə dünən hücum nəticəsində 21 nəfər həyatını itirib, 70-ə yaxın adam yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.
APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.
O bildirib ki, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir: “Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımlar həyata keçirirlər. Biz burada olmaqla və sizin həmrəyliyinizlə bir daha beynəlxalq ictimaiyyətə bu cinayətləri çatdırırıq ki, Ermənistanın əsl mahiyyəti, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu xislətini bütün dünya görmüş olsun. Bütün dünya görmüş olsun ki, sivil dünya ilə Ermənistan arasında nə qədər uçurum var və Bərdə şəhərinə olan hücum da bunun bariz nümunəsidir. Gördüyünüz kimi, burada hər hansı hərbi obyekt yoxdur. Onların məqsədi günorta saatlarında mülki insanları hədəfə almaq və qırğın törətməkdən ibarət idi. Bizim bu səfərimizdə Azərbaycan Respublikasının Baş prokuroru da iştirak edir, Bərdə şəhəri İcra Hakimiyyətinin rəhbəri də burdadır. Baş vermiş hadisə bilavasitə əyani sübutlarla diqqətə çatdıracağıq. Həmçinin buradan Tərtər şəhərinə də yola düşəcəyik. Biz qorxmuruq, onlar atəş açırlar və biz bu gün də öz cəsarətimizi, xalqımızla həmrəyliyimizi bir daha da onlara nümayiş etdiririk ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında biz Bərdədəyik bu gün, bundan sonra da Tərtər şəhərinə gedəcəyik, həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.