Ermənilərin Şimali Azərbaycana köçürülməsinə dair kitab çap olundu
21 avqust 2020 18:42 (UTC +04:00)

Ermənilərin Şimali Azərbaycana köçürülməsinə dair kitab çap olundu

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” adlı kitab çapdan çıxıb.

Tarix İnstitutundan Lent.az-a  verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.

Bu kitab Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi (ATİB) tərəfindən nəşr olunub. Kitabın müəllifləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli, texniki redaktoru isə ATİB-in sədri, dosent Mehri Xanbabayevadır. Bu əsər Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Müəlliflər əsərdə qeyd edirlər ki, XIX əsrin əvvəllərində çar Rusiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən həm Qacarlar İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə ermənilərin Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Bunun üçün burada öncə qanlı qırğın siyasəti yeridildi. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlərin – sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsi ilə burada əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirildi. Ermənilər və ermənipərəst qüvvələr bu tarixi nə qədər saxtalaşdırsalar da, çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, ermənilərin köçürülməsi ilə bağlı verilən təlimatlar, göstərişlər və digər sənədlər bu tarixi həqiqəti sübut edir!

Nəşrdə yazılır ki, Cənubi Qafqazın bugünkü faciəli tarixi erməni etnosunun bura köçürülüb gətirilməsi ilə daha doğrusu, çar Rusiyasının Qafqaz siyasəti ilə sıx bağlıdır. Ermənistan bu gün Cənubi Qafqaz üçün, bütövlükdə həm də region üçün ən ciddi təhlükə, münaqişə ocağıdır. Ermənistan həm də dünyada sülh üçün ciddi təhlükədir. Bu təhlükənin mənbəyi erməni millətçilərinin saxtalaşdırdığı tarix – “Böyük Ermənistan” uydurmasıdır.

Xatırladaq ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələr çərçivəsində ATİB tərəfindən “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” əsərləri nəşr olunub və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3094
avatar

Aygün İbrahimli

Oxşar yazılar