Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 9 oktyabr səhər saat 08 radələrindən başlayaraq Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
9 oktyabr saat 09 radələrində Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.