Britaniya Azərbaycanlıları Assosiasiyası Azərbaycanda baş verən hadisələrlə əlaqədar Britaniya mediasına açıq məktubla müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, məktubda bildirilib ki, işğalçı Ermənistan ordusunun sentyabrın 27-dəki hücumu ilə başlayan toqquşmalar Britaniyada yaşayan bütün azərbaycanlıları dərindən həyəcanlandırıb. Amma çox təəssüf ki, heç də bütün KİV-lər hadisələri olduğu kimi çatdırmayb. Bəzi KİV-lər əsl həqiqəti yaymaq əvəzinə Britaniya adalarının azadlıqsevər xalqına birtərəfli informasiyalar ötürməklə gerçəkləri təhrif edib və erməni təbliğatı üçün meydana çevrilib.
Məktubda Ermənistan tərəfindən qeyri-qanuni olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, Ermənistanın bu əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT-nin 4 qətnamə qəbul etdiyi, 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanı Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edən qüvvə kimi tanıdığı diqqətə çatdırılıb.
Soydaşlarımız Britaniya mediasını qərəzsiz və dəqiq olmağa, jurnalistikanın prinsiplərinə əməl etməyə çağırıb.