Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz aksiyası keçirib
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Vaşinqton şəhərində - Ağ evin qarşısında keçirilən aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini artilleriya atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib. Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.
Aksiyada Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak edib.
Azərbaycan, Türkiyə, Pakistan və Amerika bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət Himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın”, “Erməni işğalına son qoyun” və s. kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.