20 iyun seçkilərində 10 noyabr qalib gəldi
22 iyun 2021 11:30 (UTC +04:00)

20 iyun seçkilərində 10 noyabr qalib gəldi

Ermənistanda parlament seçkiləri bitdi. Seçkilər Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” siyasi seçki blokunun qələbəsi ilə başa çatdı. Paşinyanın partiyası 53,92 səs yığaraq Konstitusiya çoxluğu əldə etdi və hökuməti təkbaşına qurmaq şansı qazandı. Onun partiyası parlamentdə yerlərin 2/3-nə sahib ola bildi, bu isə 70-dən artıq deputat mandatı deməkdir. Artıq Paşinyan bəyan edib ki, o, kart-blanşı qazanıb və yeni hökuməti özü formalaşdıracaq. 

Parlament seçkilərində Koçaryan-Sarqsyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki,  “Qarabağ klanı”  da artıq Ermənistanda heç kəsə lazım deyil. Ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa və R.Koçaryan-S.Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə də məcbur etdi. Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyllərə yox deyir, o məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. 2016-cı ilin aprelində Azərbaycan ordusuna məğlubiyyət Sarqsyan rejiminin sonu oldu, 2020-ci il müharibəsində məğlubiyyət isə  revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdu. Prezident İlham Əliyev R.Koçaryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda darmadağın etdi. Onun “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” mesajı bir daha təsdiqlənmiş oldu. 
Son seçki göstərdi ki, məhv edilən yalnız bu cəlladların orduları deyil, eyni zamanda elektoratı idi. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrini Prezident İlham Əliyevin bölgədə həyata keçirdiyi siyasətin növbəti qələbəsi hesab etmək olar. Bir həqiqət də bəlli oldu ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Erməni xalqı yeni müharibədən qorxur və Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazırdır. 

Burda bir məqamı xüsusi qeyd edək; əvvəla, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artdı. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və  yüksək nüfuza malik ölkəyə çevrildi. Həyata keçirilən təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından  kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı. Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü.  Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə və dinc həyatını qura bilər. Paşinyan, eləcə də erməni cəmiyyəti 30 il ərzində intima etdiyi bir gerçəyi nəhayət ki, qəbul etməlidir. Bu ölkənin Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Paşinyan Azərbaycan və Türkiyə ilə anlaşmaq zorundadır. Reallıq belədi, qaçmaq fəlakətdi...

# 1974
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar