“Stratfor”: Qafqaz regionu çaxnaşmanın böhranla əvəz olunacağı ərəfədədir
27 may 2011 13:54 (UTC +04:00)

“Stratfor”: Qafqaz regionu çaxnaşmanın böhranla əvəz olunacağı ərəfədədir

“ABŞ-ın qlobal analitik şirkəti “Stratfor” “Millətlərin çətin sınağı: Qafqazda geosiyasət” adlı kitab buraxıb. APA-nın məlumatına görə, kitabda bildirilir ki, Qafqaz ərazisində üç tarixi imperiya - Rusiya, Persiya və Türkiyə - olub və bu imperiyalar sonradan respublikalara çevriliblər: “Rusiya yetmiş il özünü Sovet İttifaqı adlandırıb. Persiya isə İran olub. Adlar, ideologiyalar və talelər dəyişib, amma bu üç böyük dövlətin ümumi cəhətləri qalıb. Onlardan hər biri Qafqazın bir hissəsidir, amma Qafqaz regionundan kənarda böyük maraqları var və bu maraqlar onların Qafqazdakı davranışını idarə edir. Qafqaz bəzən hər üç dövlətin fikirlərinin, bəzən də gecikmiş fikirlərinin mərkəzinə çevrilir”.


Kitabda qeyd olunur ki, bu sabiq imperiyaları birləşdirən digər xüsusiyyət üçünün də inkişafda olan dövlət olmasındadır: “Türkiyə üç nəsil davam edən özünütəcriddən əl çəkərək, qonşularını öyrənməyə başlayıb. Bu, çətin prosesdir, ağrılıdır, səhvlərlə və uğursuzluqlarla doludur. Ankara taleyinin başqaları tərəfindən müəyyən edilməsindən bezib, amma başqa seçimi yoxdur, buna görə də yoluna davam edir. İran qonşuluğunda olan və Sovet İttifaqının dağılması, ABŞ-ın İslam dünyasında apardığı müharibə ilə zəifləyən ərazilərə nüfuz etməyə çalışır. Daxili və xarici təhlükəsizlik məsələsində region dövlətləri arasında tək qalan İranın genişlənməyə imkanı çoxdur. Postsovet məkanını dağılması başa çatıb, Rusiyanın tənəzzülü hələ bir on il də baş verməyəcək və bu da Rusiyanın gücünü periferiyalarına yaymasına kömək edəcək, bu periferiyalar müqavimət göstərə bilmir və proses Rusiya özü geri çəkilənə kimi davam edəcək. Hər üç dövlətin diqqət obyektləri günün tələbi ilə dəyişir, amma Qafqaz müntəzəm olaraq onların diqqət mərkəzindədir”.


Müəlliflər vurğulayıb ki, Qafqazda bu üç iri dövlətdən başqa kiçik və zəif dövlətlər var: “Bu dövlətlər Azərbaycan, Ermənistan və Gürcüstandır. Onlar qədim dağ mədəniyyətləridir və bu günə qədər ona görə gəlib çıxıblar ki, sərt dağlar xarici müdaxiləçilərə qarşı sipər olub. Ötən əsrdə çar Rusiyası, sonra da Sovet İttifaqı bu üç dövləti işğal edib. Ruslar sərhədləri dəyişiblər, əhalini köçürüblər, mədəniyyətləri dəyişməyə məcbur ediblər, amma Qafqaz xalqlarının özünüdərk hissini məhv edə bilməyiblər. Qəribə də olsa, bu dağ mədəniyyətləri güzəştə gedə-gedə müdafiə olunublar. Qafqaz millətləri onları bir-biri ilə vuruşduran Siyasi Büro oyunlarını eyni amansızlıqla oynayıblar. Gürcülər ruslara hətta İosif Stalini veriblər.

Hər bir Qafqaz dövləti regiondakı başqa ölkələrin əhalisinin parçalarını saxlayır və hər birinin tərkibində kiçik qruplar – daha qədim millətlərin parçaları var. Bu millətlərə məxsus olanlar, onlardan oğurlananlar barədə iddialar əsrlər boyu davam edib. Dünən və min illər əvvəlki dövr eyni aydınlıqla xatırlanır. Mədəniyyətlərin qədimliyi indiki münaqişələri doğurub”.

Kitabda qeyd olunur ki, azərbaycanlıların yaşadıqları torpaqların əksər hissəsi farslar tərəfindən işğal olunub və bu millətin böyük hissəsi İranda yaşayır: “Ermənistan 1915-ci il hadisələrinə görə Türkiyədən təzminat almaq iddiasındadır. Azərbaycanlıların da ermənilərə qarşı eyni iddiası var. Bu qədim tarix deyil. Gürcüstan Rusiya ilə 2008-ci ildə müharibə edib, ermənilər və azərbaycanlılar yeni müharibənin astanasındadır, İran mütəmadi olaraq Azərbaycana müdaxilə edir.

Region üç böyük dövlətin nəzarətində olanda sabitliyə daha meyllidir, nəinki üç kiçik dövlətin müstəqil olmasına. Boğucu işğal kiçik dövlətlərin seçimini məhdudlaşdırır. Bu üç kiçik dövlət müstəqil olduqda öz ərazilərində kiçik qrupların yaşadığı bölgələri təmizləməyə, bir biri ilə və daha böyük dövlətlərlə rəqabət aparmağa cəhd göstərir. Münaqişələr böyük dövlətlər üçün həm problem, həm də imkan yaradır. Müharibələr qüvvələrin tarazlığı oyununda taktikaya çevrilir”.


Kitabda qeyd olunur ki, region çaxnaşmanın böhranla əvəz olunacağı bir ərəfədədir: “Görürük ki, Rusiyanın Şimalı Qafqazda mövqeləri möhkəmdir, amma islamçı və millətçi qiyamçıların təhdidləri getdikcə artır. İran və Azərbaycan arasında zəif də olsa, gərginlik var, çünki İranın şimal-qərbi etnik olaraq Azərbaycandır və Tehranla Bakı kəskin fərqlənən baxışlara malikdirlər. Türkiyə və İran qarşıdurmaya meyllidir, Ermənistanla Türkiyə arasında qeyri-müəyyən qarşıdurma var. Ermənistan və Azərbaycan arasında münaqişənin gələcəkdə müharibəyə çevrilmək qorxusu var. Rusiya Gürcüstan dövlətini parçalayıb. Gürcüstanın mövqeyi isə oyuna qoşulmaq arzusunda olan hər hansı bir xarici dövlət üçün açıqdır.

Münaqişələr üçün kifayət qədər imkan var, amma onların nə vaxt başlayacağını qabaqcadan söyləmək mümkün deyil. ABŞ-ın İranla münasibətləri pis, Rusiya ilə soyuqdur, Türkiyə ilə isə münasibətlər korlanıb”.

Qeyd edək ki, “ABŞ-ın qlobal analitik şirkəti “Stratfor”un Azərbaycandakı tərəfdaşı APA İnformasiya Agentliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar