İsa Qəmbər: “Demokratik qüvvələr dialoqun tərəfdarıdır” – MÜSAHİBƏ
27 may 2011 13:03 (UTC +04:00)

İsa Qəmbər: “Demokratik qüvvələr dialoqun tərəfdarıdır” – MÜSAHİBƏ

- İctimai Palatanın Koordinasiya Şurasının mitinqlə bağlı bir deyil, iki tarix təklif etməsi nə ilə əlaqədardır?

- İctimai Palata aprelin sonunda keçirilən sessiyada kütləvi tədbirlərin davam etdirilməsi barədə qərar qəbul etmişdi, sadəcə gün müəyyənləşməmişdi. Ötən müddət ərzində məsləhətləşmələr nəticəsində kütləvi tədbirlərin iyunun ortalarında davam etdirilməsi fikri formalaşıb. Həmin təklif də mayın 27-də sessiyada müzakirəyə çıxarılacaq. Aksiya ilə bağlı qərarı sessiya verəcək. İki tarix təklif edilməsində prinsipial bir məqam yoxdur.

- Aksiyanın keçirilməsinə icazə verilməsə, İctimai Palata razılaşdırılmamış aksiya keçirəcəkmi?

- Biz təbii ki, Bakı şəhər rəhbərliyinə müraciət edəcəyik və Konstitusiya hüququmuzu reallaşdırmaq istədiyimizi bildirəcəyik. Düşünürəm ki, hakimiyyət də bu inadkarlığa son qoyub, vətəndaşların Konstitusiya hüquqlarının bərqərar olmasına imkan yaratmalıdır. Bu dəfə hakimiyyət daha düzgün qərar qəbul edə bilər. Əgər hakimiyyət yenə də israra davam edəcəksə, təbii ki, İctimai Palata özünün dinc kütləvi tədbirlər keçirmək hüququnu reallaşdıracaq.

- Hakimiyyət-müxalifət dialoqu məsələsində hakimiyyət nümayəndələri də, müxalifət təmsilçiləri də daim dialoqa hazır olduğunu bəyan edir. Real dialoqun aparılması üçün təşəbbüs hansı tərəfdən gəlməlidir?

- Söhbət ondan getmir ki, kim təşəbbüs göstərməlidir. Söhbət dialoqa hazır olmaqdan gedir. Əslində kifayət qədər aydın görünür ki, demokratik qüvvələr bütövlükdə cəmiyyətdə, o cümlədən hakimiyyətlə müxalifət arasında dialoqun tərəfdarıdırlar. Ona görə də hesab edirəm ki, top hakimiyyət meydanındadır. Təəssüf ki, hakimiyyət dialoqa hazır görünmür. Amma hər günün öz hökmü var, bəlkə düşünüb-daşınıb, düzgün qərar qəbul edəcəklər.

- Bir müddət əvvəl AXCP ilə Müsavat Partiyası arasında müəyyən fikir ayrılığı yaranmışdı, xüsusən İctimai Palatanın sonuncu iclasında müəyyən mübahisələr oldu. Hazırda bu iki partiyanın münasibətləri necədir?

- Normal münasibətlər var. Mitinqlərin davam etdirilməsi ilə bağlı heç bir fikir ayrılığı yox idi. Sadəcə, zaman məsələsində fərqli fikirlər səslənirdi. O da təbii proses idi. İndi artıq göründüyü kimi, növbəti mitinqin zamanı ilə bağlı da mövqelər eynidir. Yəni, hər şey qaydasındadır.

- AXCP ilə Müsavat Partiyasının birləşməsi məsələsi mətbuatda müzakirə olunarkən, Siz müxalifətin daha geniş formatda birləşməsinin tərəfdarı olduğunuzu demişdiniz. Həmin format İctimai Palata sayıla bilər, yoxsa o təklif qüvvədə qalır?

- Mənum təklifim, istəyim demokratik düşərgənin toparlanmasıdır. Demokratik düşərgənin toparlanmasının müxtəlif variantları ola bilərdi. Görünən odur ki, İctimai Palata formatında toparlanmaq daha uğurlu proyektdir və çox uğurla da davam edir.

- Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Qurban Məmmədov deyib ki, “səkkizlər”in - Klassik Xalq Cəbhəsi, AMİP, Ümid, Liberal, Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi, Müsavat, Demokrat partiyalarının sədrlərinin görüşündə İsa Qəmbər iştiraka razılıq vermədi. O iddia edib ki, Siz şərt irəli sürmüsünüz, Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat mandatından imtina etməsindən sonra “səkkizlərin” görüşünün baş tutmasının mümkün olduğunu söyləmisiniz...

- Mən belə bir şərt səsləndirməmişəm. Mövzular burada bir-birinə qarışdırılır. Dediyim kimi, İctimai Palata demokratik düşərgənin toparlanma formasıdır. Biz heç bir partiyaya, heç bir şəxsə burada yasaq qoymamışıq. Sadəcə olaraq, İctimai Palata 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkiləri nəticəsində formalaşdırılmış parlamentin buraxılması və yeni seçkinin keçirilməsi ideyası əsasında yaranmış qurumdur. Üzvlərin Palataya qəbulu da bunun məntiqindən çıxaraq həll olunur. Bu məsələdə də bildiyim qədər İctimai Palatanın Koordinasiya Şurasının mövqeyi kifayət qədər ortaq bir mövqedir, kəskin fərqli mövqelər yoxdur.

- ADP sədri Sərdar Cəlaloğlunun bildirdiyinə görə, Lalə Şövkət müxalifətin Müsavat Partiyası və AXCP-siz yeni birliyinin yaradılmasını təklif edib. Buna münasibətiniz necədir?

- Mən də sizin kimi bu açıqlamaları mətbuatdan izləyirəm.

- Münasibət bildirmək istəmirsiniz?

- Mətbuatda gedən bütün açıqlamalara münasibət bildirməyə ehtiyac duymuram.

- Müsavat Partiyasından gedən, lakin sonradan qayıdan şəxslərdən Adil Qeybullanın partiyada indiki statusu nədir?

- Önəmli olan odur ki, Adil Qeybulla partiyaya döndü və Müsavat da onu qəbul etdi. Qalanı texniki detallar, texniki məsələlərdir.

- Müsavat Partiyasının qurultayı deyəsən bir qədər gecikir. Bu nə ilə əlaqədardır?

- Müsavat Partiyasının qurultayı hər zaman yüksək səviyyədə keçirilib və hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. İndi də elədir. Biz qurultaya ciddi hazırlaşırıq və rayonlarda təşkilatlarımızın konfransları, yığıncaqları keçirilir. Bu proses davam edir. Təbii ki, müəyyən çətinliklər də var. Bu çətinliklərin bir hissəsi siyasi partiyalara qarşı yaradılmış maneələr, həyata keçirilən həbslərdir. Müsavat Partiyasının önəmli insanları, xüsusən Arif Hacılı, gənclər həbsdədir. Eyni zamanda, yerlərdə də bizim konfranslara, ümumi yığıncaqlara müəyyən problemlər yaradılır. Ancaq ümumən proses davam edir, rayon təşkilatlarımızın bir hissəsində konfranslar tamamlanıb. Rayon təşkilatlarının əksəriyyətində proses tamamlanandan sonra qurultayın konkret günü ilə bağlı qərar veriləcək.

- Qurultay bu ilin sonunadək keçiriləcək?

- Düşünürəm ki, mümkün qədər tez keçiriləcək. Biz ilin sonunu gözləmək fikrində deyilik.

- Müsavat Partiyasının başqanlığına ən iddialı şəxslərdən olan Arif Hacılı hazırda həbsdədir. Əgər həbsdəki şəxslər qurultaya qədər azadlığa çıxmasalar, başqanlığa namizədliklərini irəli sürə biləcəklərmi?

- Burada təbii ki, müəyyən məqamlar var. Həbsdə olmaq heç bir müsavatçının başqan seçilmək hüququnu məhdudlaşdıra bilməz. Amma biz istərdik ki, Arif bəy də, digərləri də tezliklə azadlıqlarına qovuşsunlar ki, bu prosesdə bilavasitə iştirak etsinlər.

- Keçən ilin dekabr ayında jurnalistlərlə görüşünüzdə növbəti qurultayda partiya başqanlığına namizədliyinizi irəli sürməyəcəyinizi bəyan etmişdiniz...

- Mənim mövqeyim hər müsahibədən-müsahibəyə dəyişən mövqelərdən deyil.

- Başqanlıq üçün Sizin öz namizədiniz varmı?

- Müsavat Partiyasının kifayət qədər təcrübəli, yetkin siyasətçiləri var və əminəm ki, partiya özünün ən yaxşı nümayəndələrindən birini seçəcək.

- Ordudan tərxis edilmiş oğlunuz İlkin Qəmbərin səhhəti necədir, hazırda harada müalicə olunur?

- Artıq tədricən səhhəti qaydasına düşür. Onun səhhətindəki problemlər ürək-damar sistemi ilə bağlı o tipli problemlərdəndi ki, müəyyən ağır şəraitlərdə artır, nisbətən sakit şəraitdə isə xəstəlik sakit davam edən formada olur. İndi o, müayinə mərhələsindədir. Müayinə yekunlaşdıqdan sonra müalicənin harada, hansı formada davam etdirilməsinə qərar verəcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar