Xaricdə Təhsil Alan və Məzun Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu –
16 mart 2011 17:15 (UTC +04:00)

Xaricdə Təhsil Alan və Məzun Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu –

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Avropa Şurası Gənclər Mərkəzində keçirilən tədbirə 25 ölkədən 250 azərbaycanlı gənc qatılıb. ASAİF-dən APA-ya verilən məlumata görə, tədbir azərbaycanlı gənclərin bilik və bacarıqlarını artırmaq, şəbəkələşmə, lobbiçilik və diaspora fəaliyyətlərində aktiv iştirakla yanaşı müxtəlif mövzularda dövlət, media və biznes nümayəndələrindən yeni təcrübələrin öyrənilməsi və gələcək 10 ildə Azərbaycan Respublikasının davamlı inkişaf yolunda bu təcrübələrdən istifadə üçün təşkil olunub. “Müstəqilliyimiz 20, Baxışlar 2020” devizi altında keçirilən tədbirdə iştirak hüququ qazanmış tələbələrin seçim prosesi forumda iştirak etmək üçün müraciət edən 40 fərqli ölkədə təhsil alan və məzun olmuş 800-dən artıq müraciətçi arasından edilib. Forumda iştirak edən azərbaycanlı gənclər dünyanın ən aparıcı universitetlərində təhsillərini davam etdirməklə yanaşı müvəqqəti yaşadıqları ölkədə Azərbaycanın maraqlarını təbliğ etmək, keçirilən aksiyalarda aktiv fəaliyyətləri ilə seçilib. Forum çərçivəsində iştirakçılar ASAİF təşkilatının yaranma səbəbləri, bu yolda görülən işlər, Vətənimizin maraqların qorunması yolunda Azərbaycan gəncliyi üçün hazırlanmış tədbirlər və strategiyalar haqqında məlumatla tanış olublar. Bununla yanaşı iştirakçılar birbaşa olaraq dövlət rəsmiləri, səfirlər, media və biznes nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları”, “İnsan kapitalı – Azərbaycanın inkişaf prioriteti”, “Gənclik və İctimai Diplomatiya”, “Azərbaycançılıq- Gələcək naminə birlik” adlı dörd fərqli panel zamanı yeni fikirlərin yaranması və onların tətbiqi yolları haqqında fikirlərlə tanış oldular və eyni zamanda müstəqil fikirlərini belə bir platformada səsləndirmə imkanı əldə ediblər.


ASAİF-in təşkilatçılığı və Azərbaycan Hökumətinin dəstəyi ilə keçirilən forumun iştirakçıları Avropa Gənclər Mərkəzində qeydiyyatdan keçdikdən sonra Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovun 10 mart tarixində qeyri rəsmi salamlama mərasimi və qısa nitqi ilə qarşılanıblar. Daha sonra tədbir iştirakçıları xüsusi hazırlanmış milli mətbəxin təamları ilə bəzədilmiş şam yeməyinə dəvət ediliblər.



11 mart tarixində media nümayəndələrinin də iştirakı ilə Avropa Gənclik mərkəzinin ən böyük konfrans zalında başlayan tədbir ASAİF sədri Orxan Əkbərovun salamlama nitqi ilə başlayıb. Daha sonra açılış mərasimi ASAİF baş katibi Mikayıl Yusifovun ASAİF-in gələcək fəaliyyəti və əməkdaşlıq strategiyası haqqında məlumatı ilə davam edib. Açılışda millət vəkili Ceyhun Osmanlının, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərhad Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vaqif Seyidbəyli, ASAİF həmtəsisçiləri Rüfət Əzizov, Elkin Nurməmmədov və Ülkər İsayevanın çıxışları və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.



Günün ilk yarısı Strasburq forumu iştirakçılarının ailə fotosu çəkilişi ilə davam edib.
Günün ikinci hissəsi ASAİF sədri Orxan Əkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi Komitəsinin sədri, AŞ PA Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, Türkiyənin AŞ yanında daimi nümayəndəsi, Avropa Nazirlər Komitəsinin sədri Daryal Batıbay, AŞ-ın Təhsil, mədəniyyət, irs, gənclər və idman komitəsi üzrə baş direktoru Gabriella Battaini-Dragoni, Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədri Bəhram Xəlilov, TürkPA-nın baş katibi Ramil Həsənov və digər şəxslərin çıxışları ilə davam edib. Rəsmilərin çıxışları forum iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.


Tədbir daha sonra Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının (AMOR) təqdimatı və birliyin sədri Leyla Əliyevanın forum iştirakçılarına ünvanlanan təbrik məktubu ilə davam edib. Bununla yanaşı “Xocalıya Ədalət!” kampaniyasının təmsilçisi Nicat Məmmədli bu kampaniya haqqında, ABŞ-da fəaliyyət göstərən “Qarabağ Fondu”nun təmsilçisi Tural Kərimli isə fondun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış türkiyəli jurnalist Cem Oğuz tərəfindən çəkilən “Qaçqın: Anar Usubovun uzun səyahəti” adlı film tələbə və iştirakçılarına diqqətinə təqdim olunub.
Çıxış zamanı filmin müəllifi Cem Oğuz belə bir ekran əsəri yaratmaqda əsas məqsədinin Xocalıda baş verənləri bütün dünyaya yaymaq olduğunu bildirib.



Günün sonunda forum iştirakçıları şam yeməyi və Azərbaycan DJ-lər Assosiasiyasının sədri Mənsur Əhmədovun ifasında mədəni əyləncəli proqramın iştirakçısı olublar. Forum iştirakçıları yeni şəbəkələrin qurulması və tələbələr tərəfindən müvəqqəti yaşadıqları ölkələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə 11 mart proqramları başa çatıb.


12 mart tarixində - tədbirin rəsmi hissəsinin ikinci günündə isə proqram xüsusi olaraq əvvəlcədən planlanmış 4 fərqli panel üzrə davam edib.
İlk panel “Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları” mövzusunda olan müzakirələr - AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi və Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Azərbaycan Mərkəzi Bankının kommunikasiya departamentinin direktoru Rüfət Abbasov, ASAİF həmtəsisçisi, “Xocalıya Ədalət!” kampaniyasının təmsilçisi Nicat Məmmədli, Xəzər Mühəndislər Cəmiyyətinin icraçı sədri Rüfət Əzizov və İctimai Televiziyanın şöbə müdiri Anar Yusifoğlunun qonaq qismində iştirakları ilə başlayıb. Panel ərzində Azərbaycanı beynəlxalq arenada ən effektiv şəkildə təmsilin yolları və bu prosesdə şəbəkələşmənin vacibliyi haqqında qonaqlar və forum iştirakçıları arasında maraqlı diskussiyalar baş tutub. Eyni zamanda Azərbaycanın dünya mediasında daha effektiv təbliğ etməyin yolları birgə müzakirə edilib.



İkinci panel “İnsan kapitalı – Azərbaycanın inkişaf prioriteti” mövzusuna həsr olunmuş və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun rəhbərliyi ilə Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlının moderatorluğu ilə davam edib. Panelin qonaqları qismində Elmar Qasımov, Bəhram Xəlilov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi cənab Elxan Məmmədov və ASAİF həmtəsisçisi, ASAİF İdarə Heyətinin üzvü, Azərbaycan Diplomatiya Akademiyasının baş müəllimi Elkin Nurməmmədovun İnsan kapitalının Azərbaycanın davamlı inkişafında önəmi və bu mövzuda gənclərin fikirləri ilə davam edib.


Üçüncü panel mövzusu “Gənclik və İctimai Diplomatiya” Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Diplomatiya Akademiyasının dekanı Fariz İsmayılzadənin moderatorluğu ilə davam edib. Qonaq qismində iştirak edən Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Milli Məclisin deputatı Fuad Muradov, TürkPA-nın baş katibi Ramil Həsənov, News.az portalının baş redaktoru, Yurd.tv-nin direktoru Elnur Baimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədri Şahin İsmayılovun gənclərin ictimai diplomatiya sahəsində bilik və bacarıqlarının artırılması, gənclər tərəfindən bu mövzuda atılan addımların qısa xülasəsi və gələcəkdə izlənməli yolların sağlam təməlləri barədə ətraflı müzakirələr baş tutub.
Sonuncu panel zamanı isə nazir Azad Rəhimovun rəhbərliyi və Prezident Administrasiyasının baş məsləhətçisi Fərhad Məmmədovun moderatorluğu ilə “Azərbaycançılıq- Gələcək naminə birlik” adlı mövzu müzakirə olunub. Xəzər Universiteti İdarə Heyətinin sədri Hamlet İsaxanlı, BMT-nin "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev, “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi, “Garant Sığorta”nın direktoru Vaqif Həsənov, “Trend” və day.az xəbər agentliklərinin direktoru İlqar Hüseynovun qonaq qismində qatıldığı panel Azad Rəhimovun gənclərin Azərbaycanının uğurlu gələcəyi naminə birləşməsinin vacibliyindən və bu yolda atılan addımlara və Azərbaycançılığın təbliğində maraqlı gənclərə xüsusi təşəkkürünü bildirib. Panel zamanı həmçinin müstəqilliyimizin 20 ili ərzində keçilən çətinliklər və doğru istiqamətlənmiş ideologiyanın vacibliyi forum iştirakçıları tərəfindən təqdirlə qarşılanıb.


Daha sonra ASAİF Strasburq forumu gənclərin Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Avropa İttifaqı və Belçikadakı səfiri Emin Eyyubov, Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfir Fəxrəddin Qurbanv, Almaniyadakı səfir Pərviz Şahbazov, Niderlanddakı səfir Fuad İsgəndərov və Macarıstandakı səfir Vilayət Quliyevlə görüşü ilə davam edib. Səfirlərin təqdimatından sonra görüş gənclərin maraq dairəsindəki sualların cavablandırılması, səfirlərin iş təcrübələrinin paylaşılması, fikir mübadiləsi və Azərbaycanın müxtəlif ölkələrdə “mənəvi səfirləri” olan gələcək diplomatlara tövsiyələri ilə başa çatıb.


Forumun yekunu Strasburq şəhərində “Hilton” hotelində təşkil olunmuş şam yeməyi və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın və “Jazz” qrupunun ifasında konsert proqramı və pianoçu Emil Əfrasiyabın ifası ilə yadda qalıb. Yekun tədbirdə ASAİF tərəfindən 2010-cu ildə fəallığı ilə fərqlənən gənclərə 4 nominasiya üzrə “Yaxşıların yaxşısı” plaketləri təqdim olundu. “Ən yaxşı şəbəkə qurucusu” adına York Universitetinin tələbəsi Ramin Hakimov, “Ən fəal tələbə” adına Mançester Universitetinin tələbəsi Raul Gülməmmədov, “Ən yaxşı layihə” adına Türkiyənin “Birlik” təşkilatının Xocalı Soyqırımına həsr olunan layihəsi, “Ən peşəkar gənc” adına isə mühəndis Vüqar Səmədli layiq görülüb. Daha sonra ASAİF tərəfindən layihənin həyata keçirilməsində dəstək olmuş qurumlara “Təşəkkür Plaketləri” təqdim edilib.


Qeyd olunub ki, 3 gün davam edən bu tədbir gənclərimiz arasında yeni əlaqələrin qurulmasında və gələcək şəbəkələşmə üçün atılan ilk addımlara təkan olmaqla yanaşı, yeni fikir məktəbi, gələcək liderlərin inkişafında xüsusi addım olaraq iştirakçıların xatirəsində və gələcək fəaliyyətlərində xüsusi rola malik olacaq. Tədbir zamanı dünyanın ən önəmli universitetlərində təhsil alan və məzun olmuş gənclərin aktivliyi, vətənə sevgisi və gələcək fəaliyyətlər üçün əvvəlcədən göstərilən əzmkarlığı xüsusi olaraq qeyd olunub. Bu isə öz növbəsində Azərbaycanın 2020-ci il inkişaf hədəfinə çatmaqda gənclərin vacibliyini və parlaq gələcəyin qaçılmaz olduğunu göstərməkdədir. Tədbir iştirakçıların xüsusi arzusu isə bu kimi tədbirlərin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra Xankəndi, Şuşa və Laçın kimi torpaqlarımızda keçirilməsi və o torpaqlarda böyüyəcək gənclərin dövlətimizin suverenliyini və inkişafını qoruyacaq fərdlər olaraq yetişməsi olub. Bildirilib ki, bu tədbir xaricdə təhsil alan və məzun olmuş Azərbaycan gəncləri arasında olan əlaqələrin gücləndirilməsi və Azərbaycanın sürətli inkişafı naminə daha güclü bir insan kapitalının formalaşması baxımından müstəsna əhəmiyyət daşıyacaq, gənclərimizin milli birlik və dövlətçilik ideyası ətrafında konsolidasiyasında xüsusi təkan olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar