“Sənayecihaz” bu il 5 adda yeni növ müdafiə təyinatlı məhsul istehsal edəcək
03 mart 2011 17:39 (UTC +04:00)

“Sənayecihaz” bu il 5 adda yeni növ müdafiə təyinatlı məhsul istehsal edəcək

APA-nın xəbərinə görə, prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edib.

Müdafiə sənayesi naziri Yavər Camalov müəssisədə aparılan yenidənqurma tədbirləri barədə dövlət başçısına məlumat verib. Nazir son 2 ildə müəssisədə 6,5 min kvadratmetrlik istehsalat sahəsi, inzibati binaların yenidən qurulduğunu, infrastrukturun müasirləşdirildiyini, əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirildiyini deyib.

Səhra şəraitində xidməti heyət üçün zəruri olan bir sıra avadanlıqlar dövlət başçısına təqdim olunub. Məlumat verilib ki, yedəyə qoşulan su təmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli su vəziyyətinə gətirir. Mükəmməlliyi ilə fərqlənən bu qurğu öz-özünü təmizləmə xüsusiyyətinə malikdir. Yedəyə qoşulan mini çörək sexinin də səhra şəraitində olduqca vacib əhəmiyyət kəsb etdiyi, bu sexdə 1 saatda 1000 ədəd 100 qramlıq, 500 ədəd isə 200 qramlıq çörək bişirməyin mümkünlüyü vurğulanıb.

Mini çörək sexini xidməti heyətdən 2 nəfərin işlətməsi yetərlidir. Səhra mətbəxi 400 nəfər üçün nəzərdə tutulub. Bu mətbəxdə 2 saat ərzində 4 çeşiddə yemək hazırlamaq mümkündür. Ehtiyac olarsa, səhra mətbəxində su təmizləyən və çörək bişirmək üçün avadanlıq da quraşdırmaq olar. Bu qurğu 400 nəfərin qidalanması üçün bütün zəruri avadanlıq və mətbəx əşyaları ilə təchiz edilib. Səhra sanitar qovşağı da müasirliyi və praktiki xüsusiyyətləri ilə seçilir. Həmin qurğu 1 saatda 2 ton 500 litr suyu isidir. Hər saatda 45 nəfər kondisioner sistemi ilə də təchiz olunan bu qovşağın xidmətindən istifadə edə bilər. Bütün bu qurğuların dizel yanacağı ilə də işləməsi olduqca vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev yenidən qurulan müəssisəni işə salıb. Dövlət başçısı müəssisə barədə qısa filmə baxıb.

Qeyd edək ki, “Sənayecihaz” Elm-İstehsalat Mərkəzi 1956-cı ildə yaradılıb. Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə bu müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra “Sənayecihaz” Elm-İstehsalat Mərkəzinin istehsal sahələrinin bərpa olunması və yenidən qurulması üçün kompleks tədbirlər reallaşdırılıb.

Dövlət başçısı müəssisədə istehsal olunan məhsulların sərgisi ilə tanış olub.

Bu məmulatların ən müasir standartlara cavab verdiyi və rəqabətə davamlıdır.

Prezident İlham Əliyevə bildirilib ki, 2008-2010-cu illərdə “Sənayecihaz” Elm-İstehsalat Mərkəzində 56 müasir avadanlıq quraşdırılıb. Bu avadanlıqların bir qismi ən son elmi-texniki yeniliklərə əsaslanan proqram təminatlı dəzgahlardır. Bunlar universal torna, frez, lazer kəsmə və pardaqlama dəzgahları, həmçinin, şaquli emal mərkəzi, hidravlik presslər, kompressorlar və digər avadanlıqlardır.

Yeni yaradılan istehsal sahələrində seysmik prinsipli mina partladıcısının və MON tipli piyada əleyhinə qəlpəli minaların istehsalı nəzərdə tutulub.

Son 2 ildə əvvəlki illərlə müqayisədə “Sənayecihaz” Elm-İstehsalat Mərkəzində müdafiə təyinatlı məmulatların istehsalı bir neçə dəfə artıb. 2010-cu ildə müəssisədə seysmik prinsipli mina partladıcısının və bir neçə adda yaxın məsafəli döyüş vasitələrinin ehtiyat hissələrinin istehsalı həyata keçirilib. Güc strukturlarının sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilib.

Prezident İlham Əliyevə yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.

Qeyd olunub ki, 2011-ci ildə müəssisədə 5 adda yeni növ müdafiə təyinatlı məhsul istehsal olunacaq. Həmin məmulatlardan qəlpəli minaları, komanda-qərargah maşınları üçün mikrotelefon və qarniturları misal göstərmək olar.

Dövlət başçısına bildirilib ki, yaxın müddətdə istehsalın 2010-cu ilə nisbətən 3 dəfədən çox artırılması proqnozlaşdırılır. Bundan başqa, müəssisədə neft sənayesi üçün maye sayğacı, adi və smart kartla işləyən qaz və su sayğacları, sərfiyyatölçən və digər mülki təyinatlı məhsulların istehsalının genişləndirilməsi qarşıya məqsəd qoyulub. Yaradılan yeni istehsal sahələrində əlavə olaraq 70 yeni iş yeri açılacaq və beləliklə işçilərin ümumi sayı 250 nəfərə çatdırılacaq. Kompleks yenidənqurma tədbirləri işçilərin orta aylıq əmək haqqının artırılmasına da münbit imkan yaradır.

Yenidənqurma tədbirləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb, ölkəmizin müdafiə sənayesinin potensialının daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
# 967

Oxşar yazılar