Silahlı Qüvvələrin yeni strukturu bir neçə aya təsdiqlənəcək
16 noyabr 2009 14:33 (UTC +04:00)

Silahlı Qüvvələrin yeni strukturu bir neçə aya təsdiqlənəcək

Bu ilin sonu, gələn ilinin birinci rübünədək Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun yeni struktura keçidi başa çatacaq. Silahlı Qüvvələrin aşağı eşelonunda, xüsusilə də briqadalar və korpuslar səviyyəsində bu işlərin bir neçə il əvvəl keçirilməsinə baxmayaraq yuxarı eşelon – Müdafiə Nazirliyi və Baş Qərargahda bu işlər artıq bir neçə aydır ki reallaşıb. Bu ilin yayında Müdafiə Nazirliyinin mərkəzi aparatı J strukturuna keçib. Lent.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumatlara görə, bu ilin sonu, gələn ilin fevral ayınadək yeni strukturun hökumət tərəfindən təsdiqi və nazirliyin əsasnaməsində dəyişiklik aparılması nəzərdə tutulur.

Xatırladaq ki, iyun-iyul aylarında aparılmış islahatlar nəticəsində Silahlı Qüvvələrin Baş Qərargahında və Müdafiə Nazirliyinin mərkəzi aparatında bəzi dəyişikliklər edilərək yeni strukturlar yaradılıb. Müdafiə Nazirliyinin Əməliyyat İdarəsi böyüdülərək Baş Əməliyyat İdarəsinə çevrilib və bu quruma indiyədək ayrılıqda fəaliyyət göstərmiş bir sıra idarə, şöbə, bölmə və xidmətlər, o cümlədən informasiya idarəsi daxil edilib. Tərbiyəvi İşlər İdarəsinin əvəzinə isə Şəxsi Heyət üzrə Baş İdarə adlı struktur yaradılıb. Yeni idarəyə Müdafiə Nazirliyi aparatında ayrı-ayrı fəaliyyət göstərmiş bir sıra idarə və şöbələr daxil edilib. Həmçinin Respublika Hərbi Komissarlığının şəxsi heyətlə iş üzrə şöbəsi, maliyyə bölməsi, rabitə bölməsi və 5-ci bölməsi ləğv edilib.

NATO mənbələrinin məlumatına görə, Azərbaycan müdafiə sektorunda islahatları kiçik gecikmə ilə olsa da nəzərdə tutulan vaxtda tamamlayıb. J strukturuna keçid prosesi Şərqi Avropa və Baltik ölkələrinin təcrübəsi nəzərə alınmaqla həyata keçirilib. Yəni Baş Qərargah üzərində Müdafiə Nazirliyinin rəhbər üstünlüyü saxlanılıb.

NATO ilə icra olunan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində silahlı qüvvələrin digər növlərində də islahatlar yekunlaşma ərəfəsindədir. Azərbaycan - NATO əməkdaşlığı üzrə Dövlət Komissiyasından Lent.az-a daxil olan məlumata görə, islahatlar planının tərkib hissəsi olaraq Sərhəd Qoşunlarında müqaviləli heyətə keçid başlanıb və yaxın 3 ilə Sərhəd Qoşunlarının hərbi qurumdan sərhəd polisinə transformasiyasının başa çatdırılması nəzərdə tutulur. Daxili Qoşunların jandarma sisteminə keçidi də bu müddətə tamamlanmalıdır.

İslahatların 2010-cu ilin əvvəlindən başlayan növbəti mərhələsi “texniki islahatlar” adlanacaq və Silahlı Qüvvələrin texniki yeniləşməsini əhatə edəcək. Bu çərçivədə Silahlı Qüvvələrin əsasən inventarı yeniləşdiriləcək və keçmiş sovet ordusundan qalma texnika və silahlar müasir, qərb ölkələrinin arsenalında olan silah və texnikalarla əvəz ediləcək. Bu çərçivədə hərbi donanmanın və aviasiyanın yeniləşdirilməsi prioritet olacaq.

Standartlara keçid üzvlükdürmü?

Bəzən NATO standartlarına keçidi NATO-ya üzvlük istiqamətində atılmış addım kimi qiymətləndirirlər. Amma əslində belə deyil. Ekspertlərin fikrincə, hazırda NATO standartları dünyada ən müasir hərbi standartlar hesab olunduğundan bir sıra ölkələr, o cümlədən Avstraliya, Azərbaycan, İsrail, Misir, həmçinin bitərəf ölkə sayılan İsveç və Finlandiya öz ordularında bu standartları tətbiq edirlər. NATO standartları keçmiş sovet və hazırda bəzi Asiya ölkələrində tətbiq edilən hərbi standartlardan bir sıra üstünlüyü ilə fərqlənir. Kiçik və mobil ordular, çevik qərarvermə, yüksək təminat və davamlı logistik dəstək, müasir texnologiyaların müdafiə sektoruna tətbiqi, silah və rabitə sistemlərinin uyarlılığı bura daxildir.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədovun sözlərinə görə, NATO-ya üzvlük siyasi məsələdir və ölkə rəhbərliyinin siyasi qərarından asılıdır. Silahlı Qüvvələrin NATO standartlarına transformasiyası isə bilavasitə müdafiə sektorunda həyata keçirilən islahatlar və silahlı qüvvələrin müasirləşdirilməsi hesab olunmalıdır: “Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarının tətbiqi heç də o demək deyil ki, Azərbaycan NATO-ya üzv olmağa hazırlaşır. Bu müdafiə sektorunda müasir standartların tətbiqi və inkişaf istiqamətidir”.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar