Davudoğlu: “Heç nə Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil”
22 oktyabr 2009 12:00 (UTC +04:00)

Davudoğlu: “Heç nə Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil”

- Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan sərhədi açıla bilərmi?


- Prezidentimiz, baş nazirimiz, xarici işlər naziri olaraq mən dəfələrlə bu məsələyə dair prinsipial mövqeyimizi bildirmişik. Dünən parlamentdəki çıxışımda da açıq şəkildə dedim, Azərbaycanın ərazi bütövlüyü Türkiyənin ərzi bütövlüyü qədər əzizdir və bizim üçün strateji prioritetə sahibdir. Heç nə Azərbaycanın ərazi bütövlüyündən, rifahından, sabitliyindən və Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil. Xarici siyasətimizin təməl prinsipi bu olduğuna görə sualınızın cavabı da verilmiş olur.


Soruşmaq lazımdır - bölgədəki hazırkı status-kvo Azərbaycanın, Türkiyənin, Ermənistanın xeyrinədirmi? 17 ildir Azərbaycan torpaqları – həm də bizim torpaqlarımız, biz belə hesab edirik – işğal altındadır. Bu işğalın bitməsi üçün Türkiyə hər zaman cəhd göstərib. Məndən əvvəlki nazirlər, hökumətlər Azərbaycanın müstəqilliyi tanındıqdan bəri Azərbaycanın yanında olublar. Əbədiyyətə qədər də belə olacaq. Göy qübbəsi yerə ensə də, heç bir şey Türkiyənin Azərbaycanın yanında olduğu gerçəyini dəyişdirə bilməz! Ancaq biz mövcud status-kvonu necə dəyişdirməyi də düşünməliyik. 17 ildir davam edən işğala sülh yolu ilə necə son qoyula biləcəyinin yollarını axtarmaq lazımdır.


Protokolları imzaladığımız gün də, ondan öncə də, sonra da bütün dünyaya bunu söylədik: Türkiyə və Ermənistan arasında normallaşma yalnız və yalnız bölgədə geniş miqyaslı normallaşma olarsa münbit zəmində inkişaf edə bilər. Bu, o deməkdir ki, Azərbaycan-Ermənistan ixtilafı da həll olunmalıdır. Bu həll necə oluna bilər? Təbii ki, işğala son qoyularaq. Bu, o qədər açıq bir mövqedir ki, Azərbaycanda kimsənin şəkk-şübhəsi olmamalıdır. Biz işğal altındakı Azərbaycan torpaqlarını öz torpağımız sayırıq və onların azad olunması üçün mübarizəmizi davam etdirəcəyik. Biz bu protokolların bu prosesə təkan verəcəyini düşünürük.


Gördüyünüz kimi, son 5 ayda bu istiqamətdə dinamizm də müşahidə olunur. Laçına texniki analiz aparmaq üçün heyət gedib. Bu, Türkiyənin Qafqaz siyasəti ilə bağlıdır. Biz keçirdiyimiz hər görüşdə, getdiyimiz hər beynəlxalq tədbirdə ilk olaraq Qarabağ məsələsini gündəmə gətiririk. Sürixdə protokollar imzalanarkən Hillari Klintonla görüşümdə də yenə Qarabağ məsələsini müzakirə etdik.


Elə hal-hazırda mən burada olarkən bizim nazirliyin nümayəndəsi Ünal Çeviköz Vyanada Minsk Qrupunun toplantısında iştirak edir. Bundan sonra da hər yerdə hətta Azərbaycan gündəmə gətirməsə də Türkiyə Qarabağ məsələsini gündəmə gətirəcək. Bu, bizim milli məsələlərimizdən biridir. Azərbaycan torpağı ilə Türkiyə torpağı, Azərbaycan bayrağı ilə Türkiyə bayrağı arasında fərq qoymuruq.


- Azərbaycanın xarici işlər naziri ilə görüşünüz necə keçdi?


- İki qardaş arasında görüş necə keçməsi lazımdırsa, o cür keçdi. Sürixdə protokolların imzalanmasında bir həftə öncə də mən prezident Abdulla Gül ilə birlikdə Naxçıvanda idim. Prezidentimiz Əliyevlə və Elmar bəylə orda da görüşmüşdük. İki qardaş arasında bəzən kiçik narazılıq da ola bilər, amma açıq, səmimi, qardaşyana söhbət etdik. Türkiyə və Azərbaycan xarici işlər nazirləri masaya oturduqda heç vaxt iki tərəf kimi oturmaz, proseslərə eyni perspektivdən baxan eyni tərəf kimi oturur.


Biz heç vaxt ikitərəfli görüşlərdə Azərbaycanı fərqli tərəf kimi görməmişik. Mən bu vəzifəyə gəldikdən sonra dünyadakı bütün diplomatik nümayəndəliklərimizə - 120-dən çox səfərlik və 180 baş konsulluğumuza yazılı təlimat göndərdim. Hər yerdə Azərbaycan təmsilçiliyi olmaya bilər. Təlimatda diplomatlarımıza göstəriş verdim ki, çalışdığınız ölkədə Azərbaycan vətəndaşlarına bizim vətəndaşlarımız kimi yanaşmalısınız, Azərbaycan vətəndaşları Türkiyə səfirliklərinə, nümayəndəliklərinə gəldikdə bizim vətəndaşlarla necə münasibət bəslənilirsə, onlara da o cür münasibət göstərməlisiniz, bir problemləri varsa qapınızı açmalı, o problemi həll etməlisiniz. İstəsəniz, bu yazılı təlimatı Azərbaycan mediasına göndərə bilərəm.


- Görüşdə bayraqlarla bağlı yaranmış narazılığa toxundunuzmu?

- Bəli, toxunduq. Anlaşılmazlıqları dostyana, qardaşyana aradan qaldırmalıyıq. Bizim üçün Türkiyə bayrağı nədirsə, Azərbaycan bayrağı da odur. Bizim də bayraq haqqında qanunumuz var, amma Azərbaycan bayrağı istisnadır. Biz Azərbaycan bayrağını xarici ölkə bayrağı saymırıq. Mənim həmkəndlim var - burada şəhid olub. Bu gün də lazım olarsa, 72 milyon Türkiyə vətəndaşı Azərbaycanda ölməyə hazırdır. Bunu bilin.


Bursadakı hadisələrə gəlincə, siz yaxşı bilirsiniz, mətbuat yalnız problemli anları göstərir. Həmin gün Bursada evlərdə, dükanlarda, küçələrdə minlərlə Azərbaycan bayrağı asılmışdı. Mən də stadionda idim. Stadionun müxtəlif yerlərində, hətta prezidentlərin oturduğu şərəf tribunasının önündə 50-dən çox Azərbaycan bayrağı vardı. Lakin FİFA matç günü bayraqla bağlı məlum qərarı verdi. Bizim əsla belə bir tələbimiz olmayıb. Hətta müəyyən sayda Azərbaycan bayrağının içəri keçirilməsinə icazə verilib.


Lakin məni də narahat edən bəzi görüntülər var. Mən Azərbaycan bayrağına hörmətsizliyə dözüm göstərə bilmərəm. Zibil qutusunun içinə atılmış Azərbaycan bayraqlarının görüntüsü məni də çox narahat edib. Biz bu hadisənin araşdırılması təlimatını vermişik. Türkiyədə heç bir zibil qutusunun üstündə WC sözləri yazılmayıb. Naməlum şəxs o qutunun üzərinə sözü yazıb, ora bayraq qoyub və görüntüsünü çəkib. Bu, provokasiyadır. Araşdırma nəticəsində bunun provokasiya olduğunu təsbit etdik.


Bununla yanaşı, o qələbəlik arasında istəməyərək də olsa dövlət nümayəndələrinin də yanlış hərəkətlərə də yol verməsi mümkündür. Biz bunu da araşdırırıq. Bursa valisinin açıqlaması oldu bu barədə. Mən bu araşdırmaların nəticəsini hörmətli Əliyevə gətirmişəm. Bursada bizimlə qardaş Azərbaycan arasında narazılıq yaratmaq məqsədi güdən provokasiya törədilib.


Bu gün Türkiyədə yüzlərlə Heydər Əliyev, Azərbaycan küçəsi var. Onlarla yerdə öz liderimizi kimi gördüyümüz Heydər Əliyevin büstləri qoyulub. O büstlərin olduğu hər yerdə Azərbaycan bayrağı dalğalanır. Əbədiyyətə qədər də dalğalanacaq. Ancaq Elmar bəyə də dedim - biz də Azərbaycan kimi dost, qardaş ölkənin türk bayrağını xarici bayraq kimi görməsini istəmərik.


Şəhidliklərimiz bizim üçün müqəddəs məkandır. Bakıdakı şəhidlikdə yazılmış adlara baxdıqda Anadolunun hər yerindən buraya gəlib şəhid olanları görürsünüz. Halbuki o zaman Anadolu özü işğal altında idi. Amma biz Anadolu və Azərbaycan torpağı arasında fərq qoymadığımız üçün o əsgərlərimiz “ora da bizim torpağımızdır deyə” Azərbaycana gəliblər. Bu şəhidlər bizim yox, sizin – Azərbaycan xalqının şəhidləridir.


Bunu azərbaycanlı qardaşlarımız çox yaxşı anlamalıdır. Bu şəhidlərin kölgəsində uyuduğu bayrağı, o şəhidlərə fatihə oxumaq üçün inşa olunmuş Şəhidlər Camesi Azərbaycana əmanət edilib. Oradakı problemlər bizim yox, sizin probleminizdir. Bizim olsaydı, əsgərlər Sakaryada, Əskişəhərdə ölərdilər. Nə olursa olsun, Azərbaycan bayrağı Türkiyədə əbədiyyən dalğalanacaq. Çünki o bayraq bizim bayrağımızdır. Bəziləri Azərbaycan bayrağına hörmətsizlik edibsə, axıra qədər gedəcəyik və onları tapıb cəzalandıracağıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar