ATƏT-in fəaliyyətdə olan sədri: “Marda Cənubi Qafqaza səfər edəcəyəm” – MÜSAHİBƏ
24 yanvar 2011 14:42 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri: “Marda Cənubi Qafqaza səfər edəcəyəm” – MÜSAHİBƏ

Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin APA-ya müsahibəsi


- Litvanın ATƏT-də sədrliyini necə görürsünüz? Qarşıya qoyulan vəzifələr yerinə yetiriləcəkmi?

- 2011-ci il yanvarın 1-də sədrliyi Qazaxıstandan təhvil alan Litva qarşısına bir sıra konkret məqsədlər qoyub. ATƏT-in Astana sammitində üzv ölkələr Litvaya Korfu prosesi (Avropada təhlükəsizliyə dair qeyri-formal dialoq) çərçivəsində, həmçinin Astana sammitinə hazırlıq prosesində irəli sürülən ideya və təklifləri diqqətə alaraq təşkilatın işini təşkil etməyi tapşırdılar. Əldə olunan inkişaf ATƏT Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də Vilnüsdə keçiriləcək görüşündə nəzərdən keçiriləcək. İnanıram ki, biz dekabra qədər həlli uzanan münaqişələrin çözülməsində ciddi irəliləyiş əldə edə, KİV azadlığı sahəsində öhdəliklərin yerinə yetirilməsini daha yaxşı qiymətləndirə, ATƏT-in transmilli təhlükələrə qarşı rolunu möhkəmləndirə biləcəyik. İqtisadi-ekoloji planda biz ATƏT-in enerji təhlükəsizliyi üzrə rolunu daha dəqiq xarakterizə etmək niyyətindəyik. Nifrət zəminində diskriminasiya və cinayətlərin qarşısını almaq üçün maariflənmə yolu ilə tolerantlıq ideyasını da inkişaf etdirməyi planlaşdırırıq. Fəaliyyətimizdə işin real, hissediləcək nəticələrin əldə edilməsi mümkün görünən aspektlərinə ağırlıq verəcəyik. İlin və sədrlik müddətimizin sonuna qədər əsas istiqamətlər üzrə hətta ən minimal irəliləyiş belə əldə etsək, bunu uğur sayacağıq.


- Litvanın sədrliyi dövründəki prioritetləri arasında “dondurulmuş münaqişələr” məsələsi də var. Litva bu münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllinə necə dəstək vermək niyyətindədir?

- Doğrudan da, ATƏT məkanında həll olunmamış münaqişələr hələ də qalır və biz bu cür problemləri aşmaqda qərarlıyıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində ATƏT münaqişələrin didib-parçaladığı Cənub-Şərqi Avropada sabitlik və təhlükəsizliyin bərpasına dəstək verdi. Biz inanırıq ki, birgə işləyərək həlli uzanan münaqişələrin həllində bu gün də uğur qazana bilərik. ATƏT məkanındakı münaqişələrin sülh danışıqları yolu ilə həlli önəmli vəzifəmiz olmalıdır. Biz velosiped kəşf etməyə cəhd göstərməyəcəyik, əvvəlki sədrlərin gördüyü müsbət işlərə əsaslanaraq münaqişə tərəflərini, ölkələri artıq razılaşdırılmış formatlar çərçivəsində, beynəlxalq normalara və ATƏT öhdəliklərinə uyğun şəkildə çalışmağa təşviq edəcəyik. Astana sammiti zamanı Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Azərbaycan və Ermənistan prezidentləri bəyan etdilər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə daha qətiyyətli səylər göstərməyin vaxtı çatıb. Biz qarşılıqlı etimadın möhkəmlənməsinə, gərginliyin azalmasına kömək edəcək açıqlıq və şəffaflığı təşviq edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə siyasi danışıqları canlandırmaq üçün həmsədrlərin daha fəal səylərinə dəstək verəcəyik.


- Ötən ilin dekabrında keçirilən ATƏT sammiti göstərdi ki təşkilat daxilində birliyin olmaması qərarların qəbuluna mane olur. Bu kontekstdə münaqişələrin həllini və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövcud formatın saxlanması imkanını görürsünüzmü?

- Məhz həlli uzanan münaqişələr Astanada fəaliyyət planını razılaşdırmağımızı əngəllədi. Biz bütün münaqişə tərəfləri ilə işləmək niyyətindəyik. İnanırıq ki, yalnız ümumi səylərlə, sülh danışıqları və konstruktiv kompromisin əldə olunması ilə addım-addım bu prosesdə inkişafa nail olmaq mümkündür.


- Cənubi Qafqaz bölgəsinə səfər etməyi planlaşdırırsınız. Səfər konkret nə vaxt gerçəkləşəcək? Səfərin əsas məqsədi nədir və hansı görüşlər keçiriləcək?

- Cənubi Qafqaz bölgəsinə (Gürcüstan, Azərbaycan, Ermənistan) səfərim martın üçüncü həftəsinə planlaşdırılıb. Mən dövlət başçıları, xarici işlər nazirləri, bu ölkələrin ictimaiyyəti ilə görüşmək fikrindəyəm.


- Son vaxtlar ekspertlər tez-tez ATƏT-in köhnəldiyini və əvvəlki nüfuzunu itirdiyini söyləyirlər. Siz bu barədə nə düşünürsünüz? Litva təşkilatın effektivliyinin artırılması üçün nələr etmək fikrindədir?

- Sözsüz ki, Helsinki Yekun Aktının imzalanmasından keçən 35 il ərzində dünyada və o vaxtkı ATƏT-in üzv ölkələri arasında münasibətlər kökündən dəyişib. Təhlükəsizliyə əvvəlki təhdidlər aradan qalxmayıb və onlara transmilli xarakterli yeni təhlükələr əlavə olunub. Məsələn, terrorçuluq, insan alveri, mütəşəkkil cinayətkarlıq, kiber-terrorçuluq daha geniş miqyas almaqdadır. Bu yeni çağırışlara effektiv reaksiya vermək üçün üzv ölkələrin, regional və beynəlxalq təşkilatların ümumi səyi tələb olunur. Siyasi təşkilat olaraq ATƏT-ə üzv ölkələr onu necə görmək istəyirsə və onu necə bir təşkilata çevirirlərsə, eynilə o cürdür. Bizim ümumi məqsədimiz odur ki, təşkilat öz hissələrinin məcmusu olmaqdan daha çox məna kəsb etsin. Litva sədr ölkə kimi öz məqsədlərinə çatmaq üçün regional əməkdaşlıqdakı unikal təcrübəsindən istifadə etmək niyyətindədir. Biz üzv dövlətlərin təşkilatın işinin təkmilləşdirilməsinə yönəlmiş bütün təkliflərini nəzərdən keçirməyə hazırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar