AŞ baş katibi: “Azərbaycanı sıralarımıza almağımız bizim üçün də çox əhəmiyyətli oldu” – MÜSAHİBƏ
24 yanvar 2011 11:57 (UTC +04:00)

AŞ baş katibi: “Azərbaycanı sıralarımıza almağımız bizim üçün də çox əhəmiyyətli oldu” – MÜSAHİBƏ

Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın APA-ya müsahibəsi


- Azərbaycanın Avropa Şurasına üzvlüyünün on ili tamam olur. Bu illər ərzindəki əməkdaşlığı necə qiymətləndirirsiniz və qarşıda hansı vəzifələr var?

- İlk növbədə mən Azərbaycanı təbrik etmək istərdim. Hesab edirəm ki, Avropa Şurasının tamhüquqlu, eləcə də ümumi Avropa ailəsinin bir üzvü olan Azərbaycan üçün bu, əlamətdar bir hadisədir. Azərbaycanı öz sıralarımıza almağımız bizim üçün də çox əhəmiyyətli oldu. Bu illər ərzində bir çox şeylərə nail olunduğunu qeyd etməliyəm. Azərbaycan təşkilatın 55 konvensiyasına qoşulub. Strasburqda fəal üzvlərdən hesab olunan Azərbaycan bir çox işlərdə çox fəal iştirak edir. Lakin hələ görüləsi işlər qalıb. Vacib məsələlər arasında seçki və məhkəmə sistemləri sahəsindəki islahatlar, korrupsiya ilə mübarizə kimi məsələləri qeyd etmək olar. Korrupsiya ilə mübarizə ilə bağlı ölkənizin GREKO-ya üzv olmasını və əməkdaşlığını da alqışlayıram. Eyni zamanda, mətbuat və söz azadlığı məsələsinə də diqqət ayrılmalıdır.


- Bildiyiniz kimi, ötən ilin noyabr ayında Azərbaycanda parlament seçkiləri keçirilib. Avropa Şurasının da yaxından izlədiyi bu seçkiləri necə qiymətləndirirsiniz?

- Parlament seçkilərini izləmiş beynəlxalq təşkilatların bununla bağlı verdikləri bəyanatlara istinad edərək kifayətlənmək olar. Seçkiləri izləmək üçün xüsusi mandatı olan ATƏT, eləcə də AŞPA müşahidəçilərinin dediklərini mən ancaq təkrarlaya bilərəm.


- Azərbaycanın AŞ qarşısındakı öhdəliklərini tam yerinə yetirib-yetirməməsi tez-tez gündəmə gələn məsələlərdəndir. Siz bu haqda nə düşünürsünüz?

- Burada əlbəttə ki, ən başlıca məsələ söz və mətbuat azadlığıdır. Jurnalist Eynulla Fətullayev hələ də həbsdədir, bu da ölkədə mətbuat azadlığının heç də yaxşı vəziyyətdə olmadığının əlamətidir. Ancaq bu jurnalistin həbsdən azad edilməsi də kifayət deyil. Real və tam mətbuat azadlığının təmin edilməsi üçün daha çox iş görülməlidir. Nəyə görə mətbuat azadlığının vacibliyini xüsusi vurğulayıram? Çünki bu, korrupsiyanın aradan qaldırılması üçün də ilkin şərtlərindəndir. Bir çox dünya ölkələrinin praktikasında buna dair misallar da var. Məsələn, hansısa ölkədə korrupsiya sadəcə ona görə çiçəklənir ki, orada mövcud rejimin hakimiyyətinə nəzarət edə biləcək başqa qüvvə yoxdur. Mətbuat da məhz bu balans rolunu oynayan qüvvələrdəndir. Bundan başqa, azad mətbuatın olduğu yerdə, ədliyyə və məhkəmə sistemləri də daha mükəmməl işləyir. Əgər bunlara mətbuat nəzarəti olsa, onlar daha ciddi və məsuliyyətlə işləməyə məcbur olacaqlar.

- Ermənistanla Azərbaycanla eyni gündə AŞ-yə üzv qəbul olunub və münaqişədə olan bu iki ölkə təşkilata qəbul edilərkən onların qarşısında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi öhdəliyi də qoyulmuşdu. On ildən sonra sülh danışıqları prosesini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, bu proses ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır və AŞ-nin səlahiyyətləri daxilində deyil. Lakin AŞ hər hansı bir formada Minsk prosesinə hansısa töhfə verə bilərsə, bunu çox böyük məmnuniyyətlə edəcək. Burada bütün “dondurulmuş” münaqişələrə aid edilə bilən ümumi xarakterli bir xüsusiyyəti də qeyd etmək istərdim. Əgər tarixə nəzər salsaq, o zaman aydın şəkildə görərik ki, əvvəlcədən hüquqi dövlət, hüququn aliliyi təmin edilmədən uzunmüddətli sülhün bərqərar edilməsi mümkün deyil. Sülhün əldə edilməsi, bərpası istiqamətindəki bütün səyləri artırmaq üçün qanunun aliliyini də təmin etmək olduqca vacibdir. Və bu, tək Dağlıq Qarabağ münaqişəsi üçün deyil, bütün “dondurulmuş” münaqişələr üçün çox vacibdir.


- Adətən böyük dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri bir növ neytrallıqlarını göstərmək üçün Azərbaycan və Ermənistana eyni zamanda səfər edirlər. Bu yaxınlarda sizin də Ermənistana səfəriniz olmuşdu. Azərbaycana yaxın gələcəkdə səfər etmək fikriniz varmı?

- Həqiqətən mən bu yaxınlarda Ermənistana səfər etdim. Amma bu, rəsmi səfər deyildi. Mən İrəvana xüsusi bir tədbirə, demokratiyanın gələcəyi adlı forumda iştirak etmək üçün getmişdim. Əgər rəsmi səfərlə getsəydim, çox güman ki, Azərbaycana da gedərdim. Amma əmin ola bilərsiniz ki, mən bu yaxınlarda Azərbaycana səfər edəcəyəm.


- AŞ daxilində aparılan islahatların vəziyyəti nə yerdədir və sizcə təşkilatın nüfuzunun daha da artırılması üçün nələr etmək lazımdır?

- Ümid edirəm ki, aparılan bu islahatlar təşkilatın siyasi əhəmiyyətini daha da təkmilləşdirməyə imkan yaradacaq. Bu da yalnız o halda mümkün ola bilər ki, biz indiyə kimi yaratdığımız normaları həyata keçirmək üçün bütün diqqət və imkanlarımızı səfərbər edə bilək. Hazırda biz doğurdan da indiyə kimi işləyib hazırladığımız bu normativ işlərin həyata keçirilməsi mərhələsindəyik. Təşkilatın ilkin mərhələsi onun yaradılması idi. Berlin divarının dağılmasından sonra təşkilatın genişlənməsi mərhələsi oldu. İndi isə bu vaxta kimi qəbul etdiyimiz normaların həyata keçirilməsi mərhələsindəyik. Hesab edirəm ki, AŞ Avropanın həyatında doğurdan da çox böyük rol oynaya bilər. Bu da yalnız onun indiyə kimi qəbul etdiyi prinsip və normalar toplusunun həyata keçirilməsi ilə mümkündür. Siz əgər bugünkü Avropaya nəzər yetirsəniz, bu prinsip və normaların həyata keçirilməsinin nə qədər vacib olduğunu görərsiniz. Çünki bu gün Avropada elə ciddi və təhlükəli tendensiyalar baş verir ki, artıq düzgün yaradılmış olduğuna inandığımız fundamental dəyərlərimiz də şübhə altına qoyulur. Biz də məhz buna görə bu dəyərlərin keşiyində dayanmışıq. Lakin müdafiəçisi rolumuzu daha düzgün oynaya bilməmiz üçün üzv ölkələrin qəbul etdiyi bütün öhdəlikləri həyata keçirməyə imkan verəcək xüsusi vasitələrimiz olmalıdır.


- Türkiyə indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Təşkilatın ikinci əsas təsisatı olan AŞ PA sədrinin də türk olduğunu nəzərə alsaq, indi qurumda türk cütlüyü yaranıb. Türkiyənin AŞ Nazirlər Komitəsində fəaliyyətindən razısınızmı? Türkiyə bu vəzifənin öhdəsindən necə gəlir?

- Türk cütlüyü öncədən razılaşdırılmış bir məsələ deyil, qəribə də olsa, doğurdan da təsadüf nəticəsində əmələ gəlmiş bir haldır. Əslində mən iki türkün Avropanın bu cür iri və nüfuzlu qurumlarına rəhbərlik etmələrini tarixi bir hadisə kimi qiymətləndirirəm. Fikrimcə, bu, Avropa siyasəti çərçivəsində mühüm bir məsələdir. Bu, həm Türkiyə, həmçinin Türkiyənin bir Avropa ölkəsi kimi qəbul edilməsi baxımından, həm də Avropanın özü üçün çox əhəmiyyətlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar