Səyyad Aran: “Yol boyu ağladım...”
“Persona” rubrikasının qonağı filologiya elmləri namizədi, Azərbaycanın İstanbuldakı sabiq Baş konsulu, sabiq millət vəkili, Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, “First Business” jurnalının “İlin diplomatı” mükafatını almış Səyyad Arandır. Səyyad Aran bizimlə söhbətdə keçdiyi ömür yolundan, həyat mübarizəsindən, acılı-şirinli günlərindən danışdı...
- Necə yaşayırsınız, gününüz necə keçir?
- Hər səhər bir topa qəzet alır, günortaya qədər qəzetləri oxuyuram. Günortadan sonra bədii, siyasi, memuar ədəbiyyatı ilə mütaliə edirəm, axşamlar da televiziyada xəbərlərə, futbola baxıram. Səhər yenə həmin qaydada... O biri gün yenə... Beləcə bir-birinə bənzəyən günlər, həftələr, aylar...
- Yaradıcılığa vaxt ayırırsınız?
- Yaradıcılıqla beynimdə, xəyalımda məşğul oluram, konkret yox. Köhnə yazılarıma baxır, hərdən onların üzərində xırda düzəlişlər edirəm. Amma oturub yazmaq, ortaya bir əsər qoymaq halında və həvəsində deyiləm.
- Həyat mübarizəsindən geri çəkilmisiniz?
- Yox, qətiyyən! Sadəcə, işsizlik məni sıxır. Belə uzun müddət işsiz qaldığım olmayıb. Ona görə də bu situasiya mənə çox qəribə və əcaib görünür.
- Müəllimliyə, pedaqoji fəaliyyətə qayıtmaq barədə düşündüyünüz anlar olurmu?
- Hərdən ürəyimdən doğma İmişli şəhər 1 saylı orta məktəb keçir. Məni olduqca üzəcək, titrədəcək bir nostalji var. Kifayət qədər tanınmış müəllim olmuşam. 1978-ci ildə 26 yaşımda Ümumittifaq Kommunist Gənclər İttifaqının “Ən yaxşı komsomolçu müəllim” nişanını almışam. Məktəbdə işləyərkən rayonda, respublikada səs salan böyük tədbirlər keçirmişəm. Mən məktəbdə ədəbiyyat gecəsini “KVN” sistemində keçirdirdim. Elə fəaliyyətimin birinci ilində iki 11-ci sinfə dərs deyirdim. Hər bir sinfin sinif nümayəndəsi o komandanın kapitanı idi. Hər komandanın öz bayrağı, öz mahnısı vardı. Sözləri dəyişdirib, siniflərin ruhuna uyğun mətnlər yazmışdım. O mahnıları o zamanın dəb olan mahnıların melodiyası ilə oxuyurdular. Səhnəyə gəliş, hərbə-zorba... Hər bir sinif özünü təqdim edirdi. Şeirləşmə olurdu. Şərt bu idi ki, qarşı tərəf birinci tərəfin söylədiyi şeirin sonuncu misrasının sonuncu hərfi ilə bitən şeir deməlidir. Hər şagird çalışırdı ki, şeirlərin sonu “r” hərfi ilə qurtarsın, qarşı tərəf çətinlik çəksin. Hər iki tərəf buna güclü hazırlaşmışdı, 1 saata qədər şeirləşmə getdi. Tədbir 3 saatdan çox çəkdi. Mən 1975-ci ilin 20 martından danışıram. Ədəbiyyat gecəsinə “raykom”dan, “ispolkom”dan, böyük təşkilatlardan adamlar gəlmişdilər. Çünki məşqlərim rayona səs salmışdı. Hər bir sinif özü tamaşa hazırlamışdı, bacardığı qədər özlərinin ifa etdikləri musiqi alətlərinin köməyi ilə mahnılar oxuyurdular. Onlara “raykom”, “ispalkom”, “komsomol”dan gələn nümayəndələr, məktəbin partkomu və direktorun daxil olduğu Münsiflər Heyəti qiymət verirdi. Zal ağzınacan dolu idi, digər məktəblərdən də gəlmişdilər.
Çox gözəl şagirdlərim olub. İndi onlar həm Bakıda, həm İmişlidə, həm də ölkədən kənarda yüksək vəzifələrdə işləyirlər.
- Müəllimlik öz seçiminiz olub?
- Bəli. Atam da Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib, mən də, böyük oğlum da həmin fakültəni bitirmişik. Gözümü açdım, gördüm ki, atam məktəbə gedib-gəlir, işdən qayıdanda da qəzet-kitab oxuyur. Uşaqlıqdan elə bildim ki, elə həyat tərzi budur. Orta məktəb illərində məndə dəhşətli mütaliə yanğısı vardı. Uzağı 2 gündən bir kitabxanaya gedirdim. Aldığım 2-3 kitabı sürətlə oxuyub, qaytarıb yenilərini götürürdüm. Mənim üzvlük biletimi kitabxanaçı baxmadan, əlini ataraq götürürdü, çünki qalınlığına görə seçilirdi. Sonralar orta məktəbin 10-cu sinfində oxuyanda kitabxananın müdiri, rəhmətlik Münəvvər xala və Şahsuvar müəllim belə qərar gəldilər ki, 1 saylı üzvlük biletini həmişə mənim adıma yazsınlar. Bakıya gələnə qədər 1 saylı oxucu mən oldum.
- Bəs tələbəliyiniz necə keçdi?
- Tələbəliyim yaxşı keçib: həm maddi, həm də mənəvi baxımdan. Böyük ailəmizdə 10 uşağın birincisiyəm. İnstitutda oxuyarkən atam, əmim, dayılarım, digər qohumlarım həmişə cibimə pul qoyardılar. Tələbəliyim yaxşı keçib, yaxşı dostlarım olub. Tanınmış qrup idik: 32 saylı! O zaman institutun 4 müəlliminin övladı bizim qrupda oxuyurdu. Bəzi imkanlı ailələrin uşaqları da bizim qrupda idi. Gözəl tədbirlər keçirirdik. Mən o zaman “Gənc müəllim” qəzetində Səyyad Sadiq imzası ilə çox tez-tez yazılar yazırdım. 1968-72-ci illərin tələbələri yəqin ki, mənim imzamı unutmayıblar. Həm yazmağa, jurnalistikaya həvəsim çox idi, həm də mənim üçün şərait yaradılmışdı. Qəzetin o vaxtkı baş redaktoru Sərhəd müəllimin sifarişi ilə tez-tez böyük yazılar yazırdım. Günlərin birində növbəti yazı gətirəndə gülümsünərək dedi ki, sənin yerin səhv düşüb, gərək jurnalistikaya gedəydin.
Bizim dövrümüzdə “Beatles” qrupu çox məşhur idi. Con Lennonu və qrupun digər üzvlərini yaxşı tanıyırdım. Onları təqlid edərək bir çox yaşıdım kimi uzun saç saxlayırdım. Bu vərdişim sonradan saçımın tökülməsinə səbəb oldu. Kirayədə qaldığım Aşağı Dağlıq küçəsindən Pedaqoji İnstituta piyada gedirdim. Bir dəfə başıma o qədər qar yağmışdı ki, başımda qardan “papaq” yaranmışdı. İnstitutun qapısından içəri girəndə bunu gördüm. Amma gənclikdənmi, özümü göstərmək hissindənmi başımın qarını təmizləmədim, elə həmin qaydada da içəri girdim. Qrupumuzun qızları qışqırdı ki, ay Allah, Səyyadın başında qardan papaq var. Cumdular üstümə ki, o papağı götürsünlər... Gənclikdə belə özünü göstərmələr olur. Yuxarı kursda oxuyanlar deyirdilər ki, çalışın saçınızı və mədənizi qoruyun. Mədəmi qoruya bildim. Amma saçımı qoruya bilmədim. Bu cür məsuliyyətsiz yanaşmağım ucbatından saçlarım töküldü. İndi şəkillərə baxanda heç kəs inanmaz ki, onlar mənim saçlarımdır.
- Yəni tələbəlikdə maddi cəhətdən də çətinlik çəkməmisiniz?
- Dediyim kimi, bu, dayılarımın, əmimin, digər qohumlarımızın Bakıya gələrkən tez-tez cibimə pul qoymaları ilə bağlı idi. Etiraf edim ki, bir az şıq və firavan yaşayırdım. Ali məktəbi bitirdim, təyinatla İmişliyə - Qaralar (Əzizbəyov-red.) kənd məktəbinə müəllim getdim. Sentyabrın 1-də birinci tədris günü ağladım. Düşünürdüm ki, yəni mən Bakıdan ayrıldım?! Bakısız, tələbə yoldaşlarım olmadan yaşayacağımı təsəvvür edə bilmirdim. Evdən kənd məktəbinə qədər 7 kilometr məsafə vardı, piyada gedirdim. Məktəbə gedənə qədər o yolu ağladım. Bir də 1 il işlədikdən sonra əsgərliyə, Naxçıvanın Qıvraq kəndində xidmət etdiyim hərbi hissənin yanından şagirdlər keçəndə məni ağlamaq tutdu.
Hərbi xidmətdən qayıdandan sonra, 1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri direktor müavini vəzifələrində çalışdım. 1990-cı ildə Rayon Təhsil Şöbəsinin müdiri oldum. Məni bu gün də minnətdarlıqla xatırladığım İmişli RPK-nin katibi Zəridə xanım Rüstəmova irəli çəkdi. Olduqca pak və namuslu bir insan idi. Ondan sonra gələn yeni İcra Hakimiyyətinin başçısı çox keçmədən məni təhsil müdirliyindən azad etdi, nəyə görəsə məndən xoşu gəlmədi. Heç 1 il işləməyə imkan vermədi. Bakıya gəldim, əvvəlcə “Elm” qəzetində çalışdım, şöbə müdiri oldum. Ordaca Ağabəy Əsgərovla tanış oldum. Ağabəy Əsgərov o zaman baş redaktorun birinci müavini idi və baş verən siyasi hadisələr barədə onunla uzun-uzadı danışırdıq. 1991-ci il idi.
- O zaman artıq ailəli idiniz?
- Bəli. Ailəli idim, 3 oğlum vardı.
- O zaman Bakıda eviniz vardı?
- Yox. İndiki “Aqroprombank”ın qabağında köhnə bir həyət var, orada kirayədə qalırdım.
- Ailəli insan üçün çətin deyildi ki?
- Təbii ki, çətin idi. Hər şənbə-bazar İmişliyə, rayona qayıdırdım. Həyat yoldaşım, uşaqlar rayonda idi. Yeri gəlmişkən, 20 il əvvəl, 1991-ci il yanvarın 2-də İmişlidən Bakıya gəlmişəm. Dediyim kimi, əvvəlcə “Elm” qəzetində işlədim, Ağabəylə tanış oldum. O dövrdə də gərgin proseslər gedirdi. Ağabəylə münasibətlərimiz istiləşdi. Günlərin birində dedi ki, bəlkə mən bir yerə getdim, mənimlə gedərsən? Dostlaşmışdıq, qardaş idik, dedim ki, hara getsən, gedərəm. Demə, Ağabəy baş verən siyasi proseslərdən daha məlumatlı imiş. O bu sözü 1991-ci ilin ortalarında söylədi.
- Sonra hara getdiniz?
- Hələ “Elm” qəzetində işləyirdik. 1992-ci ildə çox böyük qarışıqlıq, Ayaz Mütəllibovun yenidən hakimiyyətə bir günlük qayıdışı oldu. Bizi uzunmüddətli ezamiyyətə buraxdılar. Rəhmətlik baş redaktor Aydın Səlimzadə dedi ki, gedin, 3-4 ay dincəlin, lazım olsa, özümüz sizi çağıracağıq. Getdim. Gedəndən bir müddət sonra Ağabəydən teleqram gəldi ki, tez gəl. Gəldim. Məlum oldu ki, Ağabəyi “Səs” qəzetinə baş redaktor vəzifəsinə təyin ediblər. Amma deyib ki, “Elm” qəzetində Səyyad Aran var, yazıçıdır, istəyirəm ki, o, birinci müavin olsun, birlikdə işləyək. İyulun 20-də mən “Səs” qəzetinə gəldim. Qəzet o vaxt Riyaziyyat İnstitutunun 6-cı mərtəbəsində yerləşirdi. Liftlə qalxanda Siyavuş Novruzovla qarşılaşdım. Hələ onu tanımırdım. Soruşdum ki, “Səs” qəzetinə necə getmək olar? Dedi ki, qalxaq, göstərərəm. Qalxdıq, uzun, ensiz dəhlizin axırına qədər getdik. Siyavuş özü sol tərəfə döndü, mənə sağ tərəfi göstərərək “Səs” qəzetinin orada yerləşdiyini söylədi.
- Redaksiyada ilk dəfə kiminlə görüşdünüz?
- İndi də qəzetin dəyişməz məsul katibi olan Valeh Məhərrəmli və müxbir Zümrüd xanım Bayramova ilə.
- Siyavuş Novruzov o zaman hansı işdə işləyirdi?
- Siyavuş Novruzov o zaman “Əlincə” Xeyriyyə Cəmiyyətinin məsul katibi idi. “Səs” qəzeti də “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı idi. Bir azdan Ağabəy də gəldi. Görüşdük, dedi ki, ərizə yazmaq lazımdır. (O ərizəni indi də saxlayıram). “Əlincə” Xeyriyyə Cəmiyyətinin sədri Fərəməz Maqsudov və Siyavuş Novruzov ərizənin üstünü yazdılar. Beləliklə, “Səs” qəzetində işləməyə başladıq.
- Qəzeti necə çıxarırdınız?
- Qəzetin maddi imkanları çox məhdud idi, çox çətinliklə çıxarırdıq. O zaman bizim qəzetə bir çox adam maddi baxımdan kömək edirdi. “Bakı fəhləsi” zavodunun baş direktoru Məmməd Vəliyev, “İliç buxtası”nın baş direktoru Əmir Qasımov və onun qardaşı, sonradan Ağabəyin qardaşı Hüseyn Əsgərov, idman malları fabrikində direktor müavini işləyən Vaqif Hüseynov və digərləri. O zaman dozakl deyilən bir metal vardı, yağlı çörək olub, qəhətə çıxmışdı, onsuz qəzet çıxa bilmirdi. Bu metalı almaq həm çətin idi, həm də qıt idi. Dozakl ölkəyə Rusiyadan gətirilirdi, nəqliyyat iflic duruma düşmüşdü, ehtiyatın olmalıydı. Amma bütün bunlara baxmayaraq, 1992-1993-cü illərdə “Səs” qəzetinin tirajı 16-18 min arasında idi, müxalif yönümlü qəzet idik. Qəzet əvvəlcə həftənin iki günü çıxırdı, sonra həftənin 3 günü çıxmağa başladı. Bir az toparlanandan sonra həftənin 5 günü çıxmağa başladı. Üstümüzə hücumlar oldu. Binəqədinin o zamankı başçısının fitvası ilə üstümüzə gəldilər, otaqlarımızda əşyaları dağıdıb sındırdılar. Daha sonra İsgəndər Həmidovun qara gödəkçələrdə göndərdiyi idmançı oğlanlar redaksiyamıza hücum çəkdilər. Böyük bir dava düşdü, əşyalarımızı sındırıb dağıtdılar. Onları dəf edib ardınca qaçanda havaya atəş açdılar. O atəş yeri Riyaziyyat İnstitutunun 6-cı mərtəbəsində indi də qalır. Bir dəfə Ağabəyin maşınının əyləc sistemini də xarab etmişdilər. Ağabəy demək olar ki, faciədən Allahın izni ilə sağ qaldı.
- Başqa hansı formada təzyiqlər olurdu?
- Əli Nağıyevlə Siyavuş Novruzova dalbadal məktublar göndərirdilər ki, Bakını tərk edin, yoxsa həyatla vidalaşmalı olacaqsınız. Murtuz Ələsgərovun vəhşicəsinə döyülərək ayaqlarının sındırılması da yəqin hafizələrdən silinməyib.
- Şəxsən sizə qarşı hansı təzyiqlər olub?
- 1992-ci il 7-8 dekabrda indiki Heydər Əliyev adına sarayda (keçmiş Respublika Sarayı-red.) AXC-nin böyük tədbiri keçirilirdi. Artıq Yeni Azərbaycan Partiyasının (YAP) yaranması elan olunmuşdu və Heydər Əliyevə qarşı o zamankı Azərbaycan rəhbərliyi kəskin ultimatumlar verirdi. Səhv etmirəmsə, Əli Şamilov adlı naxçıvanlı jurnalist vardı, həmin tədbiri o aparırdı. Naxçıvan AXC-nin nümayəndəsi olan Arif Rəhimov, Asəf Quliyev dedilər ki, Naxçıvanda qanlar tökülüb, əhalinin vəziyyəti ağırdır. Sual verdim “konkret olaraq göstərə bilərsinizmi ki, qan tökülməsinin, əhalinin ac qalmasının Heydər Əliyevlə nə əlaqəsi?” Ortaya ağır sükut çökdü. Hamı bir-birinə baxdı: “Bu kimdir?” Əli Şamilov soruşdu ki, siz kimsiniz, hansı qəzeti təmsil edirsiniz? Dedim ki, “Səs” qəzetinin baş redaktorunun birinci müavini Səyyad Aranam. İdmançı görkəmli, 40-45 yaşlı nataraz biri vardı, pilləkənə çıxmışdı. Mənə dedi ki, indi gəlib səni başa salaram. Həmin anın fotosu o zamankı “Meydan” qəzetində çap olunub. Allah Elmira Əmrahqızına rəhmət eləsin, bir də Elmira Axundova sağ olsun. O xanımlar məni tanıyırdılar və o insanların məqsədlərini anladılar. İdmançı görkəmində olanlardan biri digərinə küt bir alət ötürdü ki, məni vursun. Çünki mən AXC-Müsavat hakimiyyəti dövründə qəbul olunmamış bir sual vermişdim. Elmira Əmrahqızı dedi ki, mən görürəm, Səyyadın başına bir iş gəlsə, siz mənim əlimdən yaxanızı qurtara bilməyəcəksiniz. Elmira Axundova da onu dəstəklədi. Naxçıvandan olan deputat Elman Cəlilov vardı. Naxçıvana gedib gələrkən Məclisin önündə, çayxanada mübahisə-müzakirələrimiz olardı. O, mənimlə yarım saata qədər söhbət etdi. Sonra Naxçıvan Ali Məclisinin binası yaxınlığındakı stomatoloji klinikanın baş həkimi vardı, o yaxınlaşdı. Sonradan hiss etdim ki, onlar mənim həm başımı qatırlar, həm də qoruyurlar. “Meydan” və “Aydınlıq” qəzetlərinin müxbirləri ilə sarayı tərk etdik. Elmira Əmrahqızı ilə Elmira Axundova dedilər ki, Səyyad, gedək, sənə vacib deyiləsi sözümüz var. YAP-ın Naxçıvan təşkilatının sədri Ələkbər Quliyev vardı. “Bakı” mehmanxanasında onun üz-gözünü partlatmışdılar. O vəziyyətdə partiyamızın Riyaziyyat İnstitutunda yerləşən qərargahına gəldi ki, görün məni nə günə salıblar! Ələkbər Quliyev sonralar Naxçıvanda təhsil naziri oldu. “Səs” qəzeti o dövrdə hakimiyyətə qarşı mübarizə aparan, Heydər Əliyevin çıxışlarını, o cümlədən Heydər Əliyevlə bağlı məqalələri dərc edən ardıcıl, yeganə qəzet olduğu üçün bir hədəf idi. O yazıları yazanlar arasında məşhur olanlardan biri də mən idim. Müxalifətdə olanda başımıza belə işlər çox gəlib.
- Heydər Əliyev sizin üçün kimdir?
- Dahi və qalib! XX yüz ildə Azərbaycanın yetirdiyi ən böyük ictimai-siyasi xadimi və dövlət adamı.
- Yadınızda necə qalıb, hansı xatirələri danışa bilərsiniz?
- Ulu öndərlə ilk görüşüm 26 iyul 1992-ci ildə oldu. “Əlincə” Xeyriyyə Cəmiyyətinin xətti ilə Naxçıvana yardım aparmışdıq. İlk öncə Naxçıvan Ali Məclisinin sədrini ziyarət etdik. 4 nəfər – mən, akademik Nadir Seyidov, YAP-ın indiki Yasamal rayon təşkilatının sədri, sabiq deputat Fikrət İsmayılov və Bakı Dövlət Universitetinin müəllimi, sabiq deputat, rəhmətlik Məzdək Hüseynov. Tanışlıq zamanı məndən soruşdu ki, sən haradansan? Dedim, İmişdidən. Dedi ki, niyə İmişlidən yox, İmişdidən? Cavab verdim ki, müxtəlif versiyalar var. Deyirlər ki, bu, qədim türk tayfalarından İmaşın adı ilə bağlıdır. Sonra get-gedə fonetik dəyişikliklər baş verib, İmişdi olub, sonra da bir az incə düşmək üçün İmişli deyiblər. Güldü, dedi ki, pis quraşdırmadın. Sonra soruşdu ki, mən Moskvaya gedəndə İmişlidə raykomun birinci katibi Qadir İsmayılzadə idi, ürəyi ağrıyır, müalicə olunurdu, mən gedənə yaxın onda şəkər də tapdılar, indi necədir? Rayonsayağı cavab verdim ki, çox sağ olun, canınıza dua edir, salamatçılıqdır. Harada işlədiyini soruşdu, söylədim. Heydər Əliyev dedi ki, Qadir İsmayılzadə onun dövrünün ən yaxşı birinci katiblərindən olub (Qadir İsmayılzadə yanvar qırğını ilə bağlı parlamentin deputatı kimi çox alovlu çıxış edib, rus imperializminin bu hərəkətinə kəskin reaksiya verənlərdən biridir).
- Sonra bu sözləri Qadir İsmayılzadəyə söylədiniz?
- Əhvalatı danışanda inanmadı. Dedim ki, sizə yalan deyə bilmərəm, ağsaqqal adamsınız, həm də atamın institut yoldaşısınız. Qadir İsmayılzadə Heydər Əliyevin diqqətindən və onu bu qədər dəqiq xatırlamasından kövrəldi. Heydər Əliyevi son dərəcə həssas, yaddaşı möhkəm, istiqanlı, mehriban bir insan kimi gördüm. Heydər Əliyevin YAP-ın Nizamnaməsi üzərində necə işlədiyini, məsləhətlər verdiyini görəndə heyrət etdim, sözün hərfinə belə diqqət yetirirdi. Sənədin rus dilindən tərcüməsində bir yer var idi, “müqəddəs dəyərlər” ifadəsi gedirdi. Heydər Əliyev dedi ki, diqqətli olun, buradakı “svetski” sözünü birdən “sovetski” yazarlar, bizi suçlayarlar. Təsəvvür edin ki, o səhv getdi və biz o səhvin düzəldilməsi üçün Ağabəylə qəzetlərdə düzəlişin verilməsinə məcbur olduq. Biz o vaxt bir daha onun uzaqgörənliyinə heyrət etdik.
- YAP-ın təsis konfransı nə zaman keçirildi?
- Noyabrın 21-də, 1992-ci ildə, Naxçıvanda. Ona görə ki, Bakıda keçirməyə o zamankı AXC-Müsavat hakimiyyəti izn vermədi. Hamımız paltoda, şərfdə, isti qulaqlı papaqda, həm də bir-birimizə sıxılıb oturmuşduq. Amma Heydər Əliyev səhnənin ortasında, çox yelçəkən bir yerdə, çox soyuq olan bir şəraitdə pencəkdə oturmuşdu. 1992-ci ildə Naxçıvanda qaz yox idi, elektrik də çox cüzi verilirdi. Bəylər Eyyubov gətirib Heydər Əliyevin çiyninə bir kürk salmaq istədi. Çevrilib Bəylər Eyyubova baxdı, əli ilə işarə etdi, o, geri qayıtdı. Sonra bir işıq projektoru vardı, Bəylər Eyyubov onu yaxına çəkmək istədi ki, guya bir az istisi olsun. Yenə də Heydər Əliyev işarə etdi və Bəylər Əyyubov yenə geri döndü. Yalnız hərdən əllərini ovuşdururdu. Cəlil Məmmədquluzadə adına səhnənin ortasında 5 saat oturdu və partiyanın məramını, məqsədini, vəzifələrimizi izah etdi. Ölkənin vəziyyətini təhlil etdi, suallara cavab verdi. Sonra da ayrı-ayrı regionlardan gələnlər çıxış etməyə başladılar. Orada da partiyanın təşkilat, ideologiya şöbəsi formalaşdırıldı, müavinlər seçildi. Sonra Siyasi Şuranın ilk iclası gecə saat 1-ə işləmiş Naxçıvan Ali Məclisində keçirildi və İdarə Heyəti seçildi, vəzifə bölgüsü aparıldı. Həmin gecə dedi ki, gələcəkdə hamınız böyük insanlar olacaqsınız (Necə dedi, elə də oldu!). İnsanları dinləməyi bacarın, yanınıza gələn adamları səbirlə dinləyin, onlar sonuncu ümid kimi sizin qapınızdan içəri girəcəklər, ola bilər, çoxunun dərdinə dərman edə bilməyəcəksiniz, amma onları elə yola salın ki, sizdən narazı getməsinlər. Bəzilərinin səviyyəsi sizin səviyyənizdə olmayacaq, darıxdığınızı qətiyyən büruzə verməyin, diqqətli olun, həssaslıq göstərin, içəri girən adam kim olur-olsun, dərhal ayağa durub qarşılayın, onunla üzbəüz oturub danışın. Borcunuz xalqı dinləmək, onun dərdinə çarə tapmaqdır...
O, bizə həm də dözümlülük nümayiş etdirdi.
- Nə mənada?
- Noyabrın 19-da hələ tanışlıq məqamı idi, Heydər Əliyev bir-bir hər kəslə maraqlanırdı. Həmin vaxt biri uzun-uzadı, 1 saata yaxın çıxış etdi. Bir çoxu dözə bilməyib, icazə alıb eşiyə çıxdı. Qayıtdılar ki, yenə danışır. Zalda ona qədər hamı bir dəqiqə ərzində özünü təqdim edib nə üçün məhz yeni yaradılan partiyaya – YAP-a üzv olmaq istəklərini qısaca izah edirdi. Heydər Əliyev isə oturduğu kresloda çox diqqətlə qulaq asaraq deyirdi: “çox maraqlıdır, daha sonra necə oldu?” Mən o adamın yanında oturmuşdum, pencəyinin ətəyindən 1-2 dəfə çəkdim ki, kifayətdir, aydındır. Axırda həmin şəxs mənə dedi ki, nə istəyirsən, qoy fikrimi deyim. Heydər Əliyev dilləndi ki, kimdir, mane olan, imkan verin, kişi sözünü desin. Hamı mat qaldı...
Bir xatirəni də danışmaq istəyirəm. 1994-cü il martın 7-də Çinə gedəndə bir-bir təyyarədə nümayəndə heyətinin üzvləri ilə görüşür, işləri ilə maraqlanırdı. Ulu öndər qeyd etdiyim kimi son dərəcə diqqətli idi. Anar çətinliklə ayağa qalxmışdı, dedi ki, qalxma, bilirəm ayağın ağrıyır. Sonra soruşdu ki, filan dərmandan istifadə edirsən? Anar “yox” cavabı verdi. Heydər Əliyev dedi ki, bilirəm, onu tapmaq çətindir, deyərəm, tapıb sənə göndərərlər.
Martın 9-da Çin səddində Heydər Əliyev qabaqda, həm də başıaçıq gedirdi. Çox soyuq idi, yağış yağmışdı, yol olduqca sürüşkən idi. Rəhmətlik şair Qabil birdən qayıtdı ki, başına dönüm, Heydər bəy, sən bizi özünlə bərabər bilmə, biz bu yolu gedə bilmərik, mənim də ayaqlarım ağrıyır, icazə ver, qalım. Həsən Həsənov Heydər Əliyevin yanında idi. Ona qayıtdı ki, Həsən, nə deyirsən, gedək, yoxsa qayıdaq? Həsən Həsənov dedi ki, cənab prezident, qarşıya məqsəd qoyulubsa ki, filan yerə qədər getməliyik, deməli, getməliyik, mən bilirəm ki, bu, sizin xasiyyətinizdir, gedəcəksiniz. Heydər Əliyev dedi ki, eşitdin Qabil, özün bil, qalırsan, qal, amma sən bir daha buraları görə bilməyəcəksən. Biz lazım olan məkana qədər getdik. Amma Heydər Əliyev daha yüksəyə qalxmaq istəyirdi. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi dedi ki, cənab prezident, orada həm külək şiddətlidir, həm də hava yaxşı deyil, oksigen çatışmazlığı var, yuxarı qalxsanız, gərək protokol yazaq, yəni icazə yoxdur. Həsən Həsənov Heydər Əliyevə yaxınlaşdı ki, söhbət protokol tərtib etməyə gedirsə, ehtiyac yoxdur, biz onsuz da kifayət qədər böyük yol gəlmişik. Prezident razılaşdı.
- YAP ideologiya şöbəsinə nə vaxt rəhbərlik etməyə başladınız?
- 1995-ci ildə Əli Həsənov Prezident Aparatının ictimai-siyasi şöbəsinə gedəndən sonra onun yerinə mən partiyanın ideologiya şöbəsinin müdiri oldum. Namizədliyimi Əli Nağıyev irəli sürmüşdü.
- Qəzetçilikdən nə zaman uzaqlaşdınız?
- 1995-ci ildə parlament seçkiləri ərəfəsi partiya tərəfindən 67 saylı Zərdab-İmişli Seçki Dairəsindən namizədliyim irəli sürüldü. O zaman mövcud qaydaya görə “Səs” qəzetinin baş redaktorunun birinci müavini vəzifəsindən getməli oldum. 1995-ci ildən parlament fəaliyyətim başladı.
- Jurnalist kimi ailənizi o dövrdə təmin etmək nə dərəcədə asan, yaxud çətin idi?
- Jurnalist olduğum dövrlərdə, o cümlədən deputatlığın ilk illəri çətin idi. Köhnə ifadə ilə desəm, 1995-ci ildə deputatın aylığı “12 şirvan” idi. Maaş sonradan artdı. Təbii ki, jurnalist kimi dolanmaq çətin idi. Mənə ailə üzvlərimin, qardaşlarımın, valideynlərimin xüsusən ərzaq məhsulu ilə bağlı köməyi dəyirdi. Amma deputatlığın maaşı qalxandan sonra işlər qaydaya düşdü.
- Deputatlıq dövründə həyatınızda başqa nələr dəyişdi?
- Dostlarımın sayı çoxaldı. 1993-cü ilin ilk aylarından respublikada partiya quruculuğu ilə məşğul olmağa başladıq. İlk rayon təşkilatımız 1993-cü il yanvarın 13-də Biləsuvarda, ikinci rayon təşkilatımız isə yanvarın 15-də Sabirabadda yarandı. Üçüncüsü Quba oldu, sonra da başqa rayonlarda təsis konfransları keçirildi. Deputatlıq dövründə də partiya quruculuğu ilə ciddi məşğul idik. Partiyanın Siyasi Şurasının üzvü kimi təbii ki, bu proseslərdə yaxından iştirak edirdim. Deputat kimi xarici ölkələrdə səfərlərdə oldum. İqtidar və müxalifət partiyalarının toplantılarında tez-tez çıxış etməyə başladım və tanındım. Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi ölkə ictimaiyyəti arasında məşhurlaşdım.
- Dostlarınızın sayını deputatlıq artırdı, yoxsa...
- Gənclik və müəllim dostlarım yerində qaldılar və bu gün də dəyişməz olaraq qalırlar. Onlar unudulmur və dostluğumuz daim davam edir. Əlbəttə, yeni dostlar yarandı. YAP bizi Azərbaycanın ən müxtəlif bölgələrindən olan insanlarla qardaş kimi böyütdü, şöhrətləndirdi, ad-san yiyəsi etdi. Yəqin ki, YAP olmasaydı, biz ən müxtəlif bölgələrdən olan insanlarla bu dərəcədə yaxın, dost, qardaş ola bilməzdik. Dostluğun coğrafiyası xeyli genişləndi.
- Dostlar zamanın sınağından çıxdımı?
- Hamısı yox!
- Partiya dostluğu nə dərəcədə möhkəm dostluqdur?
- Ən yaxın dostum Siyavuş Novruzovdur. Yaş fərqimizə baxmayaraq, sirrim-sözüm onunla olub. Sonra Ağabəy Əsgərov. İstanbuldan qayıdandan sonra YAP icra katibi Əli Əhmədov, Mübariz Qurbanlı, Kərim Kərimovla ayda bir-iki dəfə görüşüb dərdləşmişəm.
- 2005-ci ildə deputatlıq müddəti başa çatdı...
- Bəli, 2005-ci il seçkilərində keçmədim. Amma o zaman partiyada yenə ideologiya şöbəsinin müdiri kimi çalışırdım. 2006-cı il oktyabrın 9-da cənub prezident İstanbula Baş konsul təyin olunmağımla bağlı sərəncam verdi və İstanbula yollandım. Həyatımın ondan sonrakı 4 illik mərhələsi İstanbulda keçdi.
- 2005-ci il seçkilərində deputat olmadınız, konsul göndərilənə qədərki 10 ayda özünüzə münasibətdə nələri müşahidə etdiniz?
- Yəqin ki, təzə söz deməyəcəyəm. Başına gələn bütün insanlar bu hissləri yaşayırlar. O dövr bir çoxunun həqiqi sifətinin açılması ı mənə böyük dərs verdi. O dərsi indi, 9 ay işsiz qaldığım dövrdə təzədən yaşayıram. Çox təəssüf ki, bir sıra dostlarımız, bəzi partiya dostlarını da ora daxil etmək olar, qəribə bir şəkildə laqeydləşiblər, eləcə kənardan baxırlar. Əvvəlki istiqanlılıq, doğmalıq, dərdə həyan olmaq, dərhal başının üstünü kəsdirərək probleminlə maraqlanmaq çoxlarında yoxdur artıq. Rənglərin bir-birinə qarışdığını görürəm, rəngləri bir-birinə qarışmış dünyada çox bozarmış sifətlər görərək böyük təəssüf, həm də heyrət hissi keçirirəm.
- İndi necə dolanırsınız?
- Hazırda Xarici İşlər Nazirliyinin işçisi kimi qalıram, möhtərəm prezidentin sərəncamındayam.
- Maaş alırsınız?
- Xeyr.
- Yenə dolanmanıza qardaşlarınız dəstək olur?
- Bəli...
- Bundan sonrakı həyatınızı necə təsəvvür edirsiniz?
- Gözləyirəm ki, görüm nə təklif olunacaq. Sıradan biri deyiləm. Kifayət qədər siyasi, həm də diplomatik təcrübəm var. Təqaüd yaşıma da hələ bir neçə il qalır. O vaxta qədər işləmək istəyirəm. Təqaüd yaşımdan sonra isə İnşallah, yaradıcılıqla məşğul olacağam.
- Yazıçılar Birliyinə necə, gedib-gəlirsiz?
- Bir dəfə getmişəm. Anar müəllimlə görüşmüşəm, bir xırda dərdləşməyimiz oldu. Sonra Arif Əmrahoğlu, Ədalət Əsgəroğlu, Rəşad Məcid ilə görüşdüm.
- Yazıçılar bir-birini nə dərəcədə başa düşürlər?
- Səmimi etiraf edim ki, mən işimlə, siyasi fəaliyyətimlə bağlı o aləmdə son 15 ildə çox olmamışam. Ondan qabaq, məsələn, yazıçıların Şüvəlan Yaradıcılıq Birliyində, Zuğulbada, Gənclikdə gənc yazıçıların 20-30 il əvvəlki tədbirlərdə olmuşam. Anar, Elçin, Əkrəm, Mövlud Süleymanlı, rəhmətlik Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu ilə münasibətlərim olub. Mən onların dünyası ilə bağlı bir söz deyə bilmərəm. Çünki gərək daim onların içərisində olasan, onlarla birlikdə uzun illər işləyəsən. Anara böyük hörmətim və məhəbbətim var. Anar Azərbaycan ədəbiyyatının yetirdiyi ən böyük yazıçılardan və şəxsiyyətlərdən biridir. Canlı klassikdir. Eyni zamanda Elçinə, Əkrəm Əylisliyə, Mövlud Süleymanlıya, Ramiz Rövşənə, Vaqif Bayatılıya, Vaqif Səmədoğluya çox böyük məhəbbətim var. Onlar Azərbaycan ədəbiyyatının çox görkəmli və istedadlı qələm sahibləridir.
- Yeri gəlmişkən. 4 il İstanbulda Baş konsul kimi yaşamısınız. Türkiyədə, yoxsa Azərbaycanda yaşamaq daha asandır?
- Doğurdan da “bir millət, iki dövlətik”. Mən də daxil olmaqla, hesab edirəm ki, hər bir azərbaycanlı Türkiyədə özünü evindəki kimi hiss edir. Sadəcə, Vətənin-doğulduğun məmləkətin ən boz-bulanıq, soyuq günü də sənə son dərəcə əziz, doğmadır. Belə xasiyyətim var ki, mənə vəzifə, iş tapşırıblarsa, nə qədər övladlarımdan, nəvələrimdən kənarda qalsam da, darıxsam da, o işi yerinə yetirməliyəm. Orada darıxmağı, tək qalmağı ağlıma belə gətirmirəm. Belə yaşamışam. Bütün məsuliyyətimlə deyirəm ki, İstanbulda çox fədakarlıqla işlədim.
- Konsulluq fəaliyyətinizin son dövründə sizə qarşı belə bir ittiham oldu ki, Türkiyədə Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bir tədbirə qatılmamısınız. Bu ittiham nə dərəcədə əsaslıdır?
-... Kökündən yalandır! Məhz həmin gün mən konsulluğun əməkdaşı Q. Gözəlovla türk yazıçısı Zihni Papaqçının Çanaqqala döyüşlərində qəhrəmanlıqla mübarizə apararaq şəhid olan azərbaycanlı gənclərin həyatından bəhs edən “Sarıqamışdan Çanaqqalaya” əsərinin premyerasında olmuşam, çıxış edərək, baş rolları oynayan Azərbaycandan dəvət edilən aktyorları və yaradıcı heyəti təbrik etmişəm. Tamaşanın sponsoru İstanbul Baş Konsulluğu idi. Sənədləri sizə göstərərəm (Sənədləri göstərir-red.). Necə çalışdığımı Azərbaycan telekanalları göstərirdi və xalq görürdü. Elə uzaq tarix deyil ki, insanların yadından çıxa. Eybi yox... Sular axıb durulacaq, altındakı daşlar görünəcək. Fəaliyyətimi əks etdirən yüzlərlə sənəd, foto, qəzet, kitab, lent, təşəkkürnamə, nələr... var. Yəqin bir gün vaxt gələr, onların hamısını məsul bir adama göstərib suallarıma cavab alaram. Mövzunu bitirək.
Ramiz Mikayıloğlu

2412