Millət vəkilinin partiyası armatur sexində yerləşirmiş
11 mart 2009 16:00 (UTC +04:00)

Millət vəkilinin partiyası armatur sexində yerləşirmiş

Xanhüseyn Kazımlının qərargahı 3 il əvvəl əlindən alınıb

Martın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyilə “Səttarxan adına maşınqayırma zavodu” ASC-nin Azərbaycan Sosial Rifah Partiyasına (ASRP) qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, proses zamanı maraqlı məqamlar ortaya çıxıb.

Əvvəlki instansiya məhkəməsi - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi ASC-nin ASRP-yə qarşı iddiasını təmin edib. Belə ki, ASC məhkəmədən partiyanın Bakı şəhəri, Təbriz küçəsi-86 ünvanında icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməsini və qərargahın yerini tərk etməsini istəyib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin çıxardığı qərara əsasən, partiya icarə haqqını ödəməli və zavod sökülənədək oranı tərk etməlidir.

Qərar icraya yönəldilmədiyindən ASC 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 26 noyabr 2008-ci il tarixli qərarından apellyasiya şikayəti verib.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakim Vaqif Mursaqulovun sədrliyilə keçirilən prosesdə əvvəlcə ASC-nin hüquqi nümayəndəsi Şəms Allahverdiyeva çıxış edib. O, ASC-nin ASRP-yə icarəyə verilmiş sahənin boşaldılmasını və qarşı tərəfin icarə haqqı olaraq ödəmədiyi 791,8 manat vəsaitin ödənilməsini istədiyini bildirib. Ş.Allahverdiyevanın sözlərinə görə, partiyaya 2006-cı il sentyabrın 26-dan indiyədək 3 dəfə icarəyə verilmiş sahənin boşaldılması və icarə haqqının ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildiyini bildirib. “Onlar isə ərazini boşaltmayıb və borclarını da ödəməyiblər” deyə, o əlavə edib.

Məhkəmədə partiyanı ASRP-nin hüquqi nümayəndəsi, qurumun Ali Məclisinin üzvü Qüdrət Verdixanov təmsil edib. O məlumat verərək bildirib ki, partiyanın qərargahı zavodun üçüncü mərtəbəsindəki Armatur Sexində 486 kvadratmetrlik ərazidə yerləşirmiş. Q.Verdixanov zavodun ilk xəbərdarlıq məktubunu alandan sonra qərargahın boşaldıldığını, avadanlıqların həmin mərtəbədə 3 otağa yığıldığını bildirib: “2006-cı ilin sentyabr ayından biz oradan istifadə etmirik. Bizim qarşı tərəfə elə bir borcumuz yoxdur”.

Proses aprelin 8-də davam etdiriləcək.

Lent.az məsələ ilə bağlı ASRP-nin sədri, millət vəkili Xanhüseyn Kazımlıya müraciət edib. Lakin o, “partiyanı biabır etmisiniz” deyərək açıqlama vermək istəməyib.

ASRP-nin hüquqi nümayəndəsi, qurumun Ali Məclisinin üzvü Qüdrət Verdixanov isə Lent.az-a açıqlamasında ASC-nin ilk məktubundan sonra qərargahın boşaldıldığını deyib: “Orada yalnız avadanlığımız qalıb”.

Qərargahın boşaldıldığı vaxtdan - 2006-cı ilin sentyabr ayından indiyədək ASRP-nin harada fəaliyyət göstərməsinə gəlincə, Q.Verdixanov bunları söyləyib: “Avadanlığımız 3 otaqdadır. Müəyyən iclaslarımız olanda elə orada keçirirdik. İclas olmayanda da elə-belə fəaliyyətimizi göstəririk”.

Q.Verdixanov on da deyib ki, zavod sökülərkən partiya avadanlığını da oradan çıxaracaq: “Sabah zavod söküləndə biz avadanlığımızı da götürüb oradan çıxacağıq. Yəqin ki, dövlət bizi hansısa başqa yerlə təmin edəcək”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455

Oxşar yazılar