Nurcahan Hüseynova: “Dəhrəni silahlı erməninin sinəsinə sapladım...”
07 mart 2009 15:30 (UTC +04:00)

Nurcahan Hüseynova: “Dəhrəni silahlı erməninin sinəsinə sapladım...”

Azərbaycan Ordusunun qadın hərbçisi şəhid oğlunun qisasını necə aldı...

Martın 8-ni qadınlar evlərində, əzizlərinin yanında bayram edir. Amma bu günü orduda, vətənin keşiyində duran əsgərlərlə birlikdə, əynində hərbi kamuflyaj qeyd edən qadınlarımız da var.

Tarixən Azərbaycanın oğul və qızları hərb meydanlarında birgə addımlayıb, bir-birinə arxa-dayaq olublar. Birinci Qarabağ müharibəsində döyüşə yollanan ilk əsgərlərin arasında da onlarla qadın da var idi.

1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Milli Ordunun ilk hərbi hissəsinin yaradılması barədə qərar qəbul etdi. Bu hərbi hissənin ilk taboru Şıx qəsəbəsində keçmiş sovet ordusunun desant-hücum briqadasının bazasında formalaşdırılmağa başladı. Tabora könüllü yazılanlar arasında Nurcahan Hüseynova adlı bir qadın da var idi...

...1991-ci ilin dekabr ayından Milli Ordunun könüllülərdən ibarət bölükləri cəbhə xəttində döyüşlərin qızğın getdiyi ərazilərə dislokasiya olunmağa başlandı. Ağdam, Şuşa və Laçın rayonlarının müdafiəsində iştirak edən N.Hüseynovanın da olduğu bölük 1992-ci il yanvarın 26-da uğursuzluqla nəticələnən Daşaltı əməliyyatına qatılır. Nurcahanın Daşaltıda göstərdiyi şücaət bu gün də həmin döyüşlərin iştirakçıları tərəfindən xatırlanmaqdadır.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyevin sözlərinə görə, yanvarın 25-də başlanan əməliyyata N. Hüseynova buraxılmayıb. Lakin Daşaltıya boş dayanmaq üçün deyil, döyüşmək üçün gəldiyini deyən N.Hüseynova silahını götürərək kəndə daxil olur: “Bir də gördük, Nurcahan əlində silah kəndin içindən şəhid olmuş əsgərlərimizin meyitlərini çıxarır. O, MTS tərəfdən Daşaltıya girib güllə yağışı altında, atışa-atışa şəhid olmuş 3 nəfər Şuşalı könüllünün meyitini və bir yaralını silahları ilə birlikdə döyüş meydanından çıxarmağa nail olmuşdu”.

N.Hüseynovanın özü isə Daşaltıda xeyli Azərbaycan əsgərinin meyitinin qaldığını, döyüş meydanından çıxara bilmədiyini deyir: “Kəndə daxil olan BRDM maşınımız da minaya düşmüşdü. Oradakı meyitlərin çoxunu çıxarmaq mümkün olmadı”.

“Gülən əcnəbinin boğazından yapışdım”

1992-ci ilin mart ayında beynəlxalq təşkilatlar Ağdamdan, Azərbaycanın nəzarəti altındakı ərazilərdən keçməklə separatçılara “humanitar yardım” aparırdılar. Qan su yerinə axan bir zamanda ermənilərə “humanitar yardım” adı altında nə aparıldığını bilən yox idi. Postda dayanan əsgərlərə yardım aparan maşın karvanlarını yoxlamadan buraxmaq tapşırılsa da N. Hüseynova əlində silah maşın karvanının qarşısını kəsir. Bir neçə maşından yüklər boşaldıldıqda “humanitar yardım”ın arasında peyk rabitə vasitələrinin, hərbi avadanlıqların, zirehli gödəkcələrin olduğu üzə çıxır.

“Dəhşət məni bürümüşdü. Ermənilər Xocalını heç bir ay deyildi ki məhv etmişdilər. Amma Azərbaycan ərazisindən düşmənə yardımlar ötürülürdü. Özü də humanitar yardım adı altında müxtəlif cihazlar, hərbi avadanlıqlar. Yükləri boşaldanda gördüm ki yardım aparan xarici təşkilatın nümayəndəsi məni videokamera ilə çəkir. Digəri isə mənim hərəkətlərimə gülürdü. Bizim posta bir az əvvəl ermənilərdən alınmış bir neçə meyit gətirilmişdi. Hamısı da vəhşicəsinə, işgəncələrlə öldürülmüşdülər. Beynəlxalq təşkilatın mənə gülən nümayəndəsinin boğazından yapışıb, həmin yerə çəkdim. Meyitləri göstərib başa saldım ki, bunu himayə etdikləri ermənilər törədiblər”.

Bu hadisədən bir neçə gün sonra onunla bir yerdə döyüşən oğlu Elxanı Nurcahandan ayırıb, Qubadlı rayonuna göndərirlər.

1992-ci ilin yay aylarında cəbhə xəttində döyüşlər daha da ağırlaşır. Əsgəran rayonu ərazisindəki Pircamal yüksəkliyi uğrunda qanlı döyüşlər başlayır. Nurcahangilin taboru bir neçə dəfə hücuma keçsə də Pircamal yüksəkliyini ələ keçirə bilmirlər. Taborun Bakıdan olan Səməd adlı döyüşçüsü həmin döyüşdə həlak olur. Səhəri gün döyüşçülərimiz təpədəki ağaclardan birindən Səmədin cəsədinin asıldığını görürlər. Əraziyə əlavə qüvvələr cəmləşdirən Azərbaycan ordusu Pircamal yüksəkliyini azad edir. Nurcahan deyir ki, Səmədin cəsədini götürməyə gələndə onun kislota ilə yandırılaraq dəhşətli vəziyyətə salındığını görüb.

Oğul vətən üçündür

Oğlu Elxan da Nurcahanla birlikdə döyüşüb. Oğlunun şəhid olmasını Nurcahan belə xatırlayır: “Mən Elxanı heç bir əsgərdən fərqləndirməmişəm. Həmişə deyirdim ki, bala, müharibədir, hər birimiz ölə bilərik. Çalışmalıyıq ki, ölməmişdən düşmənimizi məhv edək. Özümüzün qisasımızı alaq. Hadisə baş verməzdən 3 gün əvvəl biz Səfiyan və Türklər kəndi istiqamətində kəşfiyyatda idik. Qayıdanda eşitdik ki, Elxangil komandirləri Elman Ovçuyevin rəhbərliyi ilə Qızqəbri deyilən yerdə post dəyişməyə gedirlər. Mən də onlarla birgə getməyə təkid etsəm də komandir icazə vermədi. Elxan komandirə deyibmiş ki, məni buraxmasınlar. Uşaqlar postu dəyişməyə qalxanda maşını ermənilər vurmuşdular. Elman Ovçuyev tikə-tikə olmuşdu, Elxan və üç əsgərimiz həlak olmuşdu. Əsgərlərdən biri də itkin düşdü. Həmin yerə özüm qalxdım. Yaralını və meyitləri götürüb, hərbi hissəyə qayıtdıq”.

Həlak olan əsgərlərin cəsədlərini valideynlərinə şəxsən təhvil verən N.Hüseynovanın oğlu Elxan Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. N.Hüseynova dünyadan vaxtsız getmiş oğlunun yas mərasiminə musiqiçiləri çağırır. Şəhid Elxanın şəklini “təzə bəy” kimi bəzəyir...

Ana qisası

Ağdərə uğrunda gərgin döyüşlər gedən vaxt Nurcahan xəbər tutur ki, axşam işğaldan azad edilmiş kənddə erməni əsgəri qalıb. Komandir Elxan Qəniyevin rəhbərlik etdiyi könüllülərin yerləşdiyi yaxınlıqdakı posta qalxıb, əsgərlərin birindən bıçağı istəyir. Əsgərlər ondan bıçağı nə üçün istədiyini soruşduqda “kənddəki ermənini tapıb ürəyini çıxaracağam” - deyə cavab verir. Nurcahanı tək buraxmayan əsgərlərdən üçü ona qoşulur. Kəndə enərkən Nurcahan yolda tapdığı kol dəhrəsini də götürür. Bir xeyli axtardıqdan sonra, çayın kənarında kənddə qalmış silahlı erməni əsgəri ilə rastlaşırlar. Qaçmaq istəyən ermənini əsgərlər yaralayırlar: “Bu erməninin 37-40 yaşı olardı. Özümü onun üstünə atıb, dəhrəni sinəsinə sapladım. Ürəyini çıxarıb ayağa qalxanda gördüm ki, əsgərlərin üçü də məni əhatəyə alıb qoruyurlar ki, yaxınlıqdakı düşmən postundan məni vurmasınlar. Biz demək olar ki, ermənilərin postunun 10-15 metrliyinə gəldiyimizdən özümüz də oradan sağ-salamat çıxacağımıza inanmırdıq”.

Komandiri Mehman Hüseynov deyir ki, Nurcahan çıxardığı düşmən əsgərinin ürəyini spirt dolu şüşə qabda Şəhidlər Xiyabanına gətirərək, oğlu Elxanın məzarı üzərinə qoyur.

“Mən çox oğulların həlak olduğun görmüşəm. İstəyirdim ki, ermənilərdən elə bir qisas alım ki, oğullarını itirmiş valideynlərdə inam yaransın. Düşmənin başını kəsmədim. Ürəyini ona görə çıxardım ki, oğlumu öldürüb mənə dağ çəkən düşmənin anası da ömrü boyu ürəksiz oğlunu ağlasın, onun ürəyinin fikrini çəksin. Bilsinlər ki, işgəncə nə deməkdir”, - Nurcahan deyr.

Orduya bağlı ömür

Ağdam, Şuşa, Əsgəran, Ağdərə, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli və Murovdağdan döyüş yolu keçmiş N.Hüseynova 1994-cü ilin fevral ayında Murovdağda ən dəhşətli döyüşlərin cərəyan etdiyi ərazilərdə olub. Mərmi partlayışı nəticəsində tikə-tikə olmuş zabitin parçalarını bir yerə tikərək valideynlərinə göndərib: “Əsgərlərimizin qaldığı çadıra mərmi düşmüşdü. Siyəzən rayonundan olan leytenant Şamil Baxşəliyevin cəsədinin tikələrini əsgərlər çadırın üstünə toplayaraq, postdan aşağı endirdilər. Mən onun bu vəziyyətdə valideynlərinə göndərilməsinə etiraz etdim. İynə-sap götürüb, parçalanmış bədən hissələrini bir-birinə tikməyə çalışdım. Əsgərləri ərazidən uzaqlaşdırmışdım ki, görüb stress keçirməsinlər. Bədənin parçalarına yapışmış palçığı, samanı çox zaman təmizləyə bilmir, eləcə tikirdim. Tikilməsi mümkün olmayan hissələri isə parça və bintlə sarıyıb, bədən formasına saldım. Bunun üçün iki saatdan artıq çalışmışdım. Başımı qaldıranda gördüm ki, bütün tabor məni dövrəyə alıb. Əsgərlərdən birinin “Nrcahan xala, mən daha ölümdən qorxmuram. Ölüb, tikə-tikə olsam məni də beləcə tikib, ata-anama göndərəcəksən” deməsini isə unuda bilmirəm”, - deyən N.Hüseynova həmin çətin günləri hələ də unutmur.

Artıq o günlərdən 15 il vaxt ötüb. Bu gün də Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirən N. Hüseynova işğal olunmuş torpaqların azad edilməsi uğrunda yenidən döyüşlərə atılmaq üçün Ali Baş Komandanın müharibə əmrini gözləyir: “Ötən 15 ildə hər gün Ali Baş Komandanın müharibə əmrini gözləmişəm. Şəhid olmuş yüzlərlə əsgərimizin qanını almaq üçün yenə döyüşəcəyəm. Bu dəfə alacağım qisas isə düşmənə ömürlük dərs olacaq”.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733

Oxşar yazılar