Gürcü nazir: “Azərbaycanlıların gürcü dilini öyrənməsi üçün konkret işlər görülür”
05 mart 2009 18:15 (UTC +04:00)

Gürcü nazir: “Azərbaycanlıların gürcü dilini öyrənməsi üçün konkret işlər görülür”

Gürcüstanın diasporla iş üzrə dövlət naziri Yulon Qaqoşidze Azərbaycanda səfərdədir. Lent.az-ın məlumatına görə, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun dəvəti ilə gələn Yulon Qaqoşidze bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanınını ziyarət edib.

Gürcüstanın dövlət naziri jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda yaşayan gürcülər özlərini evlərindəki kimi hiss edirlər. "Azərbaycan - gürcülər üçün ən dost ölkədir. Biz həmişə dost kimi yaşamışıq, bizim prezidentlərimiz dostluq edirlər və bu həmişəlik davam edəcək", - deyə Qoqaşidze bildirib.

Yulon Qaqoşidze onu da deyib ki, Gürcüstandakı Azərbaycan diasporu ölkənin bir hissəsidir. "Azərbaycanlılar Gürcüstanda qədimdən və öz torpaqlarında yaşayırlar. Azərbaycanın diaspor təşkilatları ilə şəxsən tanışam və onlarla əlaqə saxlayram" deyən nazir əlavə edib ki, Gürcüstandakı azərbaycanlıların əsas problemi onların böyük bir hissəsinin dövlət dilini - gürcü dilini zəif bilməsidir ki, bunun da həlli istiqamətində konkret işlər görülür.

Daha sonra Yulon Qaqoşidze azərbaycanlı həmkarı Nazim İbrahimovla görüşüb. Nazim İbrahimov qonağa rəhbərlik etdiyi Dövlət Komitəsinin fəaliyyəti, xüsusilə onun Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyası məqsədilə gördüyü işlər barədə ətraflı danışıb. Dövlət Komitəsinin sədri bildirib ki, Gürcüstan Azərbaycanlılarının cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin sentyabr ayında Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də “gürcü dili” kursları açılıb və bu dilin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Gürcü dilinin qrammatikası” kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair (hər birində 44 ədəd olmaqla) 300 dəst cədvəl hazırlanaraq Azərbaycandilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib. Nazim İbrahimov əlavə edib ki, ötən ilin sonunda 20 min sözdən ibarət iki cildlik “Azərbaycanca-Gürcücə” lüğət nəşr edilib. Nəşr edilmiş lüğət “Gürcü dilinin tədrisi” kurslarına və Azərbaycan məktəblərinə paylanılacaq. Yulon Qaqoşidze də ölkəsinin Təhsil Nazirliyinin və digər müvafiq strukturlarının bu sahədə gördüyü işlərdən danışıb.

Rəhbərlik etdiyi nazirliyin Gürcüstanda cəmi bir il əvvəl yaradıldığını və hələ də diaspor siyasəti sahəsində dünya təcrübəsinin müsbət nəticələri ilə tanış olduqlarını deyən dövlət naziri bildirib ki, 52 ölkədəki gürcü diaspor ilə əlaqələr qurulub, onların təşkilatlanmasına başlanılıb. “Gürcü diasporu böyükdür, müxtəlif ölkələrdə onların təşkilatlanmasına və fəaliyyətinə digər xalqların diasporları, o cümlədən Azərbaycan icma və cəmiyyətləri zəruri dəstək göstərirlər” - deyə, nazir əlavə edib. Nazim İbrahimov isə bildirib ki, Azərbaycan diaspor təşkilatları müxtəlif xalqların diasporları ilə sıx əməkdaşlıq edir, onların müsbət təcrübəsini mənimsəyir və öz fəaliyyətlərində tətbiq edirlər. Dövlət Komitəsinin sədri qeyd edib ki, qloballaşma prinsipləri ilə yaşayan yeni dünyada ortaq problemləri olan Azərbaycan və gürcü xalqlarının diasporlarının bir-birinə dəstək verməsinə ehtiyac var. “Belə məsələlərdə gürcü diasporunun da digər bir çox xalqın diasporları kimi dünyada yaşayan azərbaycanlıların yanında olmasını arzu edirik” - deyən Nazim İbrahimov sözügedən istiqamətdə konkret addımların atılmasının vacib olduğunu bildirib. Gürcüstanın Dövlət naziri isə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan və gürcü diaspor təşkilatları arasında münasibətlərin və əməkdaşlığın inkişafı məqsədilə yaxın gələcəkdə Azərbaycan və Gürcüstanın diaspor siyasəti ilə məşğul olan dövlət qurumları arasında memarandum imzalanmasını təklif edib. Nazim İbrahimov bu memorandum çərçivəsində təkcə diaspor təşkilatlarının deyil, həm də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Diasporla İş üzrə Nazirliyi arasında təcrübə mübadiləsinin mümkün olacağını söyləyib.

Görüşün sonunda “Mən Azərbaycana səfərimdən fövqəladə dərəcədə razıyam” deyən Yulon Qaqoşidze Nazim İbrahimovu Gürcüstana səfərə dəvət edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Namiq Əliyev və Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nikoloz Natbiladze, Dövlət Komitəsinin və Gürcüstanın Azərbaycandakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Yulon Qaqoşidze mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanovla da görüşüb. Dövlət naziri bu gün Gürcüstanın Azərbaycandakı səfirliyində ölkəmizdəki gürcü diasporunun təmsilçiləri, Saatlı rayonunda məskunlaşmış Ahıska türklərinin nümayəndələri, eləcə də Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin üzvləri ilə görüşəcək. Bundan başqa Yulon Qaqoşidzenin Qax, Zaqatala və Balakən rayonlarına səfəri, bu bölgələrdə yerli dövlət orqanlarının və gürcü diasporunun üzvləri ilə görüşləri də planlaşdırılıb. Səfər martın 7–dək davam edəcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1673

Oxşar yazılar