Azay Quliyevin təklifi ATƏT PA-nın I Komitəsində qəbul edildi
09 iyul 2010 10:45 (UTC +04:00)

Azay Quliyevin təklifi ATƏT PA-nın I Komitəsində qəbul edildi

Məruzənin yeni variantı bu gün ATƏT PA-da müzakirəyə çıxarılacaq

Millət vəkli Azay Quliyevin “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusunda hazırlanmış məruzə ilə bağlı təklifi iyulun 8-də ATƏT Parlamenti Assambleyasının (ATƏT PA) I Komitəsində səsverməyə çıxarılıb və qəbul edilib.

Lent.az-ın verdiyi məlumata görə, məruzəçi Roberoto Miqliorinin məruzəsinin yeni variantında artıq təkcə Moldovanın Transdnestryanı bölgəsi yox, MDB məkanındakı digər nəzarətdən kənar ərazilər, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayon nəzarətdən kənar bölgə kimi qeyd olunub.

Bu gün məruzənin düzəliş edilmiş yeni variantı ATƏT PA-nın sessiyasında səsverməyə çıxarılacaq.

Qeyd edək ki, iyulun 7-də Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) on doqquzuncu illik sessiyası öz işinə başlayıb. Tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir. Sessiyada “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusu ətrafında müzakirələr aparılıb. ATƏT PA-nın sədri Joao Soareşin, Baş katib Spenser Oliverin məruzələri dinlənilib, quruma üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq barədə danışılıb. “Qanun aliliyi: transmilli cinayət və korrupsiya ilə mübarizə” mövzusunda I Komitə üçün hesabatın müzakirəsində Milli Məclisin deputatı Azay Quliyev çıxış edib. Azay Quliyev çıxışında məruzəçi Roberoto Miqlioriyə hərtərəfli və maraqlı hesabatına görə təşəkkür edib. O, hesabatı kifayət qədər faydalı və praktik saydığını bildirib: “Ancaq hesabata istinad edərək cənab Miqlioridən bir müşahidəsi və ya məsələ ilə bağlı çıxardığı nəticəyə aydınlıq gətirməsini istərdim. Siz qeyd edirsiniz ki, ATƏT-in əhatə etdiyi regionlarda beynəlxalq aləm tərəfindən tanınmayan bir ərazi mövcuddur ki, beynəlxalq səviyyəli nəzarət təmin edilmədiyinə görə orada ticarətin qadağan olunmuş bütün növləri üçün münbit zəmin yaranıb. Bu bölgə Transdnestriyadır ki, o həm Moldovanın ərazi bütövlüyü üçün siyasi problemdir, həm də bütün ATƏT bölgəsinin təhlükəsizliyini böyük sual altına qoyur. Bu problem mütləq həll olunmalıdır. Bu nəticə doğrudur və mən onunla razılaşıram. Ancaq Transdnestriya bu situasiyada olan yeganə ATƏT bölgəsi deyil. Məsələn, 17 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan və beynəlxalq aləm tərəfindən tanınmayan bu ərazilər də, həmçinin, nəzarətdən kənardadır. Azərbaycanın işğal altında olan və nəzarətsiz qalan torpaqları regionun sülh və sabitliyinə böyük təhlükə təşkil etməklə yanaşı, müxtəlif transmilli cinayətlər üçün istifadə edilir. Niyə məruzəçi cənab Miqliori Azərbaycanın işğal edilmiş əraziləri olan Dağlıq Qarabağ və ətraf 7 rayonu nəzarətsiz bölgə kimi hesabata salmayıb? Bundan başqa, mən hesab edirəm ki, mövcud münaqişənin həllində ATƏT vasitəçiliyə səlahiyyətli bir qurum olduğuna görə bu fakt ATƏT-in Parlament Assambleyasının bütün mümkün və müvafiq qətnamələrində əks olunmalıdır. Biz bu həqiqəti, reallığı qəbul etməliyik. Ümid edirəm ki, bizim Komitə bu məsələ ilə bağlı özünün doğru qərarını verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar