İran səfiri: “İsrail rejimi xərçəng xəstəliyinə bənzəyir” - MÜSAHİBƏ
04 iyun 2010 19:00 (UTC +04:00)

İran səfiri: “İsrail rejimi xərçəng xəstəliyinə bənzəyir” - MÜSAHİBƏ

İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhraminin APA-ya müsahibəsi


- Son zamanlar Azərbaycanda çaylar məcrasından çıxaraq subasmalara səbəb olub. Təbii fəlakətin baş verməsi İranın Xudafərin su anbarından suyu normadan artıq buraxması ilə əlaqələndirilir.


- Biz Azərbaycanla qonşu ölkəyik, 700 kilometrə yaxın sərhədimiz var. Dövlət başçılarımız əlaqələrin inkişafı üçün çox işlər görüblər və buna daim çalışırlar. Mən elə düşünürəm ki, əgər hər yerdə mehribanlığın və səmimiyyətin hakim olmağını istəyiriksə, əmin olun ki, o yerdə düşmənlər dərhal fəaliyyətə keçir. Dərhal səmimiyyəti böhrana, qarşıdurmaya, kin-küdurətə çevirmək istəyirlər. Ağıl sahibləri buna heç vaxt yol verməzlər. İran-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyənlər müxtəlif yollardan istifadə edirlər. Amma buna asanlıqla nail olmaq olmaz. İranın ağıllı, savadlı, dünyagörüşlü dövlət rəhbərləri var. Bacardığımız qədər xalqlarımızın yaxınlaşması, eləcə də rifahı üçün iqtisadi, mədəni və siyasi amillərdən istifadə edəcəyik. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycanın haqq işini həmişə beynəlxalq səviyyədə dəstəkləyib, Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub. İki ölkə arasında müəyyən sahələrdə fikir ayrılığı ola bilər, amma bu münasibətlərin korlanmasına və zəifləməsinə əsas verməz.


Xudafərin su anbarından suyun artıq miqdarda buraxılmasına gəldikdə isə, artıq “Meliorasiya və Su Təsrrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadə İran tərəfindən problem olmadığını bildirib və biz də bəyan edirik ki, su normaya uyğun buraxılıb. Bu prosesi Azərbaycan tərəfi də müşahidə edib və təsdiqləyib.


Hazırda İran islam inqilabının banisi İmam Xomeyninin vəfatından 21 il keçir. Onun qoyduğu yolla gedərək biz İranı dünyada ən inkişaf etmiş ölkələrin sırasına çatdırmışıq. Bizimlə əməkdaşlıq edən ölkələr, o cümlədən dost və qardaş Azərbaycanla münasibətlərdən həmişə məmnun qalıblar.


- İran İslam İnqilabının rəhbərinin vəfatından 21 il ötür. Onun yürütdüyü xarici siyasət haqqında nə deyə bilərsiniz?


- İmam Xomeyni islam peyğəmbərindən və imamlardan sonra tarixdə nümunəvi bir şəxsiyyət olub. Onun fikirləri, düşüncələri və kitabları ilə tanış olanlar bilirlər ki, o, təkcə İran xalqına məxsus deyildi, bəlkə də bütün islam aləminə və bəşəriyyətə aid idi. O bütün insanları sevirdi, insanlar arasında ədalətin bərpa olmasının tərəfdarı idi. Mən elə bilirəm ki onun haqqında lazımı qədər tanıtım xarakterli işlər görülməyib. Mərhum İmam Xomeyni insanların şərəf və ləyaqətinin qorunmasında çox həssas idi. O deyirdi ki, insan Allahın yer üzərində nümayəndəsidir. İnsanlar arasında heç bir fərq yoxdur. İnsanlar yalnız elminə, imanına və bir-birindən bacarığına görə seçilirlər.


İnqilab rəhbəri insanın aliliyi haqda eləcədə öz nəfsinin əsiri olmamağı azad olması haqda kitablar yazıb. Onun dəyərli əsərləri kifayət qədərdir. O İranı şah rejimindən xilas etdi. Şah rejimi dövründə ölkədə cinayətkarlıq, zülm, fəsad və özbaşınalıq hakim idi. Xüsusən də ABŞ və xarici qüvvələr İranın sərvətini mənimsəyərək istədiklərini edirdilər. Mərhum Xomeyni İran vətəndaşlarını bu böhrandan xilas etdi və onun dəyərlərini özünə qaytardı.


İnqilab rəhbəri xarici siyasətində ölkələrin müstəqil olmasına təkid edirdi. O bildirirdi ki, bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır. Qüdrətli ölkələr kiçik ölkələri tapdalamamalı, onlara təzyiq görsətməməli, onların ərazilərini işğal etməməlidir.
İmam Xomeyni dünyada güc tətbiq etməyin əleyhinə idi. Sizə bildirim ki, o həqiqətən dediklərinə əməl edir, hakimiyyət və dövləti insanların kamilliyə, yüksəlişə çatması üçün bir vasitə hesab edirdi. İran xalqı onun gəlişi ilə yeni nəfəs tapdı.


- Qəzzaya humanitar yardım aparan gəmilərə İsrail hərbiçiləri tərəfindən hücumu barədə nə deyə bilərsiniz?


- İşğal və mühasirədə olan Qəzzaya humanitar yardım aparan sülh və azadlıq karvanına cinayətkar və vəhşi İsrail ordusu tərəfindən hücum olmasını pisləyirik. Bu karvan müxtəlif ölkələrdən bir araya gəlmiş insanların simvolik olaraq yaratdığı bir sülh karvanı idi. Bunu dostluqla qarşılamaq lazım idi. Fələstinli olan, bu torpaqlarda didərgin şəraitdə yaşayan və dünyanın digər ölkələrinə mühacirət etmiş insanlara azad və demokratik bir seçki keçirməsinə icazə versinlər. İnsanların hüquqları bu rejimin hakim olduğu məntəqədə hər an pozulur və buna heç məhəl də qoyulmur. Bu, Dağlıq Qarabağa da aiddir. Əgər Qarabağda seçki olarsa, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu məsələ Qarabağdan qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra öz həllini tapa bilər. Qarabağda separatçı rejimin keçirdiyi seçkilərin heç bir əsası yoxdur. Eləcə də Fələstindən qovulan, qaçan zülm edilən insanlar hamısı evlərinə qayıtmalıdır. Bu bir insani məntiqdir və bunu bütün ağıllı və savadlı şəxslər qəbul edirlər. Qəzzaya gedən azadlıq və sülh karvanına hücumu İran da, Azərbaycan da, Qərb ölkələri də, hətta İsrailə yardım edən ölkələr də pisləyib. Bu, vəhşilikdən başqa bir şey deyil. Onların bu hərəkəti İsrail rejiminin iç üzünü daha da açdı və bütün dünyaya göstərdi. İsrail rejimi xərçəng xəstəliyinə bənzəyir, bundan qurtarmağın yolu onu kəsib atmaqdır. Bəlkə bəşəriyyət o xərçəng kəsilib atıldıqdan sonra rahatlığa çıxar.
# 746

Oxşar yazılar