Vəfa Quluzadə: “Zibili olan adamlar belə addım atmırlar” - MÜSAHİBƏ
11 mart 2010 19:00 (UTC +04:00)

Vəfa Quluzadə: “Zibili olan adamlar belə addım atmırlar” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadədir. Ömrünün 60-cı baharını yaşayan Vəfa Quluzadə bizimlə söhbətdə ömür yolundan, həyatda üzləşdiyi acılı-şirinli xatirələrdən danışdı...

- Vəfa müəllim, qarşıdan Novruz bayramı gəlir. Adətən, bu bayramı necə qarşılamısınız?

- Mənim uşaqlıq vaxtlarımda Novruz bayramı Azərbaycanda rəsmi surətdə tanınmamışdı. Azərbaycan sovet imperiyasının bir hissəsi idi, müstəqil dövlət deyildi. Bir çox mili və dini bayramlarımızı biz gizlincə evimizdə qarşılayır və keçirirdik. Novruz baramı da o cür idi. Uşaqlıqdan həmişə evdə Novruz bayramını xüsusi təmtəraqla qarşılamışıq. Evdə nənəm bir ailəlik yaxşı şəkərbura, paxlava bişirərdi.

- Ümumiyyətlə, necə bir ailədə böyümüsünüz?

- Atam Mirzağa Qluzadə alim, şərqşünas olub, Nizami adına Dil və Ədəbiyyat İnstitutunun (Ədəbiyyat İnstitutunun) rəhbəri idi. Nizami, Füzuli, Xəqani haqqında cildlərlə əsərləri çıxıb, böyük alim olub. Atamın adı doğulduğu yerdə əbədiləşdirilib, adına muzey, küçə var. Mən vəzifədə olduğum vaxt atamın adını Bakının bir küçəsinə belə verməyə cəhd etməmişəm. Bu kimi məsələlərə bizim ailədə münasibət tamam başqa idi. Bu cür işlərlə məşğul olmamışam.
Anam da məşhur adamdır. Uzun müddət Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib. 3 romanın müəllifidir. Yaşa dolub, işləməyəndə əli qələmdən düşməyib, roman yazıb. 1930-cu illər Azərbaycan ziyalılarının həyatından roman yazıb. Qısası, ailəmiz ziyalı ailəsi olub. Anam tərəf Dilbazilər nəslindən, Qazax tərəfdəndir. Anam tərəf bəy nəslindən olub, ona görə də 1930-cu illərdə repressiyalara məruz qalıblar. Nənəmin atası öldürülüb, nənəsi və babası Qazaxıstana, başqa qohumlar Sibirə sürgünə göndərilib. Qohumların çoxu Türkiyəyə gedib, Türkiyədə nicat tapıblar. Sovet hökuməti dağılandan sonra mən Türkiyəyə gedib, onların hamısını bir yerə yığdım, görüşdük. Bəzilərini Azərbaycana dəvət etdim, qohum-əqrəba burada onlarla görüşdü.
Anamın bacısı Mirvarid Dilbazi xalq şairəsidir, məşhurdur, tanınır. Onun şeirlərinə musiqilər yazılıb, indi də oxunur.

- Deməli, atanız ananızla evlənməklə əslində böyük risk edib?

- Atam qəhrəmancasına addım atıb, 1937-ci ildə anamla evlənib. Anam xalq düşmənlərinin siyahısında idi və Stalin tərəfindən repressiyalara məruz qalan bir nəslin qızı idi. Ona görə də Qazax tərəfə getməmişik, Qazaxdan bizim bütün qohum-əqrəba sürgün olunub. Atam da 1930-cu illərdə Bakıya gələndən sonra elmlə məşğul olub. Nadir hallarda biz rayona gedərdik. Amma rayondan bizə qonaq-qara gələrdi, evimizdə qalardı. Yadımdadır, hətta küçə eyvanında yatırdılar.

- Ancaq mən sizin tərcümeyi-halınızla bağlı məlumatları oxuyanda bir yerdə Bakıda, bir yerdə Qazaxda anadan olduğunuz barədə məlumata rast gəldim.

- Yox, mən Bakıda anadan olmuşam.

- Uşaqlıq illərində necə, Qazaxda olmusuz, yoxsa siz də heç getməmisiniz?

- Mən müharibə illərində Qazağın Astanbəyli kəndində böyümüşəm. Çünki müharibə başlayan kimi atam sovet ordusuna getdi. 1941-ci ildən 1946-cı ilə qədər atam sovet ordusunda olub. Müharibə qurtarandan sonra atamı buraxmaq istəmirdilər. Atam müharibə illərində qərargahda görkəmli zabitlərdən biri olub, əvvəlcə onu sovet ordusu sıralarında saxlamaq istəyiblər. Ona görə də 1945-ci ildən sonra 1 il onu tərxis etməyiblər. Atam böyük çətinliklərə Azərbaycana qayıdıb, elmi işini davam etdirdi. Orduya gedəndə müdafiəsi yarımçıq qalmışdı. Atam müdafiə edib elmlər namizədi, daha sonra doktor oldu.

- Müsahibələrinizə diqqət yetirərkən məndə belə təəssürat oyandı ki, nənənizin təsiri sizin üzərinizdə daha böyük olub.

- Nənəmin təsiri çox böyük olub. Ona görə ki, atam müharibə illərində orduda idi, biz ucqar bir kənddə yaşayırdıq. O zaman Astanbəyli çox ucqar bir kənd idi. Bu kənddə gecələr heç işıq olmurdu. Bizim qaldığımız daxmanın döşəməsi taxta deyildi, torpaq idi. Çox çətin şəraitdə yaşamışıq. Nənəm böyük bir nəslin qızı, Paşa bəyin həyat yoldaşı idi, mənə bizim nəslin bütün tarixçəsini danışmışdı. Nənəmdə həm də böyük tərbiyəçi xüsusiyyətləri vardı. O, uşaqlıqdan məni sərt tərbiyədə böyüdüb. Kişi nə cür olmalıdır? Kişinin sözü bir olmalıdır, kişi gərək iş görsün, kişi gərək yorulmasın. Üstəlik, mənə siyasi təhsili də nənəm verdi. Nənəm başa saldı ki, bizim ailə tamamilə günahsız bir ailə idi, amma sovet hökuməti onların hamısını məhv etdi. Mənə başa saldı ki, sovet hökuməti cinayətkardır. Mənə deyirdi ki, şəklini gördüyümüz Lenin cinayətkardır. Leninin manyak və cinayətkar olmasını indi hər yerdə deyirlər. Deyirlər ki, Leninin ailəsi olsaydı, bəlkə başqa cür adam olardı. Amma Lenin pozğun bir adam idi, elə ölməyi də sifilisdən oldu. Bu cür adam gəlib o boyda imperiyanın başında dayandı. Heç Lenini İkinci Nikolayla müqayisə etmək olardı? Oradan-buradan marksizm ideologiyasına yiyələnmiş, dünyada inqilab etmək ideyası ilə yaşayan, insan həyatını bir qəpiyə saymayan şəxs idi. Ondan sonra hakimiyyətə gələn Leninin davamçısı Stalin böyük qanlar tökdü. Stalinin Azərbaycanda tökdüyü qanların hələ də üstü ört-basdır olunur, hələ də arxivlər açılmayıb. Bir dənə Hüseyn Cavidlə Mikayıl Müşfiq repressiyaya məruz qalmayıb. Azərbaycan xalqının bütün qaymağı uzun müddət repressiyaya məruz qalıb. Bu, həm sovet hökuməti qurulanda oldu, həm də “kulak”ları, bəyləri, ağaları məhv edəndə oldu. Ondan sonra kəndlilərin özü də “kulak” kimi bu siyahılara düşdü, məhv oldu. Bakının ziyalılarına gəlincə, Bakı Yaxın Şərqin ən inkişaf etmiş bir ziyalı mərkəzi idi. İkinci Dünya Müharibəsində Krım kampaniyası zamanı o ziyalılardan bir diviziyanın hamısını sovet hakimiyyəti Baqramyanlarla bərabər Hitler ordusunun bombardmanı altına göndərdi. O ziyalıların hamısı orada qırıldı. İndi bizdə bir Krım kampaniyasını öyrənən yoxdur, arxivləri açmırlar. Demirlər ki, sovet hökuməti Azərbaycan xalqına necə dəhşətli zülmlər edib və Azərbaycan xalqını xalq kimi məhv edib, silmək istəyib. Bunların hamısı gizlindir. Bunların hamısını indi bizim böyüyən millətpərvər nəsil oxuyacaq və hamısını ifşa edəcək. Onun vaxtı gələcək. Azərbaycan xalqının başına tək Qarabağ faciəsi gəlməyib. Bizə sovet hökuməti, ondan əvvəl çar hökuməti tərəfindən yüz Qarabağ faciəsi yaşadılıb. Bizim torpağımızda Ermənistan yaradıblar. Biz müharibədən sonra Qazaxda, Astanbəylidə bir il də qaldıq. Evimiz olmadığı üçün Bakıya qayıda bilmədik. Biz yayda arandan yaylağa, Dilicana gedirdik. Oraların hamısı bizim torpaqlardır. Ermənistan Azərbaycan torpağıdır, bunu unutmaq lazım deyil. Bir gün biz oranı da azad edəcəyik. Çünki ermənilər orada ögey toxum kimi çar Rusiyası, ondan sonra sovetlər tərəfindən səpələnib. Nəyə görə ermənilər bizim musiqimizi oğurlayırlar? Nəyə görə bizim xörəklərimizi öz adlarına çıxırlar? Ermənilərin adlarına baxın. Bizim adları da qəbul ediblər. Allahverdiyanlar, Muradyanlar, Seyranyanlar… Ermənilər kökü kəsilmiş, dünyaya səpələnmiş millət idi. Onları çar hökuməti işğalçı məqsədlərinə görə istifadə etmək üçün torpaqlarımızda məskunlaşdırdılar. Miskin azərbaycanlıları bədbəxt edib, onları evlərindən-eşiyindən çıxarıblar və erməniləri ora soxublar. Çar dövründən başlayan siyasət indiyə qədər davam edir. Bəli, biz indi müstəqil dövlətik, torpaqlarımızın 20 faizi yenə də ruslar tərəfindən onlar üçün işğal olunub. O torpaqların nə vaxt azad olunacağı da məlum deyil. Söz-söhbətlər boş-boş şeylərdir, hələlik işğal altındakı torpaqlarımızın azad olunması üçün heç bir ciddi məsələ yoxdur. Bizim 1920-ci illərdə işğal olunan ərazilərimiz yenə niyə unudulub. Nəyə görə Göyçə, Zəngəzur unudulub? Azərbaycanda heç kəs İrəvan xanlığını xatırlamaq istəmir. Onların hamısı bizimdir.

- Sovet rejiminin mahiyyətinə bu qədər bələd olmusunuz, belə bir ailədə böyümüsünüz, amma sovet dövründə Misirdə, Əlcəzairdə diplomat kimi mühüm vəzifələrdə çalışmısınız. Bu necə olub?

- Sovet hakimiyyəti bütün işğal olunmuş xalqlar üçün əbədi qurulmuş bir hakimiyyət kimi görünürdü. Mənə də tərbiyə verən nənəm dedi ki, onlar canidirlər, cinayətkardırlar, amma çıxış yolun yoxdur, onlarla ayaqlaşmalısan. Mən də ayaqlaşıb, onlardan üstün olmuşam. Məsələn, sovet dövründə işlədiyim səfirliklərdə 1 nömrəli mən olmuşam. Başqa çıxış yolu yoxdur. Sovet dövründə sovet hakimiyyəti əleyhinə mübarizə aparan olmayıb. Milyonlarla qırılan insanlar günahsız insanlardır. Sovet hakimiyyətinin ilk illərində keçmiş inqilabçılar bolşeviklərlə mübarizə aparmaq istəyiblər. Onları da qıraraq məhv ediblər. Ondan sonra da bu böyük imperiyanı qorxu içərisində saxlamaq üçün “raykom”a siyahı göndərirdilər ki, bizə güllələnmək, yaxud Sibirə göndərmək üçün 100 adam verməlisən. Bu cür dəhşətli rejimdə yaşamışıq.
Amma sözsüz ki, mən adi sovet gənci olmamışam. Çünki mən daxilən bu rejimin iç üzünü bilmişəm. Amma mənim dil qabiliyyətlərim parlaq olub. Mən necə sovet diplomatiyasının sırasına düşmüşəm? Sovet İttifaqı o zaman Yaxın Şərqdə genişlənmə siyasəti aparırdı, Yaxın Şərqi tutmaq istəyirdi. Ərəbşünas, şərqşünas kadrlar çatmırdı. O zaman SSRİ Xarici İşlər Nazirliyi biliyimə görə məni seçdi. Mənim keçmiş bioqrafiyama da göz yumdu ki, artıq çox vaxt keçib, bunun dəxli yoxdur, mən tam sovet adamıyam.
Mən həqiqətən 20 yanvar 1990-cı ilə qədər sovet diplomatiyası uğrunda xalis sovet adamı kimi şərəflə çalışmışam.

- Deməli, 20 yanvar həyatınızda dönüm nöqtəsi oldu…

- Bəli. 20 yanvardan əvvəl də mən xaricdə işləyə-işləyə Türkiyə səfirliyi ilə əlaqəyə girdim. Türkiyə səfirliyinə sovet hökumətinin Azərbaycana qarşı cinayətkar siyasətini izah etdim. 20 yanvar hadisəsi baş verəndən sonra Türkiyə səfirliyindən siyasi sığınacaq istədim ki, mənə televiziya verin, Qorbaçovu ifşa edim. Onlar buna getmədilər, çünki NATO üzvü kimi ABŞ-la birgə Qorbaçovun dostu idilər. Çox şad idilər ki, Qorbaçov Sovet İttifaqını dağıdır, yıxır. Mən o zaman Əlcəzairdə işləyirdim, oradakı başqa azərbaycanlılar Bakıda baş verən hadisələrə tamamilə laqeyd idilər. Onlar hesab edirdilər ki, sovet hökuməti haqq edib bizi qırır. Çünki onlar sovet adamı kimi tərbiyə olunmuşdular. Mən isə üzdən özümü sovet adamı kimi göstərirdim. Qohum-əqrəba məşhur bir filmdən sonra mənə zarafatla ləqəb vermişdilər. Mən onların arasında rus idim, amma qəlbən rus deyildim. Amma qohumlarım arasında ürəklərində sovet rejiminə nifrəti qalanlar məni özlərinə ögey hesab edirdilər. Ona görə ki, mən sovet diplomatı idim. (gülür) İnsanın taleyində və həyatında belə təzadlar olur.

- Azərbaycan müstəqillik qazandıqdan sonra şərti olaraq 3 hakimiyyət erası olub. Ancaq o hakimiyyətdə təmsil olunmuşlar və mövcud hakimiyyətdə təmsil olunanların sizə münasibəti xüsusidir. Belə desək, onların hamısı sizi özününkü sayır. Bu, nə ilə bağlıdır?

- Çünki mən mili maraqlara xidmət etmişəm. Mən heç vaxt acgöz olmamışam. Böyük vəzifələr tutmuşam, amma heç vaxt vəzifədən sui-istifadə edərək özüm üçün maddi maraqlar yaratmamışam. Məsələn, mən 1999-cu ildə istefaya gedəndə ABŞ şirkəti böyük maaşla məni işə götürdü. İmkanım oldu ki, bağ evi alım. Heç kəs inanmırdı ki, bağ evim yoxdur. Deyirdilər ki, 30 ildir ki, yüksək dövlət vəzifələrindəsən, Mərkəzi Komitənin şöbə müdiri olmusan, 3 prezidentlə də dövlət müşaviri olmusan, elə şey olar ki, sənin bağ evin olmasın?! Mən vəzifədə olduğum dövrdə hökumət Mərkəzi Komitə işçilərinə 3 otaqlı mənzil verirdi. Mən bundan artığına nail olmamışam, heç cəhd də etməmişəm. Mən cəhd etsəydim, başqaları kimi olardım, ondan sonra ifşa da olardım. Əgər mənim bioqrafiyamın gizli səhifələri olsaydı, onu Heydər Əliyev də, bu hakimiyyət də çox gözəl bilərdi. Mənim cəsarətim çatmazdı ki, durub istefaya getdiyimi söyləyim. Zibili olan adamlar belə addımlar atmırlar. Ona görə də bu, Azərbaycan tarixində birinci addımdır, belə addım olmayıb. Nə mən, nə mənim uşaqlarım heç vaxt acgöz olmayıblar. Bu, genetik xüsusiyyətdir. Biz dünyaya gözütox gəlmişik. Vəzifə də yaranıb ki, xalq üçün bu vəzifədə işləyənlər işləsin. Çox təəssüf ki, hamı bu vəzifəni mənimsəyir və bu vəzifəni özünə işlədir. Dara düşəndə də onu ifşa edirlər, villalarını əlindən alırlar, bankdakı pullarına həbs qoyurlar. Mən çox rahat yatır, çox rahat yuxudan dururam.
Böyük bir oliqarxın qohumu ilə tanışam, yaşlı kişidir, ağıllıdır. Bu günlərdə o, mənə yaxınlaşdı. Dedi ki, Vəfa müəllim, bilirsiniz, sizin bu müstəqilliyiniz, azadlığınız nəyə dəyər?! Dedim ki, mən onu çox gözəl bilirəm, çox qiymətli şeydir. Dedi ki, televiziyada danışığınızdan hiss olunur ki, siz heç kəs tərəfindən idarə olunmursunuz, orada özünüzsünüz. Onu düz deyir. Mənim mülküm olmasa da, özümü çox varlı insan hesab edirəm. Çünki təmiz, müstəqil və azad olmaq böyük varidat, sərvətdir. Bunu xırda adamlar başa düşə bilmirlər. O sərvət insanın həyatı, qanı ilə qazanılır. Bioqrafiyama baxsanız, çox sayda mənim çətin vəziyyətlərim olub. Mən xaricdə qaynar nöqtələrdə işləmişəm. Siyasi Büroda olanların uşaqlarını Avropaya, Londona, Parisə və s. göndərirdilər. Amma məni kimilər müharibə gedən yerlərə gedirdilər və orada da baş çıxarırdılar.

- Hələ də bəziləri fərli mülahizələrlə çıxış etsələr də, müasir Azərbaycan tarixində Milli Azadlıq Hərəkatının lideri qismində Əbülfəz Elçibəyin, Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmlənməsində Heydər Əliyevin rolunu inkar etmək absurddur. Bu iki şəxslə də sizin yaxın münasibətləriniz olub. Bu münasibətlər necə yaranıb?

- Tale elə gətirib ki, Əbülfəz Elçibəy mənim cavanlıq yoldaşım olub. Biz onunla universitet dövründə yaxınlaşmışıq və bir çox məsələlərdə dünyagörüşümüz yaxın idi. Həm də Elçibəy çox mehriban insan idi. Elçibəyə bizim ailəyə gəlmək böyük bir şadlıq idi. Elçibəyin ziyalılığa, elmə həvəsi çox böyük idi. Ailəmizə gəlib atamla, anamla söhbət etmək, bizim evdə çörək yemək Elçibəy üçün böyük hədiyyə idi. O vaxt bizim şəxsi dostluğumuz yarandı. Mən Milli Azadlıq Hərəkatında olmamışam, xaricdə olmuşam. Bir azərbaycanlı kimi xalqımıza kömək etmək və bizə olan təcavüzə cavab vermək üçün Əlcəzairdə olduğum vaxt Əlcəzair mətbuatında xeyli iş görmüşəm, öz adımla yox. Sovet səfirliyinin ətrafında əlcəzairlilərin, islamçıların nümayişinin də təşkil etmişəm. Ancaq mənim Elçibəylə şəxsi münasibətlərim olub.
Tale elə gətirib ki, Heydər Əliyevlə də əlaqəmiz şəxsi münasibətlərdən başlayıb. Heydər Əliyev 1973-cü ilin yazında sovet partiya nümayəndə heyətinin başında Qahirəyə gəlmişdi. Orada mən Heydər Əliyevə xeyli kömək etdim ki, onun səfəri uğurlu keçsin. Bu səfərdə Heydər Əliyevlə birgə elmlər namizədi olan bir tərcüməçi gəlmişdi. O, nə Misir, nə də Yaxın Şərq siyasətini bilirdi. Üstəlik də Misir dialektini bilmirdi. Buna görə də səfər uğursuz başlamışdı. Heydər Əliyev səfərin ikinci günü sovet səfirinə müraciət etdi ki, nə edək, deyəsən, bu oğlan hər şeyi batırır. Səfir də məni məsləhət gördü, dedi ki, bizim səfirlikdə 1 nömrəli Vəfa Quluzadədir. Heydər Əliyevin səfəri çox uğurlu keçdi. Heydər Əliyevin dediyini misirlilərə çatdırmaq, orada xoş əhval-ruhiyyə yaratmaq… Mən o zaman Misirdə yaxşı tanınmışdım. Ənvər Sadatın prezident aparatında, Misirdə aparıcı olan Sosialist Partiyasında yaxşı tanınmış adam idim. Ona görə də bütün qapıları Heydər Əliyev üçün barmağımla açırdım. Heydər Əliyev də gözəl danışan, natiq, səfər çox uğurlu keçdi. Onunla da Heydər Əliyevlə dostluğumuz yarandı. Şəxsən mən onu, o da məni tanıdı. Mən Mərkəzi Komitəyə gələndə artıq görkəmli sovet diplomatı idim. Mən Misirdə müharibədə iştirak etmişəm. Müharibədən sonra məni istisna olaraq Misirdən sovet nümayəndə heyətinin tərkibində Cenevrəyə göndərdilər. Nümayəndə heyətinin başçısı da Qramıko idi. Mən bu cür işlərdən keçmişəm. Mən Yaxın Şərq tənzimləməsində yaxından iştirak etmişəm.
Ondan sonra Heydər Əliyev məni Azərbaycanın Mərkəzi Komitəsinə dəvət edib. Mən də bir-iki dəfə “yox” demişəm. Ona görə ki, mən diplomatik karyeramı davam etdirmək fikrində idim. Amma sonralar razılığımı verdim. Moskvada Xarici İşlər Nazirliyində uzun müddət işləmək ailə vəziyyətimə görə mümkün deyildi. Uşaqlar dünyaya gəldi, mənim başım çox qarışıq, ailə Moskvada köməksiz yaşaya bilmirdi, çətin idi. Ona görə də qərara gəldim ki, bir neçə il Bakıya qayıdım. O zaman da Heydər Əliyevə zəng edib, “hə” dedim. Bizim əlaqəmiz belə oldu. Amma Mərkəzi Komitəyə gedənlərin çoxunu ya dayısı, ya xalası tapşırırdı, ya dostbazlıqla ora gəlirdi. İkincisi, Heydər Əliyev hakimiyyətə gələndə onun ətrafında xarici siyasətdən başı çıxan bir adam yox idi. Ona görə də Heydər Əliyev özü mənə müraciət etdi, mən ona müraciət etmədim. Mən Əbülfəz Elçibəyin dövlət müşaviri idim. Heydər Əliyev dedi ki, Vəfa, biz bir-birimizi çoxdan tanıyırıq, mən istəyirəm ki, sən mənimlə çalışasan, nə deyirsən? Mən də dedim ki, razıyam. Həqiqətən də Heydər Əliyev uzun müddət xarici işlər nazirini təyin etməzdən əvvəl bütün xarici işləri mən aparmışam. Heydər Əliyevin bütün bəyanatlarını hazırlamış, xarici səfirliklərlə əlaqələrini qurmuşam. O da məlum deyil ki, Heydər Əliyev məni nə qədər saxlamaq fikrində idi. Gördü ki, yeni dövrdə işdə özümü tamamilə doğrultmuşam.
Bir dəfə məclis vardı. Məclisdə ABŞ konqresmenləri oturmuşdu. Həmin Məclisdə Azərbaycan tərəfdən spiker, xarici işlər naziri, Prezident Aparatından işləyənlər vardı. Heydər Əliyev dedi ki, hakimiyyət dəyişdi, sovet hökuməti yıxıldı, hamı batdı, Vəfa özü üzə-üzə çıxdı, amma burada oturanları da mən çıxarmışam. Yəni mən özüm üzmüşəm, Heydər Əliyevin çıxardığı həmin batan adamların isə adlarını demirəm, indi də onlar böyük vəzifələrdədirlər.

- Səbəblərinə toxunmaq istəmirəm, bəs dövlət müşaviri kimi istefa qərarınız Heydər Əliyev tərəfindən necə qarşılandı?

- Mən deməmişəm, amma qəzetlər özləri başa düşüb, həqiqəti yazıblar. Bax belə…

- Uzun müddət yüksək vəzifələrdə işləmisiniz. İndi günləriniz necə keçir? Darıxırsınız, yoxsa…

- Mən çox məşğulam. Birincisi, keçmişdə səfirliklərlə necə əlaqəm olubsa, hamısı qalıb. Məsələn, Azərbaycana dövlət katibinin köməkçisi gəlir, artıq onunla nahar etmək üçün dəvətnamə almışam. Bütün siyasi konfranslara məni dəvət edirlər, mən də seçirəm ki, hansına gedim, hansına getməyim. Məsələn, ayın 15-də burada böyük bir konfrans keçiriləcək, dəvət olunmuşam. Qafqaz Universitetində, Diplomatik Akademiyada mühazirə oxuyuram, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin işində yaxından iştirak edirəm. Digər tərəfdən, Azərbaycanda mənim qədər mətbuatla yaxınlıq edən insan tanıyırsınızmı? Demək istəyirəm ki, mənim darıxmağa imkanım yoxdur. Bu dəqiqə sizinlə danışıram, 3 nəfər mənimlə danışmaq üçün növbəyə durub.

- Yeri gəlmişkən, diplomat kimi qaynar bir həyat yaşamısınız. Ailə həyatını bu qaynarlıq içərisində nə zaman qura bilmisiniz, ailə həyatı özü nə dərəcədə asan, nə dərəcədə çətin oldu?

- Hər bir şəxsin ailə həyatı Allah tərəfindən buyruqdur. Mən hesab edirəm ki, məni kimi bir şəxsin ailə həyatı qala kimi möhkəm olmalıdır və belədir. Mənim iki övladım, gözəl yoldaşım var. Hər övladımdan iki nəvəm var. Heç birindən bu günə qədər narazılığım olmayıb.

- Dinlə bağlı məqamlara da toxunmaq istərdim. Vəfa müəllimin dinə münasibəti necə olub?

- Dünyaya gözümü açandan nənəm “Qurani-Kərim”in ayələrini mənə öyrədib. Nənəm öyrədib ki, allah birdir, allaha həmişə inanmalısan, kəlmeyi-şəhadətini bilməlisən. Nənəm mənə başqa duaları da öyrətmişdi. Amma sözsüz ki, bunları heç yanda heç kimə deməməli idim. Nənəm deyirdi ki, bu rejim insanları dinsiz öyrədir və dinə görə insanları təqib edirlər. Ona görə də mənim üçün yeni dövrdə din yeni bir şey olmayıb. Mən gözümü açandan allahın böyüklüyünə həmişə itaət etmişəm. Mən allaha həmişə inanmışam.

- Bəs dini rituallara necə münasibət bəsləmisiniz?

- Dini ritualların çoxu qondarmadır. “Quran”a dəxli olmayan ritualların heç birini qəbul etmirəm. Yalnız Allah, Məhəmməd peyğəmbər və “Quran” üç əsas məfhumdur. Amma bu gün min cür rituallar düzəldirlər. Məsələn, mən yas yerlərində cümə axşamlarına getməyi sevmirəm. Orada oxunanları eşidəndə ətim ürpəşir. Bizim bir çox ziyarətgahlar var, gedib gəlirlər. Bunların “Quran”a dəxli yoxdur. “Quran”da ziyarətgah kimi Məkkə göstərilib. Məkkədə də olmuşam, tanıyıram da. Amma Bakı camaatı kefi istəyir, hara gedir, onlar özləri bilərlər. Bir var din, bir də var xurafat. Xurafat qəbul olunmamalıdır. Xurafatı qəbul etmək günahdır.

- Nəhayət, Vəfa müəllim, siyasət insanlara dost qazandırır, yoxsa əksinə, dostlarının sayını azaldır?

- Siyasətdə dostluq olmur. Məsələn, mənim heç bir dostum yoxdur, çünki ömrüm boyu siyasətlə məşğul olmuşam. Siyasətdə dost ola bilməz. Mən vəzifədə olanda mənim çoxlu qohumlarım peyda olmuşdu, amma vəzifədən gedəndən sonra yox oldular. Mən də bunu çox gözəl bilirdim, çünki dəfələrlə sınamışdım. Məsələn, mən Mərkəzi Komitədə çalışırdım. Heydər Əliyev tərəfindən Mərkəzi Komitəyə götürülmüş bir şəxs kimi hamı mənə pərəstiş, hörmət edirdi. Amma Heydər Əliyevlə mənim aramda elə bir epizod oldu ki, onlara elə gəldi ki, mənim Heydər Əliyevlə aram dəyib. Heydər Əliyev xırda bir məsələ üçün əsəbiləşmişdi. Gördüm ki, mən nahar etdiyim masanın ətrafından bütün şöbə müdirləri qaçıb, yoxdurlar. Küçədə gedirəm, qarşıma çıxan küçənin o biri tərəfinə keçirdi. Bir qorxu şəraiti idi, hamı mənim kimi özünü sərbəst hiss etmirdi. Başa düşdüm ki, bu, hansı səbəbə görədir, fikir vermədim. Üzərindən bir neçə ay keçdi, yay gəldi. Yayda da Heydər Əliyev rayonlara səfərə gedir, özü ilə də bir qrup ziyalı götürürdü. Göstəriş verdi ki, Mərkəzi Komitənin şöbə müdiri Vəfa Quluzadə başda olmaqla, ziyalıların nümayəndə heyəti təşkil edilsin. Hamı başa düşdü ki, ortada heç bir şey yoxdur. Hamı birdən-birə mən tərəfə döndü. Bunlar gülünc, ağlamalı məsələlərdir. Sovet dövründə insanların qorxu hissələri, üstəlik, qeyri-bərabərliyi çox müdhiş məsələlər di.
Yadımdadır, Mərkəzi Komitənin şöbə müdiri olanda bir dəfə öz müavinimi şöbə müdirləri çay içən otağa çay içməyə dəvət etdim. Oradakı xidmətçi qadın hiddətləndi. Mənə xrustal, ona əyri-üyrü stəkanda çay gətirdi. Xidmətçidən soruşdum ki, sənin stəkanın yoxdur ki, buna belə stəkanda çay verirsən? Dedi ki, axı o, şöbə müdiri deyil, bura onun yeri də deyil. Təsəvvür edin ki, bisavad arvad sovet ideologiyası ilə zəhərlənmişdi. Nə olardı ki, bir otaqda şöbə müdiri ilə müavini çay içsin?!

- Bəs sizin dostlarınız hansı sferadadırlar?

- Məni çox adam tanıyır. Mənim dostum yoxdur. Hesab edirəm ki, siyasət sahəsində çalışan adam çətin dost tapar. Dost nə cür olur? Araq içdiyin insan dostdur, yaxud Mərkəzi Komitədə işlədiyim adamlar dostdurlar? Onlar dost deyillər, hərəsi özünü güdür. Yaxud Prezident Aparatında işlədiklərim dostdurlar? Dost deyillər, tanışdırlar. Müəyyən zamanlarda iş birliyi olanda bir yerdə çalışmışıq. Amma mənim işim həmişə elə olub ki, başqalarına qarışmayıb. Məsələn, mən bu müstəqillik dövründə Prezident Aparatında çalışmışam, xarici siyasətlə məşğul olmuşam. Mən uzaqdan tanımışam ki, filankəs kənd təsərrüfatı, filankəs təbliğat ilə məşğuldur, filankəs Prezident Aparatının rəhbəridir. Amma mən onunla heç bir iş görməmişəm. Mən yalnız Heydər Əliyevlə iş görmüşəm. Elçibəy olanda da yalnız Elçibəydən komanda götürmüşəm, başqalarını heç tanımamışam.
Yadımdadır, gülməli bir məsələ olub. Pənah Hüseyn dövlət katibi olanda həftədə bir dəfə “letuçka” keçirirdi. Mən də o “letuçka”lara getmirdim. Üstündən bir ay keçdi, mənə zəng vurdu ki, sən niyə bu “letuçka”lara gəlmirsən? Dedim ki, məni ora dəvət edən olub ki, gəlim?! Sən cəbhəçilərini dəvət etmisən, onlarla da otur. (gülür) Ondan sonra getmədim.
Yeri gəlmişkən, Pənah Hüseynin bir təhlükəsizlik konsepsiyası vardı, çox avara bir şey idi. Bunu Elçibəyə sırımaq istəyirdilər. Mən də gedib Elçibəyin yanında bunu başdan ayağa tamamilə tənqid etdim, dedim ki, bunun yeri deyil. Elçibəy də bununla razı oldu, qəbul etmədi. Ölkə dağılıb gedir, ruslar erməni adı ilə torpaqlarımızı işğal edir, biz təhlükəsizlik konsepsiyası qəbul edəcəyik?! Guya biz ABŞ-ıq! İkincisi, konsepsiya hər ölkənin mahiyyətindən çıxır. Onu kağıza yazıb, əllaməlik etmək lazım deyil. Ölkənin müstəqilliyi, təhlükəsizliyi, ordunun güclü olması, xalqın demokratik şəraitdə yaşaması, islahatların aparılmasını istəyirsən kağıza yaz, istəyirsən yazma. Ən gözəl alim, şair yazsın, qiyməti bir qəpikdir….


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1547

Oxşar yazılar