Bir qəzetin hekayəsi
10 noyabr 2012 18:59 (UTC +04:00)

Bir qəzetin hekayəsi

Azərbaycanın ən tirajlı qəzetlərindən olan “Yeni Müsavat”ın 23 yaşı tamam oldu. İlk sayı 1989-cu il, noyabrın 10-da işıq üzü görən bu qəzetin əsasını onun hazırkı baş redaktoru Rauf Arifoğlu qoyub.
Suluqlamış barmaqlarla yığılan ilk nömrə...

R.Arifoğlu qəzetin yarandığı vaxtları bu cür xatırlayır: “23 il öncə bu zamanlar böyük bir missiyanın ilk təməli atıldı. O zaman yenicə qurduğumuz Azərbaycan Milli Demokrat Partiyası Yeni Müsavata (AMDP Yeni Müsavat) bir yayın orqanı lazım idi. Bu partiyanı təsis edən və rəhbərliyini həyata keçirən 5 nəfərdən biri də mən idim. İdeoloji məsələlər üzrə Katiblər Şurasının üzvü seçilmişdim. Bundan əvvəl ”Birlik" cəmiyyəti adı altında yaratdığımız qurumun eyniadlı dərgisinə (gizli fəaliyyət göstərirdi) redaktorluğu həyata keçirirdim. Cəmi 4 nömrə buraxmışdıq və dərgi böyük maraq oyandırmışdı. Hər nüsxəsindən 20-30 min ədəd satırdıq.

Elə onun davamı kimi “Yeni Müsavat”ı buraxmağa başladım. Qəzetin ilk nüsxəsi A4 formatında, dərgi kimi hazırlandı. Orada “Şenol” imzası ilə mənim yazım, Milli Müsavat Partiyasının 30-cu illərdə qəbul olunan nizamnaməsi, Katiblər Şurasının digər üzvlərinin məqalələri dərc olunmuşdu. Həmin dərgini ilk səhifəsindən son səhifəsinə qədər makinada özüm yığdım, redaktə etdim, çapa hazırladım. Xatırlayıram, Mehdiabad qəsəbəsindəki yataqxana otağında qalırdım. Peşəkar olmadığım üçün bir neçə saat sonra makina barmaqlarımı əzdi, barmaqlarım suluqladı. Döşəkağından kəsib barmaqlarıma bağladım, başladım bu cür yazmağa. İki gün işlədim, nəhayətdə bitirdim. Özümü xoşbəxt-filan saymırdım, işimi görürdüm, vəssalam. Bu işin haralara vara biləcəyini, indi bütün dünyada tanınan, Azərbaycanımızın 1 saylı qəzeti olan “Yeni Müsavat”ın əsasının qoyulduğunu da anlamırdım təbii ki...

Şenol imzası tezliklə tanındı, hətta əfsanələşdi...”

23 yaşında idim, rus-kommunist rejiminə qarşı mübarizəyə 1 il öncə qoşulmuşdum. Silahlı müqavimət və mübarizə tərəfdarı idim. Yazar, redaktor ola biləcəyim ağlıma da gəlməzdi, amma başıma gəldi. Bütün yeniyetməliyim, gəncliyim şeir, hekayə, roman, gündəlik yazmaqla keçmişdi. Vərdişim vardı. Bu səbəbdən milli-azadlıq hərəkatının gedişində ortaya çıxan bir sıra fraqmentlərdə gördüm ki, üstəlik, bunu ətrafdakılar da anladılar ki, yazı-pozu, gizli dərgi işlərini məndən yaxşı bacaran yoxdur. İlk vaxtlar bu üstünlüyüm mənim özümə də təəccüblü gəlirdi. Şenol imzası ilə yazdığım məqalələrin on minlərlə çoxaldılaraq satılması, Şenol imzasının qısa müddətdə tanınması, hətta əfsanələşməsi (belə bir iddia vardı ki, bu imza Elmlər Akademiyasının 5 vətənpərvər aliminin adının baş hərflərinin yığmasıdır, bu yazıları onlar kollektiv olaraq hazırlayır) məni heyrətləndirirdi. Əziz Qaraca adlı dostumuz vardı, İrəvanda bazarda göyərti-filan satırmış. Deportasiya nəticəsində Bakıya gələn kimi o da hərəkata qoşulmuşdu. Məhz onun biznes bacarığı və zəkası sayəsində biz həm “Birlik” dərgisini, həm də ayrı-ayrı məqalələrimi gizli yolla mətbəələrdə dərc edərək mitinqlərdə, Bakı küçələrində on minlərlə nüsxədə yayırdıq. İnsanlarımız hər dərgiyə ağlasığmaz dərəcədə çox pul verirdi. Bizim 1 rubla təklif etdiyimiz “samizdat” broşüralara xalq 5, 10, bəzən də 25 rubl verirdi. Yəni “Yeni Müsavat” qurulanda artıq 5-6 aylıq təcrübəmiz, start üçün ciddi maliyyəmiz, gizli mətbəə imkanlarımız, küçədə qəzet satanlarımız (onlardan ən birincisi də Yaşar Türkazər idi) vardı. 10 noyabr tarixini də ona görə seçmişdik ki, həmin gün (ya da ondan bir gün sonra) Bakıda mitinq var idi. O mitinqdə 15 min ədəd “Yeni Müsavat” satdıq...

“Yeni Müsavat Partiyası Gəncədə elan edildi”

Həmin il oktyabrın 27-də Gəncədə, şəhərin mərkəzində keçirilən böyük mitinqdə AMDP Yeni Müsavatı elan etmişdik. Bunu da Katiblər Şurasının üzvü, o zamanın tanınmış ideoloqlarından sayılan Bəxtiyar Tuncay təklif etmişdi. Bəxtiyar bəy bir Gəncə heyranı idi. Özü Bakıdan olsa da Gəncəni daha çox sevirdi - Müsavatın beşiyi, Müsavat hökumətinin qurulduğu şəhər kimi (sonradan o, elə Gəncədən də evləndi, tədbirlərin birində tanış olduğu xanımla ömrünü bağladı). Məhz onun israrı ilə Müsavat adına qurduğumuz partiyanı Gəncədə elan etdik. Xalq Cəbhəsinin Gəncə şəhər təşkilatının sədri Rasim Mürsəlov bunun üçün bizə bütün imkanları yaratdı. Mən də ilk dəfə xalqın önünə müsavatçı kimi məhz 1989-cu il, oktyabrın 27-də Gəncədə çıxdım. İndi nə dediyimi belə xatırlamıram - sadəcə həmin anlardakı təəssürat yadımdadır. Onsuz da böyük olan meydan, nəhəng olan izdiham gözümdə daha da böyümüşdü. İlk saniyədə nə deyəcəyimi tamam unutdum. Həmin an da o qədər həyəcanlandım ki, əvvəlcədən düşündüklərim uçdu getdi. Lakin az sonra özümə gəldim. Çünki hər söylədiyim cümlədən sonra mitinq iştirakçıları elə hərarətlə alqışlayırdı ki, əllərinin bir-birinə toxunuşu ilə içimdəki həyəcanı, gərginliyi qovurdular. Az sonra heç səhnədən, mitinqin keçirildiyi Kommunist Partiyası Gəncə Komitəsinin böyük tağlarının altındakı pillələrin üstündə qurulmuş tribunadan enmək istəmirdim.

Qəzetin taleyində Gəncə dönəmi...

Gəncə oradakı dostlarım, xüsusilə mənim özüm üçün Müsavat adına olan bir partiyanın elanı fraqmenti ilə yekunlaşmadı. Sən demə, Gəncə mənim və yarım ay sonra dərc edəcəyim “Yeni Müsavat” qəzeti üçün əsas amillərdən biri olacaqmış. Burada müharibəyə başlayacaq, ilk batalyonu quracaq, Yeni Müsavat Partiyasının ilk üzvlərindən Azərbaycana ilk şəhidlərimizi verəcəkdik... Burada, Bala Bağmanda qəzetimizə gizli redaksiyanı, partiyamıza gizli cəbhəxananı quracaqdıq. Azərbaycana, onun sərhəd bölgələrinə silah və patron dağıtımını, bunlarla da paralel Naxçıvan da əsas olmaqla bütün ölkəyə “Yeni Müsavat”ın yayımını həyata keçirəcəkdik. Ağrı-acılı, şirinli-şərbətli 29 ay! Bakı 1990-cı ilin yanvarında təkrar işğal olunan andan “Yeni Müsavat”ın redaksiyasını tam olaraq Gəncəyə köçürdük. Bir də oradan 1992-ci ilin mayında tam olaraq Bakıya daşındıq..."

Mən ”Yeni Müsavat"dan 2 aylıq zaman istəyirəm"

Baş redaktorun Gəncə ilə bağlı xatirələri çoxdur. Dedi ki, “Yeni Müsavat” qəzetinin tarixi ilə bağlı əlində olan qeydləri, vaxtilə yazdığı gündəlikləri yaxın günlərdə toplayıb onları bir kitab halına gətirəcək: “Bu, məndən daha çox bu missiya uğrunda zəhmət verən, həyatını riskə atan, hazırda haqq dünyasında və dünyanın fərqli bucaqlarında olan ”Yeni Müsavat"çılar üçün, onların gələcək nəsilləri üçün lazımdır. Bu, yalnız bir qəzetin tarixi deyil. Bu, ermənilərlə, ruslarla əlində silah döyüşə-döyüşə həm də qəzet buraxan 90-cı illər gəncliyinin tarixidir.
Mənim borcum var - bir çox adsız qəhrəmanları ölkəyə və cənab tarixə təqdim etməliyəm. Cəmi iki ay qəzetdən məzuniyyət götürməyim yetərlidir ortaya maraqlı, həm də sanballı bir xatirə əsəri qoymağa. İnanıram ki, “Yeni Müsavat”ın indiki nəsli, mənimlə çalışan dostlarım belə bir şəraiti mənə yaradacaqlar".

Yoxdan bir qəzet, düşmənə tuşlanan silah...

“Biz yoxdan bir qəzet yaratdıq, ölkəmizi işğal edənlərə yalnız avtomat tuşlamadıq, həm də "Yeni Müsavat"ı tuşladıq... Yoxdan bizi yaradan Allah lütf etdi, güc və şans verdi. İnsanlarımızı Müsavat adına qurulan qəzetə və partiyaya çağırdıq... Sonra Elçibəyin diqqətini çəkdik. O, bizi İsa Qəmbərə və AXC-nin digər liderlərinə yönəltdi. Cəbhənin qərargahında mənə otaq ayırdı. 1991-ci ilin dekabrında qəzetimizin artıq ilk rəsmi sayı çapdan çıxdı. Redaksiyamız Gəncədə yerləşsə də artıq Bakının və siyasətin mərkəzində də otağımız vardı. Qəzeti Gəncədə hazırlayır, Xanlar rayonunda (indiki Göygöl) köhnə bir çap maşınında səhifələyir, qatarla Sumqayıta gəlir, oradakı mətbəədə dərc edərək Bakıya, AXC-nin “26-lar bağı”nın yanındakı (indi Sahil bağı adlanır) qərargahına daşıyırdıq. 13 min tirajımız vardı - rəsmiləşəndən sonra. Qəzetimiz köhnə maşınlarda çap olunduğu üçün səhifələri iç-içə əllə qoyurduq. Bu iş də saatlarla vaxtımızı alırdı. Lakin usanmaq, yorulmaq, şikayət etmək ağlımızın ucundan da keçmirdi. Mən Bakıda olduğum günlərdə elə Cəbhənin qərargahındakı otaqda da yatırdım. Hərdən Mehdiabaddakı yataqxanaya, ya da Bakıdakı qohumlara gedib, əyin-başımı dəyişir, yuyunurdum. Beləcə, 1991-ci ilin sonlarından 1992-ci ilin may ayına qədər bu cür davam etdik. Bu arada İsa Qəmbər və onun AXC-dəki ekipinə yaxınlaşmışdıq. Artıq AMDP Yeni Müsavat Milli Müsavat adlanırdı.

Ankara və AXC ilə danışıqlar...

Ankaradakı Kültür Dərnəyi ilə - həm də Azərbaycan Milli Mərkəzi ilə - əlaqə yaratmışdıq. Bizi bilirdilər. Elçibəyin xeyir-duası və Milli Mərkəzin rəhbərləri - Mehmet Kəngərlinin, Əhməd Qaracanın, Cəmil Ünalın bilavasitə iştirakı ilə Müsavat Partiyasının Azərbaycanda Bərpa Mərkəzinin yaradılması istiqamətində iş gedirdi. Proses yekunlaşan ərəfədə AXC ölkədə hakimiyyəti ələ aldı. Artıq iqtidarda təmsil olunduğumuz halda Müsavat Partiyasını bərpa edirdik. Paralel olaraq “Yeni Müsavat” qəzeti də irəliyə doğru addımlayırdı. Normal redaksiya qurmaq, gizli fəaliyyətdən tam açıq fəaliyyətə keçmək olardı. Üstəlik, Elçibəyin və İsa Qəmbərin timsalında qüdrətli dayaqlarımız vardı".

Yarımçıq qalmış media holdinq arzusu...

Rauf Arifoğlu deyir ki, AXC-Müsavat iqtidarı dövründə siyasi fəaliyyətlə yanaşı ciddi mətbuat fəaliyyəti də göstərib: “Ölkənin bir neçə tanınmış ziyalısını "Yeni Müsavat"ın başına gətirdim. “Dünya” ədəbi-bədii jurnalını, rus dilində “Dünya” qəzetini qurdum. “Yeni Turan” adında bir qəzet qurub onu türk millətçiliyinin yayım orqanına çevirdik. 1993-cü ilin yanvarında isə Elçibəyin təlimatı ilə “Cümhuriyyət” adında bir iqtidar qəzeti qurdum. Bunlara və iqtidarda olan AXC-nin informasiya mərkəzinə eyni anda rəhbərlik edirdim. Üstəlik, Müsavat Partiyasının mətbuat katibi idim. Həyatımın ən verimli, ən faydalı, həm də ən nəticəvi ili məhz 1992-93-cü illər oldu. Təəssüf ki, sonra iqtidar dəyişdi və mən “Yeni Müsavat”dan başqa bütün media quruluşlarını bağlamaq məcburiyyətində qaldım".

Yeni Müsavat

P.S. “APA Holding” “Yeni Müsavat” qəzetinin kollektivini bu gün münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1814

Oxşar yazılar