Jalə Əliyeva: "Elə bilirdim, möhtəşəm sevgi yaşamışam..." - SÖHBƏT
21 avqust 2012 13:28 (UTC +04:00)

Jalə Əliyeva: "Elə bilirdim, möhtəşəm sevgi yaşamışam..." - SÖHBƏT

"4 VALET"in bu dəfəki qonağıyla müsahibə xeyli dinamik alındı. Məncə, bunun birinci səbəbi elə müsahibin özüydü. Xanım qonağımız cəmiyyətdə tutduğu mövqeyinə, statusuna rəğmən həqiqətən bütün suallarımıza kifayət qədər səmimi cavab verdi. Dostları bilmirdim, şəxsən mənim üçün qonağımızın iç dünyası, insanlara, yaxşılığa və pisliyə, dünyaya baxışları daha maraqlıydı. Müsahibəyə başlayanda gördüm hamı elə mən dərddəymiş... "4 VALET"lərdən biri Anar Yusifoğlu, digəri İlqar Əlfi, o biri "Qafqazinfo" saytının rəhbəri Elbrus Ərud, qeyrisi də bəndənizdi - İlham Tumas.

"4 VALET"in budəfəki qonağı isə millət vəkili Jalə Əliyevadır.

"Hər şey başlanğıcda gözəldir..."

İ.T: Yəqin ki, bizim layihə ilə tanışsınız, indiyə qədər layihəmizdə iştirak edən xanımlardan da xəbəriniz var. Jalə xanım, Sizcə, qonaqlarımızı hansı kriteriyaya görə seçirik?


- Düzünü deyim, çoxlu sayda müsahibə üçün təkliflər olur, amma bu layihəni o qədər bəyənmişdim ki, dəvət gələndə həqiqətən çox sevindim. Hansı kriteriya, hansı aspekt baxımından mən maraqlı gəlmişəm, yəqin, bunu siz daha yaxşı bilərsiz...

İ.T: Kriteriyalar çoxdur, biri də budur ki, layihəmizdə gözəl qadınlara üstünlük veririk. Siz özünüzü gözəl hesab edirsiniz?

- İnanın ki, səmimi fikrimdi, mən özümü güzgüdə tam gözəl görə bilmirəm. Gözəlliyin cizgilərini özümdə bütünlüyü ilə tapmaqda çətinlik çəkirəm.

E.Ə: Mən deyərdim, Jalə xanım cazibədardır...

- Hə, bu ola bilər...

A.Y: Sizin gözəlliyinizə, cazibədarlığınıza görə sevgi etiraf edən olub? Məsələn, son günlərdə...

- Yox... Hətta, bəzən ətrafımda olan insanlar da təəccüblənirlər ki, necə ola bilər sevgi etirafları eşitmirsən? Bilmirəm, bəlkə özümdən asılı olmayaraq münasibətlərdə bir sədd çəkirəm ortaya, bəlkə cazibədarlıqla bərabər uzaqlaşdırıcı bir şey var məndə, bilmirəm...

E.Ə: Yəqin eşitmək istəmirsiz...

- (Fikrə gedir) Bəlkə də bu daha doğru cavabdır.

A.Y: Niyə eşitmək istəmirsiz? Hər bir gözəl qadın istəyir ki, ona gözəl sözlər desinlər axı...

- Düşünürəm ki, hər şey başlanğıcda gözəldir. O başlanğıcdakı eyforiya zaman keçdikcə həmişə aşınır. Mən o aşınmalardan qorxmuşam və özüylə gətirəcəyi burulğanları, təlatümləri dəf etməyə hazır olmamışam.

E.Ə: Möhtəşəm sevgi yaşamısınızmı?

- Elə bilirdim ki, yaşamışam...

"İnsan görüntüsüylə yox, fəaliyyətiylə tanınmalıdır..."

İ.T: Jalə xanım, çox yerlərə gedəndə deputat nişanını taxırsız?


- Yox, bu gün də bura gələndə taxım, ya taxmayım, deyə çox düşündüm. Axırda taxdım. Düşündüm ki, hər halda məni cəmiyyətdə bir millət vəkili kimi tanımısınız, əgər o baxımdan çağırmısınızsa, qoy taxım... Ancaq qeyri-rəsmi yerlərə qətiyyən taxmıram. Hansı sahə olursa-olsun, insan görüntüsünə, görünüşünə görə yox, işi, əməli, fəaliyyətilə tanınmalıdır.

A.Y: Siz Zərdab rayonunun deputatısız. Seçiciləriniz Sizi necə xatırlayır?

- Bunu onlardan soruşmaq lazımdı. Ancaq mən bir şey deyim. Azərbaycanda seçici qanunverici orqanla icraedici orqanın strukturunu, fəaliyyətini çox vaxt qarışdırır. Bunun da səbəbi seçki ərəfəsində keçirilən görüşlərdə və ya dəyirmi masalarda polemikalar zamanı opponentlərin ağlasığmaz vədləridir. Bəli, deputatın digərlərindən üstün səlahiyyətləri var ki, hansısa açılmayan qapıları açmaq iqtidarındadır. Amma haraya qədər? Bizdə çox zaman rayondakı ən kiçik müəssisə rəhbərinin vəzifəsiylə millət vəkilinin vəzifəsini qarışdırırlar. Millət vəkili MİS-in sədri, su, ya işıq idarəsinin müdiri deyil. Millət vəkili bütün bunların xalqın mənafeyi baxımından düzgün şəkildə həyata keçirilməsi üçün qanunların təkmilləşdirilməsində, yeni qanunların yazılmasında iştirak edən bir insandır, xalqı ilə dövlətinin, hökumətinin arasında canlı körpüdür.

A.Y: Deməli, bizim cəmiyyət deputatın missiyasını düzgün anlamır?

- Bu fikri hamıya şamil etməzdim. Amma çox vaxt seçicinin ən xırda şəxsi problemlərindən tutmuş, rayon və ölkə əhəmiyyətli çox müxtəlif səpkili, hətta qlobal xarakterli məsələlərə qədər müraciətlərinin şahidi oluruq. Əlbəttə, millət vəkili üçün "etməyəcək", "etmirəm" kimi dilemma yoxdur. Nə olursa-olsun, qarşısındakını dinləməyə və problemin həlli üçün hərəkətə keçməyə məcbursan. Qarşında köməyə ehtiyacı olan insan görəndə vicdanın sızlayırsa, "ona kömək etməliyəm" fikri ilə yola çıxırsansa və buna gücün çatırsa, mütləq kömək edəcəksən.

İ.Ə: Mən bir nüansı aydınlaşdırmaq istəyirəm. Yeddi-səkkiz il qabaq bizi ananız tanış elədi. Vizual ana-bala gördüm onda, kimin daha çox bala olduğunu başa düşə bilmədim. Hansınız daha çox balaydız onda?

- Onda da, bu gün də özümü ana kimi hiss edirəm. Hətta bir hadisəni danışım. Yeni işləməyə başlamışdım. Türkiyə səfirliyində işləyirdim. Qızım təzəcə dünyaya gəlmişdi. Bir gün ailə dostumuz, hörmətli bəstəkarımız Xəyyam Mirzəzadə səfirin yanına gəlmişdi. Məni görəndə qayıdıb dedi ki, qızların necədi? 20 il əvvəlki söhbətdi. Mən çox tutuldum, səfirlikdə işləyirəm, diplomatik bir müəssisədir, işə götürməmişdən əvvəl kifayət qədər sənin keçmişini yoxlayırlar. Səfir, səfirin müavini təəccüblü şəkildə mənə baxdılar ki, bunun 2 qızı var, ikinci qızını harada gizlədib. Dedim, Xəyyam müəllim, Siz məni kiminləsə səhv salırsız. Dedi, bəs evdəki o böyük kimdir, Nurəngiz?

İ.Ə: Hüquq təhsili almısız. Özünüzü hüquqşünas kimi təsəvvür edirsiz?

- Nə vaxtsa edirdim. 17-18 yaşımda elə bilirdim açılmayan bütün cinayətləri açacağam. Yəni, özümü axtarılıb tapılmayan bütün cinayətlərin ortasında görürdüm. İş elə gətirdi ki, mən onuncu sinfi bitirdiyim il, hüquq fakültəsinə ancaq fəhlə ailəsinə mənsub və iki il istehsalatda çalışmış olanları qəbul etməyə başladılar. Mən bu kriteriyaların heç birinə uyğun gəlmirdim. Ona görə də, uşaqlıqdan mənimlə birlikdə, daxilimdə böyüyən o türklük eşqi, böyük türk dünyasına qovuşmaq istəyi qalib gəldi və sənədlərimi Şərqşünaslıq fakültəsinə verdim.

E.Ə: Neçə diplomunuz var?

- İki...

İ.Ə: Deputat işləmək üçün bəs edir?

- Məncə, deputat işləmək üçün diplomdan başqa digər xarakterik keyfiyyətlər olmalıdır.

A.Y: Hansı keyfiyyətlər?

- Bir az əvvəl deyəsən, dedim. İnsanları dinləmək, cəmiyyətdən gələn sosial sifarişi görüb dəyərləndirə bilmək, ətrafında baş verənlərə biganə və laqeyd qalmamaq, seçici ilə dövlət arasında körpü olmaq. O zaman sənin diplomunun məhz hansı sahəylə bağlı olmasının bir o qədər əhəmiyyəti qalmır. Bir şeyi də deyim ki, bu artıq qəbul edilmiş aksiomadır, parlamentdə yaxşı hüquqşünaslara, yaxşı iqtisadçılara hər zaman daha çox ehtiyac var.

"Fəxr edirəm ki, o elə gözəl olub"

İ.Ə: Mədəniyyət komissiyasında işləyirsiz. Mənə maraqlıdır, dövlət idarələrinin hamısının qabağında bir azərbaycan, bir də ingilis dilində yazılır. Sizcə, öhdəliyimiz var, niyə ingiliscə yazmalıyıq?


- Əgər mətbuatı izləmisinizsə, dəfələrlə qaldırdığımız məsələdir. Parlamentin fəaliyyətində şəxsən mənim çıxış etmək imkanım olanda, məsələn, hər üç iclasdan ikisində dil məsələsinə toxunuram, xüsusilə də küçələrdəki reklamların, müəssisələrin, şirkətlərin, mağazaların qarşısındakı tanıdıcı lövhələrin dilinin, yazılış qaydasının bərbad vəziyyətdə olduğunu, azərbaycan dilinin heç bir tələbinə cavab vermədiyini deyirəm. Şükürlər olsun, Dil haqqında artıq sərəncam var, düşünürük ki, bundan sonra bu məsələlər yoluna qoyulacaq.

İ.T: Cəmiyyət arasında tanınmış insansınız. Tanınmaq hissi necə bir hissdir?

- Tanınmaq, əlbəttə, qürurverici bir hissdir. Ancaq eyni zamanda çətinliyi də var. Hər zaman məsuliyyət hiss edirsən. Hər hərəkətinə, dilindən çıxan hər sözünə cavabdehsən. Düşünərək danışmaq, ölçüb-biçib hərəkət etmək məcburiyyətindəsən.

İ.T: Paxıllığınızı çəkənləri, arxanızca danışanları necə qarşılayırsız, onlara necə dözürsüz?

- Çalışıram onları görməyim, eşitməyim. İnsan var ki, səhərdən axşama kimi maraqlanır görüm, məndən nə danışdılar.

İ.T: Özünüz haqda heç şayiələr eşitmisiz?

- Onsuz olmur. Tanınan insan haqqında səmimi və qeyri-səmimi, real və ya uydurma hər şey danışılır. Bu, normaldır. Yetər ki, o xəbərlər sənin şərəf-ləyaqətinə, izzəti-nəfsinə toxunmasın. Mənəvi və əxlaqi dəyərlər mənim üçün çox əhəmiyyətli bir yerdə gəlməkdədir.

E.Ə: Statistikaya görə, Azərbaycanın 10 milyona yaxın əhalisi var. Amma bu ölkədə sanki 20 milyon adam yaşayır, yəni bir adam iki cür yaşayır. Biri özü, biri də cəmiyyətə təqdim etdiyi adam kimi. Sizcə, bizdə adam niyə özü ola bilmir?

- Böyük Mövlanə deyir ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Amma bununla belə müəyyən çərçivələr var ki, ancaq oraya qədər açıla bilərsən. O çərçivəni keçəndə bəzi sui-istifadələr, yanlış anlaşılmalar olur.

E.Ə: Hərdən olurmu ki, hər şeydən, hər yerdən qaçmaq, tək yaşamaq istəyirsiniz?

- Məncə, o anlara hamımızın ehtiyacı var. Xüsusilə də, yaradıcı insandırsa, içində az da olsa mənəviyyat daşıyan insandırsa... Amma mən sevinirəm, görəndə ki, evdə xeyli adam yığılıb, qohum-qardaş bizə gəlib. Şəxsən mən hesab edirəm ki, xoşbəxt olmaq istəyirsənsə, ailədə beş, altı, yeddi, səkkiz uşaq olmalıdır. Mən tək övladam, özümün də bir övladım var. Ancaq düşünürəm ki, qızım gələcəkdə ən azı üç uşaq sahibi olmalıdır. Başqa cür mümkün deyil, çünki mən bu təkliyi yaşamışam, yaşayıram...

A.Y: Siz balanızdan gözəlsiniz, balanız nənəsindən gözəldir. Hansının gözəlliyini qısqanırsız?

- Ən yaxşı nə varsa təki həmişə onların nəsibi olsun. Anam hər zaman gözəldir, mən ona çata bilmərəm. Fəxr edirəm ki, o elə gözəl olub. Mənə deyəndə ki, sən ona oxşayırsan, birmənalı olaraq deyirəm ki, ona iftira atmayın.


"Namuslu olmaq hər mənada düzgün olmaq deməkdir"

E.Ə: Televiziya rəhbəri olsaydım, Sizi xəbər aparıcısı kimi dəvət edərdim. Qəbul edərdiniz?


- Arzu edirəm, tezliklə televiziya rəhbəri olasınız... (Gülür) Hansısa müəllif verilişi mənim üçün daha optimal olardı...

A.Y: Deputatlara baxırsan ki, həm deputatdırlar, həm müəllimdirlər, həm şairdirlər. Öz postunuz azlıq edir, digər yerlərə də göz dikirsiz?

- Qardaş, sizdən gəlib millət vəkili olan olmur? Allah ona o qabiliyyəti veribsə, nə dəxli var ki, millət vəkilidi, ya yox.

A.Y: Bəlkə gələcəyinə arxayın olmamasıdır ki, birdən gələcəkdə seçməzlər.

- Mən belə düşünmürəm. Axı, insanın yaradıcılığına kim sədd, sipər çəkə bilər...

İ.T: Bəndə qarşısında elə bir hərəkətiniz olubmu, fikirləşirsiz ki, günah etmişəm, həmin hərəkətə görə xəcalət çəkirsiz?

- Məncə, elə bir günah sahibi olmamışam desəm, böyük danışmaram. Amma müəyyən səhvlərim olub, vaxtında ata bilmədiyim addımlar, edə bilmədiyim işlər olub. Nəyəsə gücüm çatmayıbsa, o hisslər mənim içimdə ağırlıq kimi qalıb. Bu günahdırsa, onda həmin səhvləri günaha yazmaq olar.

İ.Ə: Açıb-bükmədiyiniz hissləriniz varmı?

- İnsan yaddaşı, insan iradəsi elədir ki, unutmaq istədiyin şeyləri sənə unutdurur. Xatırlamaq istədiklərini isə əbədi beyninə həkk edir. Unutmaq istədiklərim lent kimi silinib gedib.

İ.Ə: Jalə xanım, kiçik, kompakt ailə və birdən-birə Milli Məclis... Necə oldu millət vəkilliyiniz...

- Mənim daxilimdə, sözün əsl mənasında, vətəndaşlıq mövqeyi, vətən təəssübü həmişə olub. Həm ata, həm də ana tərəfim 37-ci ilin qurbanı olublar. Ata tərəfim Bakıya, ana tərəf Cənubi Azərbaycana köç ediblər. Ona görə siyasət bizim evdə qadağan olunmuş sahə olub. Məsələn, mənim nənəm savadlı qadın idi, atası Nərimanovun silahdaşı olub. Övladlarına nəinki siyasətlə məşğul olmağı, hətta evdə siyasətdən danışmağı qəti qadağan edib. Mən Türkiyə səfirliyində işləyərkən, yəni 1992-95-ci illər Azərbaycanın ən təlatümlü, ən xaotik dövrləriydi. Sui-qəsdlər, çevriliş cəhdləri... Mən bu hadisələrin içində idim. Səfirlik elə bir yerdir ki, həm hadisələrin içində, həm də pərdə arxasındasan. Həmin dövr mənim daxilimdə özüm də hiss etmədən siyasəti formalaşdırdı. Və 2000-ci ildə evdə elan edəndə ki, gedirəm namizədliyimi verməyə, anam qəti şəkildə qarşı çıxdı və elə dərin həyəcan keçirmişdi ki, belinin sinirləri tutulmuşdu.

İ.T: Sizin üçün namus anlayışı nədir? Bir qadının namusu deyəndə nəyi nəzərdə tutursuz?

- Pafoslu səslənməsin, namus vətənimdir, dilimdir, dinimdir, bayrağımdır, torpağımdır, vətəndaşlığımdır, övladımın gələcəyidir, üzağlığıdır. Mən özüm necəyəmsə o şəkildə qəbul olunmağımdır. "Namus" ifadəsinin ağırlığını anlayan və özündə daşıyan bir insana, zərrə qədər də olsa çirkab atılması, şəxsiyyətinə kiçicik də olsa, kölgə salınması mənim aləmimdə ən böyük namussuzluqdur.

İ.T: Siz ictimai rakursdan yanaşdınız. Bəs məişət mənasında "namuslu qadın" deyəndə nə başa düşürsüz?

- Namus bir əxlaqi dəyərdir, kriteriyadır. Təəssüf ki, bu ifadəni cəmiyyətdə ancaq qadına şamil edirlər. Mənim anlayışımda bu məfhum, birinci növbədə insanın özünün özünü aldatmamağından başlayır. Namuslu olmaq hər mənada düzgün olmaq deməkdir. Yalan danışmamaq deməkdir. Heç kimə boş ümid verməmək deməkdir. Namus sadəcə bir kişinin və ya qadının fizioloji baxımdan təmizliyi anlamına gəlməməlidir.

"Hərəsi bir tərəfdən sual yağdırır, niyə qorxmayım?"

A.Y: Necə dolanırsız?


- Dolanışığımdan şikayətim yoxdur. Bütün ehtiyaclarımı ödəyə biləcək qədər maaşım var.

İ.Ə: Müsahibələrinizin birində bir fikrinizlə rastlaşdım. Deyirsiniz "az aşım, ağrımaz başım". Doğrudan elə fikirləşirsiz?

- Doğrudan elə fikirləşirəm.

İ.T: Dostlar, gəlin, sonluq üçün hərəmiz bir sualla yekunlaşdıraq...

E.Ə: Müsahibə başlayandan Sizdə qorxu hiss edirəm. Məncə, hansısa gözlənilməz sualdan qorxursuz...


- Dörd valet oturub qarşımda, hərəsi bir tərəfdən sual yağdırır, niyə qorxmayım? (Gülür).

A.Y: Milli Məclisdə çıxış edərkən televiziyaları ciddi tənqid etdiniz. Bizim televiziyalar bəzi millət vəkillərinin dilindən çoxmu bərbad danışır?

- Onun üçün deyirik ki televiziya məktəbdir, televiziya öyrədir. Biz də istəyirik ki, istər deputatın, istər televiziya aparıcısının dili, nitqi daha səlis, daha rəvan olsun.

İ.T: Əslində, istədik ki, Sizin tanınmayan tərəflərinizi göstərək. Danışdıra bildik Sizi?

- Düşünürəm, kifayət qədər danışdıq. Amma söz bitmir. Həyat su kimi axır. Hər anın öz hökmü var, hər gələn gün yeni bir şey gətirir. Keçilən qırx beş illik yola bir saatın ərzində əlbəttə tam işıq sala bilməzdik...

İ.T: Hansı sualı eşitmək istəyirdiz, amma eşitmədiz?

- Mən düşünürdüm, universitet fəaliyyətim, elmi işlərim, ailəmizin ədəbiyyatla bağlılığı, ümumiyyətlə ədəbi baxışlarım haqqında da soruşacaqsınız...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8455

Oxşar yazılar