Ermənistan Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriyadan gətirilmiş terrorçu qruplaşma üzvlərindən fəal istifadə etsə də, bu əməldə Azərbaycan tərəfini ittiham etməkdə davam edir.
Fəal döyüş əməliyyatlarının keçirildiyi günlər ərzində Ermənistan bu böhtanlarına dair heç bir sübut təqdim edə bilməsə də, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.
Mövzu ilə əlaqədar Lent.az-ın suallarını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, konfliktologiya üzrə ekspert Elşad Məmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, professor İsaxan Vəliyev cavablandırıb.
“Hərbi müstəvidə açıq-aşkar görünür ki, Azərbaycan böyük üstünlüyə malikdir”.
Bu sözləri konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib. O bildirib ki, belə olan halda Ermənistan informasiya müharibəsi vasitəsilə Azərbaycanın üstünlüyünün kompensasiyasına çalışır:
“Bu gün dünyada informasiya müharibəsi böyük rola malikdir. Çünki müharibə yalnız hərbi müstəvidə, döyüş meydanında yox, həm də informasiya müharibəsi vasitəsilə gedir. Hazırda biz görürük ki, Azərbaycan döyüş meydanından güclü olduğu üçün Ermənistan tərəfi daha çox məhz informasiya müharibəsi aparmağa üstünlük verir. Onlar çalışırlar ki, bununla başqa ölkələri Azərbaycana qarşı haqsız müharibəyə qoşsunlar. Digər tərəfdən də bununla vaxt udmağa çalışırlar. Ona görə də biz çox diqqətli olmalıyıq”.
E.Məmmədov qeyd edib ki, ilk günlərdən başlayaraq Azərbaycan Ordusunun ardıcıl uğurları zamanı informasiya məkanında ön planda iki amil olub:
“Birincisi Türkiyənin ölkəmizə dəstəyi, ikincisi isə Suriyanın terror təşkilatlarının guya Azərbaycana yardım etməsi. Ermənistan bunu etməklə dünyada həssas qarşılanan mövzuları şişirtməyə çalışdı. Hazırda bütün dövlətlər terrorizmə qarşı mübarizə aparırlar. Həmçinin ölkələrin qanunvericiliyində də dünyanın istənilən yerində terroristləri vurmaq məsələsi qeydə alınıb. Ermənilər bununla ilk olaraq ABŞ və Rusiyanı prosesə cəlb etməyə çalışdılar və çalışırlar. Onlar sanki Azərbaycan-Ermənistan yox, Terrorizm və Ermənistan arasında müharibənin getdiyini dünyaya yaymağa cəhd etdilər. Bundan sonra isə gördük ki, Fransa prezidenti və həm ABŞ-ın bəzi dövlət qurumu rəhbərləri, həm də Rusiyanın müəyyən rəsmiləri Ermənistan tərəfindən çıxış etməyə başladılar.
Türkiyə amilində isə erməni tərəfi çalışdı ki, müharibədə üç ölkənin iştirakını dünyaya yaysın. Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfində muzdluların iştirakı barədə iddiaları qəti şəkildə rədd edərək bildirdi ki, bizim muzdlulara ehtiyacımız yoxdur və nizami orduda 100 min döyüşçümüz var. Yəni, Türkiyə ölkəmiz tərəfindən vuruşmur və buna ehtiyac da yoxdur”.
Ekspert hesab edir ki, Azərbaycanın informasiya müharibəsində əsas prioritet istiqaməti savaşı öz gücümüzlə apardığımızı diqqətə çatdırmaqdır:
“Biz haqq savaşı aparırıq. Tarixi torpaqlarımızı geri almaq üçün vuruşuruq və beynəlxalq hüquq normalarını da pozmuruq. Bizim başqa dövlətin dəstəyinə ehtiyacımız yoxdur. Həmçinin heç bir dövlətin torpağında gözümüz yoxdur. Və Ermənistandan da başqa bizim torpağımıza iddia edən yoxdur. Bunu biz dünya ictimaiyyətinə çatdırmağa davam etməliyik. Sözügedən məsələ olduqca mühümdür”.
“Ermənistanın xarici muzdlulardan istifadə etməsində iki məqsədi var”.
Bu fikirləri isə professor İsaxan Vəliyev diqqətə çatdırır. O bildirir ki, ilk olaraq buna səbəb Ermənistanın Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsidir:
“Onlar məğlub ordunu yenidən formalaşdırmaq üçün muzdlulardan istifadə edirlər. Bundan başqa onların insan resursları olsa da hücum taktikaları, güc və cəsarətləri bizimlə savaşmaq üçün yoxdur. Onlar özləri bizimlə tək vuruşmağa çəkinirlər və xarici qüvvələrdən istifadə edirlər.
Ümumiyyətlə, Ermənistan şər və böhtan dövlətidir. Onlar özləri etdiklərini Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Bununla ölkəmizi gözdən salmağa çalışırlar və özlərini yazıq kimi göstərərək digər ermənipərəst dövlətlərin diqqətini çəkməyə çalışırlar”.
İ.Vəliyev əlavə edib ki, Ermənistan ərazisindən Dağlıq Qarabağ və ona bitişik münaqişə zonasından kənar müxtəlif iriçaplı silahlardan mülki, dinc əhaliyə atəş açmağa davam edirlər:
“Onlar hətta mülki obyektləri, eləcə də digər dövlətlər üçün mühüm əhəmiyyətə malik olan yerlərə atəş açmağa davam edirlər. Burada məqsəd Azərbaycanın onlara cavab verməsinə çalışmaqdır ki, müharibəyə rahatlıqla digər dövlətləri sövq edə bilsinlər. Ermənistanın istəyi birbaşa prosesə KTMT-ni cəlb etməkdir. Xatırladım ki, Rusiya prezidenti Vladimir Putin sözügedən məsələ ilə bağlı bildirdi ki, hərbi əməliyyatlar Ermənistanın ərazisində getmədiyi üçün Rusiya müharibəyə qoşulmayacaq. Bununla da Vladimir Putin ilk dəfə bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanındır.
Düşünürəm ki, Ermənistanın şər, böhtan xarakterli yaydığı məlumatlara artıq dünya aldanmır və bizim haqq işimizi dəstəkləyirlər. Ermənistan üçün isə Dağlıq Qarabağı tərk etməkdən və bizim ərazilərimizi boşaltmaqdan başqa yolları qalmayacaq”.