Bu günlərdə Berlində keçirilən Qarabağ mitinqində Matias Volf adlı bir alman publisist, tərcüməçi, politoloqun tərtəmiz Azərbaycan dilində danışması diqqətimi çəkdi.
Həmkarımız, Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızının sosial şəbəkə profilində gördüyüm kadrlardan çox təsirləndim. Matias səlis azərbaycancada Azərbaycan həqiqətlərindən bəhs edir. “Bayatı-Şiraz” oxuyur və muğamın ortasında kövrəlib, ağlayır. Vəsilə xanımın suallarına cavab olaraq deyir ki, əvvəlcə Türkiyədə türkcəni öyrənib, sonra isə Azərbaycan dilini: “Orda çoxlu azərbaycanlı dostlarım da var. Xocalı faciəsini öz faciəm kimi anlayıb, qəbul etmişəm”.
Vəsilə Vahidqızı Lent.az-a açıqlamasında deyib ki, kadrda orda yaşananların hamısı düşməyib: “Orda Matias da elə bizim qədər Azərbaycandan, Xocalıdan danışdı həmvətənlərinə. Ondan soruşanda ki, bütün bunları siz hardan bilirsiniz, dedi bir az azərbaycanlı dostlarımdan, sonra da özüm araşdırmışam. Bizim dediklərimiz bir başqa, amma Almaniyada bir almanın bizim həqiqətlərdən bu qədər yanğı ilə bəhs etməsi təbii ki, daha yaxşıdır, təsir qüvvəsi çoxdur. Matias Azərbaycan himnini də gözəl ifa edir”.
Alman dostumuz Berlindəki sözügedən tədbirdən reportajı özü görməmişdi. Materialın linkini ona atdım və söhbət etdik. Matiasa Azərbaycan həqiqətlərini belə anladığı və bizə dost olduğu üçün təşəkkür etdim.
Cavabında Matias dedi ki, əslində Azərbaycan dilində yazmağı daha yaxşı bacarır: “Mən danışanda bir qədər çətinlik çəkirdim, amma reportaja baxdım, gördüm gözəldir. İndi daha çox danışa bilərəm. O gün Xocalıya görə çox kövrəlmişdim. İstəyirəm ki, bacardıqca Xocalı faciəsini dünyaya yaymaqda sizə kömək edim, çünki bu insanlıq borcumdur”.