Kabinetdən cəbhəyə yollanan əfsanəvi komandirin xanımı: "Həmin gecə bizim işığımız yanırdı..."
26 noyabr 2021 20:15 (UTC +04:00)

Kabinetdən cəbhəyə yollanan əfsanəvi komandirin xanımı: "Həmin gecə bizim işığımız yanırdı..."

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Hüseynov Elman Süleyman oğlu haqqındadır.

Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulub. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun hidro-meliorasiya fakültəsinə qəbul olub, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində “leytenant” hərbi rütbəsində zabit kimi xidmət edib.

1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib.

1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə taborunun qərərgah rəisi, 1991-ci ilin noyabrında tabor komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib.

Döyüşlərdə iki dəfə yaralanıb, 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

1995-ci il yanvarın 15-də Azərbaycan Prezidentinin fərmanı ilə Elman Süleyman oğlu Hüseynova "Azərbaycan Milli Qəhrəmanı" (ölümündən sonra) adına layiq görülüb.

İmtina...

İnsan o zaman böyük olur ki, qurban verməyi, imtina etməyi bacarıb, nəfsinə qalib gələ bilər. Birinci Qarabağ müharibəsində evini, vəzifəsini, yaxşı güzəranının bir kənara qoyub könüllü olaraq cəbhəyə qoşulan oğullar, Əliyarlar, Allahverdilər, Vəzirlər, Ramizlər, Ülfətlər, Yusiflər, Cəlallar, Məzahirlər, İsgəndərlər idi bizim bu iyirmi səkkiz illik həsrətimizin içərisindəki qürur mənbəyi. Torpaqlarımızın olmamasının təsəllisini onların şəhidliyində tapırdıq. Bizim torpaq, vətən uğrunda imtina etməyi bacaran oğullarımız olmuşdu. Onlar bizim cəsarətimizin, torpaq, el-oba istəyimizin bariz nümunələri idilər. Biz həm də onların fədakarlıqlarını, torpaq uğrunda tökdükləri qanı unuda bilmirdik.

Tərtər özünü müdafiə taborunun komandiri Elman Hüseynov da məhz belə oğullardan, torpaq uğrunda baş qoyan qəhrəmanlarımızdan biri idi. Komandirin oğlu Emin Hüseynli ilə rejissor Nizami Abbasın “İlk Komandir” filminin nümayişi zamanı tanış olmuşduq.

Vədələşdiyimiz kimi, onların evinə yollananda, bizi anası ilə birgə qarşıladı. Söhbətə elə komandirin həyat yoldaşı  Svetlana xanımla başladıq.

- Elman rayonun Qaraqoyunlu kəndindən, mən şəhərin özündən idim. Yəni onunla qohumluğum, tanışlığım yox idi. Mən rayon icra hakimiyyətinə işə düzəlmək üçün gedəndə, Elman məni görmüşdü. O, orda şöbə rəisi işləyirdi. Elmanın bir qohumunun yoldaşı Validə müəllimə mənə dərs demişdi. Məni soraqlaşanda Validə müəllimə demişdi ki, mən o qızı tanıyıram. Beləcə biz tanış olub ailə qurmuşduq.

- Elman Hüseynov ailədə necə kişi, həyat yoldaşı idi?

Yaxşı, çox yaxşı. Sakit, mülayim adam idi. Amma evdə çox az tapılırdı. Çünki vəzifə adam idi, daim işdə, səfərlərdə olurdu. Bəzən səhər saat altıda gedib, gecə ikidə, üçdə gəlirdi. Müharibə başlayanda da o, özü könüllü olaraq getdi. O. getməyə də bilərdi, amma özü istədi, bu yolu seçdi. Çox enerjili insan idi, ona görə də evdə otura bilmirdi. Elə bil, nadinc uşaqlar olur e, bax elə idi. Anası deyirdi ki, onun hərb arzusu uşaqlıqdan olub. O vaxt institutu oxuyub bitirəndən sonra Elman Rusiyaya gedib hərbi akademiyada oxumaq və orda qalmaq istəyib, anası deyib ki, yox, özümü öldürərəm, sən orda qalsan, qayıt gəl. Ondan sonra Elman məcbur olub Tərtərə qayıdıb.

Bir evin işığı...

Svetlana xanım deyir ki, Elman nə qədər əziyyət çəksə də, yorulsa da müharibədən qalmaq fikrinə düşməyib, əksinə gün-gündən cəbhəyə, döyüş yoldaşlarına bağlılığı artıb:

- Uşaqlarımız azyaşlı idi. Mən əlbəttə tək qalmışdım, istəmirdim, o getsin, ona görə də narazılığım olurdu. Amma Elman elə adam idi ki, onun ağlına bir fikir yerləşdisə və o, bu fikrinə həqiqiliyinə inandısa, yolundan dönməzdi. Yəni müharibədən saxlamaq, ona bu barədə təsir etmək mümkün deyildi. Təsəvvür edin ki, Tərtərdə atışma olanda hamı çıxıb gedirdi, bircə bizim işığımız yanırdı. Xocalı hadisələri baş verəndə, bizi onun sürücüsü gəlib evdən çıxardı.

Elman onsuz da sakit adam idi. Müharibə başlayanda lap qaradinməz olmuşdu. Gəlirdi evə heç nə danışmırdı, susurdu. O, Qarabağın kəndlərini, yollarını çox yaxşı tanıyırdı. Ona görə də onunla döyüşə gedənlərin arasında itki olmurdu. O, iki dəfə yaralanmışdı. Sonuncu dəfə onu güclə gətirdilər evə, axsayırdı. İnanın ki, evdə heç iki gün qalmadı, tikişi sökülməmiş yenidən cəbhəyə getdi.

Bizim iki qızımız, bir oğlumuz vardı. Balaca qızım heç xatırlamır atasını. Eminlə, o biri qızım xatırlayır. Onun oxşarı yoxdur. Uşaqlarımdan bir az Lalə qızımda ona bənzəyən çılğınlıq var. Bəzi xüsusiyyətləri Emində də var. Amma Elman tamam fərqli idi. Onu ən çox görən də elə Emin olurdu. Sonuncu dəfə Elman döyüşə yollananda onun silahlarını Emin daşımışdı.

Oğul...

Anasının danışdıqlarını diqqətlə dinləyən Emin fikrə gedir. Onun atası haqqında xəyallara qapıldığını, xatirələrini çözələdiyini duyuram. Ona görə də sual verməyə çəkinirəm. Düşünürəm ki, bir az da yaddaşının künc-bucaqlarını töküb-töküşdürsün, atası ilə bağlı heç yerdə danışmadıqlarını danışsın. Bir müddət sonra Emin bizim söhbətə qoşulur.

- Anam haqlıdır. Son günlər atam çox fikirli, fiziki və zahirən yorğun olurdu. 92-ci ilin noyabrında bizim əsgərlərin meyiti postda qalmışdı. Atam onları geri qaytarmaqdan ötrü çox həyəcan keçirirdi. Elə o hadisədən iki ay sonra meyitləri götürəndə atam şəhid olmuşdu. Son dəfə də döyüşə adi günlərdən biri kimi getmişdi.

Çox sadə adam idi. Vəzifədə olsa da, üzərində işləməyi xoşlayan, intellektual, savadlı və abırlı adam idi. Atam hər kəsin işinə yarayan adam idi. O vaxtı mən eşitmişdim ki, ona ikiotaqlı mənzil vermişdilər. Atam da həmin evi, üç uşağı ilə evsiz qalan bir qadına vermişdi. Sonra anama demişdi ki, sən işdə lotereya oyna, pul yığıb ev alaq.

Tərtər taboru rayonun mərkəzində yerləşirdi. Atam tez-tez məni də özü ilə tabora aparırdı. Məni ətrafdakı döyüşçülərlə tanış edirdi. Həmin dövrdə Azərbaycanın Milli qəhrəmanı Yusif Mirzəyevlə tanış oldum, daha sonra Vəzir Orucovu gördüm. Həmin zaman uşaq idim, dərk etmirdim ki, onlar kimdir. Amma böyüdükcə necə böyük qəhrəmanlarla ünsiyyətdə olduğumu anladım. Atam da o qəhrəmanlar kimi, vətənpərvərlikdən başqa həm də böyük şəxsiyyət idi.

Fişənglər...

92-ci ilin iyun ayı idi. Heç yadımdan çıxmaz, atam Ağdərə rayonu düşməndən azad olunandan bir gün əvvəl evə gəlmişdi. Onlar hücuma hazırlaşırdılar. Atam gedəndə maşının oturacağının üzərindəki bir neçə fişəng vardı. Mən onları atama göstərib soruşdum ki, ata bunlar nədir? O, xəfifdən gülümsəyib dedi: Səhər papa bunlardan birini Ağdərədə atacaq. Elə səhəri günü Ağdərənin işğaldan azad olunma xəbəri gəldi. Sonra o, bizə söz verdi ki, sizi maşınla Ağdərəyə gəzməyə aparacam. Həqiqətən də apardı.

Döyüşlər, yorğunluq, torpaqların işğalı, insanların həlak olması Elmanı dərindən üzür, onun həyata olan eşqinə kölgə salır. Və ölümün kölgəsi bir gün Elmanın da üzərinə düşür. Şəhid olduğu gün bütün taborun şəxsi heyətini yığıb Qanlı təpə deyilən yüksəkliyi ələ keçirməyin lazım olduğunu deyir. Bu təpənin alınması həm də ona görə vacib olur ki, iki ay əvvəl ermənilərin hücumu nəticəsində on üç nəfər əsgərimiz orda pusquya düşərək şəhid olurlar. Onların nəşi isə Qanlı təpədə qalır. Həmin gün hücum başlanır. Emin bəy deyir ki, atası həmin şəhidlərə görə çox narahat olur və bu narahatlığını belə dilə gətirir:

Atam döyüş dostlarına belə demişdi. Qanlı təpəyə bir neçə dəfə hücum planlaşdırılır, amma səhv etmirəmsə, alınmır. Döyüşçü dostları ona deyirlər ki, bəsdir, daha, görürsən ki, alınmır. Atam isə onlara belə cavab verir: “Mən o on üç nəfərin cəsədini oradan çıxartmasam, rahat ola bilmərəm!”.

Atam şəhid olanda, mən 6-cı sinifdə oxuyurdum. Çox şeyi dərk edəcək yaşda idim. Onun ölüm xəbəri gələndə də özümü mətanətlə aparmağa çalışdım.

Svetlana xanım isə Elmanın ölümündən sonra xeyli əziyyətlərə dözməli olur. Ancaq o, heç zaman qəhrəman xanımı olduğunu unutmur:

- Elman son dəfə evə 93-cü ilin yanvar ayının 11-də gəldi. Evdən gedəndən 3, 4 gün sonra Vəng kəndində vuruldu. Həmin gün iki nəfər şəhid olmuşdu, onlardan biri də Elman idi. O, elə vurulan kimi də dünyasını dəyişmişdi. Sürücüsü gəlib bizi onun ata yurduna - kəndə apardı. Biz elə kəndə çatanda mən adamların yığışmağından bildim ki, Elman şəhid olub. Amma şürücüsü bizi aparanda gördüm ki, ağlayır, nə qədər soruşdum heç nə demədi. 

Mən fəxr edirəm ki, həyatımda elə bir adama rast gəlmişəm. Uşaqlarımı çox çətinliklə böyütsəm də, onun getdiyi yolla, gördüyü işlərlə, qəhrəmanlığı ilə qürur duyuram. O, mənim üçün, balalarına böyük ad-san qoyub getdi. Elman Tərtəri ilk qoruyan oğul olub.

 

# 9888
avatar

Samirə Əşrəf

Oxşar yazılar