“Hamını çıxardıb, bayrağa bükülü tabutu açdıq...” –  Şəhid əmanəti
20 dekabr 2019 20:15 (UTC +04:00)

“Hamını çıxardıb, bayrağa bükülü tabutu açdıq...” – Şəhid əmanəti

 Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid qəhrəmanımız Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Mirzə Novruzovun ailəsindən hazırlanıb.

 

 Mirzə Novruzov. 1984-cü ildə Bakıda doğulub. 286 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olub.

Təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirərək, 2006-cı ildə oranı bitirib.

2007-ci ildən etibarən N saylı hərbi hissədə artilleriyaçı kimi xidmətə başlayıb.

Mirzə Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif edilib.

 

Toy

 

Telefonla danışdıq əvvəl. Hərdən hıçqırır, hərdən də toxtayıb, danışmağa davam edirdi. Səsindəki kədərlə tez-tez təşəkkür edən bu qadın 2016-cı ildə aprel döyüşlərində şəhid olmuş baş leytenant Mirzə Novruzovun anası Rüxsarə xanımdır...

 

Vədələşdiyimiz gün gəlib çatanda xanımla evlərində görüşürük. Bu evə girmək, onun həyətindən, otaqlarından həmişəlik çıxıb getmiş o igid vətən oğlunu xatırlamaq qəlbimə qüssə gətirir. Rüxsarə xanım bunu dərhal hiss edir. Özü səbirlə toxtaqlıqla sözə başlamağa çalışsa da elə ilk cümlədən kövrəlir:

 

- Mirzə böyük oğlum idi. Özünü də elə böyük kimi aparırdı. Rəhmətlik yoldaşım hər şeyi onunla məsləhət edərdi, həmişə də deyirdi ki, Mirzə hərbi xidmətə gedəndən sonra biz nə edəcəyik. Hərbiyə də özünün istəyi ilə getdi. Mənim bir hərbçi dayımoğlu vardı. Türkiyədə oxuyurdu, hər yay bizə gəlirdi. Mirzə onun yanından aralanmazdı. Elə ona da baxıb, həvəsləndi. Hərbi akademiyadakı müəllimləri həmişə ondan razılıq edirdilər. Mirzə balaca uşaq idi, mən işə gedəndə evləri təmizləyər, xörəyimi belə bişirərdi. 2006-cı il dekabrın 30-da Mirzəni sevdiyi qızla evləndirdim.

 

Mirzənin toyu olan gün ilk faciə qapını döyür. Mirzənin atası toya bir neçə saat qalmış dünyasını dəyişir. Heç nədən xəbəri olmayan Mirzə gəlin maşını ilə şadlıq evinə yollanır. Ailəsinin toya gecikməsinin səbəbini isə ona deməyə heç kim ürək eləmir. Yalnız axşamdan bir az keçmiş anası toya gələndə Mirzə atasının ölümündən xəbər tutur və bununla da toy başa çatır.

 

- Yoldaşım Mirzənin toyuna görə o qədər sevinirdi ki. Tez-tez deyirdi ki, qızım yoxdur, gəlinim Əfsanə gəlib bizə qulluq edəcək. Ancaq ağlımıza gəlməyən başımıza gəldi. Toy günü çoxlu qar yağmışdı. Toya hazırlaşırdıq. Hamı getmişdi bizdən başqa. Yoldaşım hamamda yıxılmışdı. Əvvəl elə bildik infarkt olub. Sonra həkimlər yoxladılar, dedilər düzələcək vəziyyəti. Amma düzəlmədi, axşam tərəfi keçindi.

 

Toy günü baş verən faciədən sonra ailə çətinliklə özünə gəlir. Mirzə yenidən hərbi hissəyə qayıdır, həyat yoldaşını isə anasının yanında qoyur. Gəlin-qaynana baş-başa verib dolanırlar. Rüxsarə xala oğlunun hərbçi olmasından yana nigarançılıq çəksə də, gələcəkdə onu nələrin gözləməsindən xəbərsiz, oğlunun ilk övlad payını, özünün isə oğul nəvəsinin yolunu gözləyir.

 

- Gəlinim mənimlə təxminən iki ilə qədər yaşadı. Mirzənin oğlunun bir yaşı olmamış o, həyat yoldaşını da götürüb, özü ilə birgə xidmət etdiyi bölgəyə apardı. Orda onların bir qızları da doğuldu. Mirzə şəhid olan günə qədər bir yerdə yaşadılar.

 

Əfsanə xanım, həyat yoldaşından sonra təkləndiyi həyatın içərisində iki övladına qısılıb yaşamağa davam edir. Onun çöhrəsində, səsində, gözlərinin dərinliyində gənc yaşda çiyinlərinə düşən amansız ayrılığın bütün iztirablarını hiss etmək olur. Bu gənc, yaraşıqlı qadın ömrünün sonrakı hissəsini övladlarına həsr etməkdə iddialı olduğu qədər də qüssəlidir. O, Rüxsarə xanımın dediklərinə sadəcə qulaq asır, baxışları tez-tez yol çəkir. Mirzə ilə olan günlərinə toxunanda Əfsanə əvvəl oğluna, sonra da qızına baxıb, ehtiyatla danışır:

 

- Mirzənin işi çox çətin idi. Biz ailə quranda nişana belə gəlib çatdıra bilməmişdi. Sonra atası qəfil rəhmətə getdi. Qardaşı hərbi xidmətə yollandı. Ailənin bütün çətinliyi onun üstünə düşmüşdü. Hərbçilərin hamısının işi bu baxımdan çox çətindir. Ona görə də biz bir-birimizi düz dörd il istəmişik. Nə mənim ailəm məni ona verirdi, nə də onun ailəsi uzaq yerdən qız almaq istəyirdilər. Mən onunla tanış olanda Bakıda oxuyurdum, Mirzə də hərbi akademiyada. Həftənin hər şənbə gününü həsrətlə gözləyirdim. Günlərdən ən çox şənbə gününü sevirdim. Həmin gün Mirzə hərbi hissədən Bakıya gəlirdi və biz görüşmək imkanı tapırdıq. Bir dəfə yadıma gəlir ki, bir həftəsonu o gəlmədi. Sən demə, imtahandan kəsiri olub, ona görə də evə icazə verməyiblər. Ondan sonra Mirzə həmişə dərsə hazırlıqlı olurdu ki, yaxşı qiymət alsın, kəsiri olmasın. Bizim vaxtımızda mobil telefonlar indi kimi çox deyildi. Mən xalamgildə qalırdım. Çox nadir hallarda ev telefonu ilə əlaqə saxlayardıq. Bir dəfə mənə şeirlərlə dolu bir məktub yazmışdı. Qardaşından hədiyyələr alıb göndərirdi. Xalamdan çox utanırdım. Mirzənin aldığı hədiyyələri gizlicə açıb baxırdım, xalam gələn kimi gizlədirdim. Qızlar deyirdilər ki, baxıb doydunsa, gizlədək, heç kim görməsin. İndi onların hamısını saxlayıram.

 

Qüssə

 

Bayaqdan xatirələrini yadına salıb danışan, danışdıqca gülümsəyən, gözlərində səadətin son işartıları parıldayan Əfsanə sonuncu cümlədən sonra susur. Yenidən öz zamanına, reallığına qayıdır. Qüssə yenə bütün simasını bürüyür. Halbuki indicə gülümsəyən qadın necə də gözəl və bəxtəvər idi...

 

Yenə müharibə yada düşür, çöhrəsi qaralır:

 

- Bizim yaşadığımız yer Mirzənin döyüşdüyü hərbi hissəyə yaxın idi. Bəzən atışma səsləri evimizin düz içərisində olurdu. Uşaqlar da atışma səslərinə öyrəşmişdilər. Silah səsi gələn kimi girirdilər stolun altına. Bir dəfə atışma olanda Mirzə qaçaqaça gəlib həyətdən məni çağırmışdı. Demişdi ki, kənddə bir adamın işığı yanmır, səndən başqa. Bilmirsən atışma olanda işıqları söndürmək lazımdır. Təzə vaxtlar, əlbəttə, bunları başa düşmürdüm. Sonralar hər şeyə öyrəşdim. Amma aprel döyüşlərində olan atışma səslərini mən heç vaxt eşitməmişdim. Onda hiss etmişdim ki, məsələ çox ciddidir.

 

Mirzəni mən sonuncu dəfə aprelin 3-də gördüm. Gedəndən sonra da mesaj yazdı ki, özünüzdən muğayat olun. Amma sonrakı gün ona zəng çatmadı.

 

Ümid

 

2016-cı ilin aprelin 4-də səhər saatlarında Mirzə şəhid olur. Xəbəri Əfsanəyə qaynı çatdırır. Əfsanəni illərdir yaşadığı evdən çıxarmaq müşkülə çevrilir. Gənc qadın Bakıya getməkdən imtina edir. Bildirir ki, əri gəlməyənə qədər evindən çölə bir addım da atmayacaq. Ancaq sonradan ona həqiqətə bir pillə yaxın, yalandan bir azca uzaq bir xəbər verirlər. “Mirzə yaralanıb, qan qruplarınız eyni olduğu üçün Bakıya gedib ona qan verməlisən”.

 

- Mən Bakıya gəlməzdim. Gəlmək də istəmirdim. Qaynım gələndə dedim bu evdən çıxmayacağam. Mirzəyə söz vermişəm ki, onsuz heç yerə getməyəcəm. Mirzə özü gəlsin, məni aparsın. Onda məni aldatdılar. Dedilər, Mirzə yaralanıb, gəl gedək, ona qan verməlisən. Yadıma gəlir ki, evdən heç nə götürmədim. Eləcə əynimdəki paltarla maşına oturub gəldik. Bakıdakı evimizə gələndə gördüm qayınatamgilin qapısı adamla doludur. Qapının üstündən bayraq asmışdılar. Evin bütün otaqlarını gəzdim, Mirzəni tapmadım. Bir otağa çəkilib, xeyli susdum. Sonra gördüm Ramin ağlaya-ağlaya gəlir. Ondan soruşdum ki niyə ağlayırsan? Susdu, heç bir cavab vermədi. Qayınanam qapının yanında mənə yaxınlaşdı, dedi, “Əfsanə, həmişə bu qapıdan balamla qoşa girmisiniz. İndi tək gəlmisən. Hanı mənim Mirzəm?” Bilmədim nə cavab verim. Əslində mən ora Mirzəni tapmaq üçün gəlmişdim, amma məndən Mirzəni soruşurdular. Həmin gün Mirzənin bütün iş yoldaşlarına, hərbçi dostlarına zəng vurdum. Ya məni aldadırdılar, deyirdilər, narahat olmayın, ya da zəngə cavab vermirdilər.

 

Mirzədən sonra Bakıda qala bilmirdim. Onunla yaşadığım evə getmək istəyirdim. Getdim də. Amma mən təsəvvür etməzdim ki, ondan sonra orda yaşamaq o qədər çətin olarmış. İki gün o evdə qaldım. Hər səhər eyni açılır, axşam eyni cür düşürdü. Hər şey olduğu kimi idi. Bircə Mirzə yox idi. Dəhşətli idi. Gözüm yollarda qalırdı, amma o, gəlmirdi. Ordakı həyat, hər şey olduğu kimi qalmışdı, Mirzədən başqa. Ordan Mirzənin şəhid olduğu yerə qədər getdim. Onun son anlarını hiss etmək istədim. Kənd camaatı Mirzənin qanı tökülən yeri çəpərləmişdi ki, oranı heç kim ayaqlamasın.

 

Çarəsizlik

 

Tək və çarəsiz qalan qadın günlərlə, həftələrlə susur. Heç kimlə danışmır. Düşüncələrinə iki şey hakim olur. Yenicə itirdiyi sevdiyi insan, uşaqlarının atasının ölümü və intihar. Əfsanə həmin günləri çox çətinliklə, böyük ağrı ilə xatırlayır. Amma xatırlayır:

 

- Mirzə şəhid olanda mənim bircə fikrim vardı ki, özümü öldürüm. Mirzədən sonra yaşamaq barədə düşünmək belə istəmirdim. Ondan sonra tək qalmağı heç cür ağlıma sığışdıra bilmirdim. Bir dəfə ölməyə cəhd də etdim. Nə uşaq, nə böyük heç kim barədə düşünmürdüm. Ondan sonra oğlum Nihad düz bir ay mənim yanımdan aralanmadı. Hara gedirdimsə, mənimlə birgə gedirdi. Bəlkə də Nihad olmasaydı, sağ qalmazdım. O, məni ölməyə qoymadı.

 

Rüxsarə xanım deyir ki, həyat yoldaşı rəhmətə gedəndən sonra oğlu hər dəfə hərbi hissədən evə qayıdanda uşaqlarını da götürüb atasının məzarı üstünə gedirmiş. Hər dəfə də deyərmiş ki, atamızın əziyyətini itirə bilmərik.

 

- Özü şəhid olandan sonra isə bu qəbirlərin sayı iki oldu. İndi Əfsanə həm həyat yoldaşının, həm də qayınatasının qəbri üzərinə uşaqları ilə birgə gedir. Yay, qış, havanın ən çətin şəraitində belə heç bir cümə axşamlarını ötürmür. Mən özüm də hər həftə oğlumla gedirəm. Hər dəfə gedəndə oğlum mənə deyir ki, ana, nə edirsən et, bircə ağlama.

Mirzə özü imkan tapanda iki, üç saatlıq vaxt tapan kimi gəzməyə aparırdı. Amma ondan artıq vaxt tapmırdı. Həm də əsgərlərini heç kimə etibar etmirdi. Əsgərləri də onu çox istəyirdilər. İndinin özündə də hər yerdə onun şəkillərini paylaşırlar.

 

Vətən sevgisi

 

Mirzənin vətən sevgisindən söz düşəndə ana illər əvvəl baş verənləri dünən kimi xatırlayır. Hərb tədbirlərdən sonra evlərinə gətirdiyi bayrağı həyət qapısının ən hündür yerindən asmasından danışır. “Bu sevgi hər gün bir az böyüyərək Mirzənin şəhidlik anına qədər aparıb çıxarır” – deyir ana.

 

- Qocalığını gözləyirdi. Deyirdi ana, qocalanda iş yerimi Bakıya dəyişəcəm. Allah da qocalmağı ona qismət eləmədi. Biz Mirzə ilə aprelin 3-də danışdıq. Daha doğrusu, qardaşım danışdı, mən də onun səsini eşitdim. Növbəti gün mən Mirzəyə zəng vurdum söndürdü. Həmişə söndürəndən sonra özü zəng vururdu. Bu dəfə isə zəng vurmadı. Ağlıma pis heç nə gəlmədi. Ertəsi gün həm gəlinimə, həm də ona zəng vurdum. Heç biri götürmədi. Getdim işə. İşdən də nə qədər zəng vurdum heç kim mənə cavab vermədi. Günortaya yaxın  baldızımdan zəng gəldi. Telefonu götürəndə baldızım dedi ki, - Rüxsarə tez ol gəl, başımıza daş düşüb. Ətrafdakı hər şey başıma fırlandı. Bir o yadımdadır ki, nə qədər elədim ayağa qalxa bilmədim. Ayaqlarım tutuldu. Ağladım ki, mən evə getmək istəyirəm, Mirzəni istəyirəm. Məni təcili yardımla evə gətirdilər. Sonralar yadıma gəlirdi ki, nə qədər çalışsam da, evimizin ünvanını xatırlaya bilmirdim. Hər dəfə sürücü soruşanda rayonun adını deyirəm, ünvanı xatırlaya bilmirəm. Onlar hər dəfə məndən evin ünvanını soruşanda mən cavab verirəm ki, nə ev, hansı ev, Mirzə yaralanıb, məni onun yanına aparın. Təsəvvür edin ki, illərlə yaşadığım ünvanı unutmuşdum. Bilmirdim sürücüyə nə deyim. Həyətimizə çatanda gördüm millət axışıb gəlib, allah məni öldürsün, hamı bilib balamın başına gələni, bircə məndən başqa (ağlayır). Balaca oğlum hər şeyi bilirdi. Mən evə gələndən sonra o da gəldi. Dizini yerə atıb ağlayanda hər şeyi anladım. O, hər dəqiqə ağlayan uşaq deyildi. Mirzəni mənə bir də gecə saat 12-də gətirdilər. Tabutun içində bayrağa bükülü halda. Onda artıq Əfsanə də, nəvələrim də gəlmişdilər. Əfsanənin yüyürə-yüyürə qapıdan içəri girib otaq-otaq Mirzəni axtarmasını bu günə qədər də unuda bilmirəm. Səhərə qədər o tabuta sarılıb ağladıq. Gecə Əfsanə yalvardı ki, açın baxım, məni gözü yolda qoymayın. Axırda hamını otaqdan çıxardım. Tabutu açdıq. Gəlin də mən də Mirzənin üzünə baxandan sonra təzədən bağladılar. Mirzədən sonra mənim yaşamağım yaşamaq deyil.

 

Mirzə həmişə gələndə əlini atıb mənim saçımı sığallayırdı. Bir dəfə yatmışdım, hiss etdim ki, kimsə saçımı sığallayır. Ayılanda otaqda heç kim yox idi. Amma sığalın istisi başımda idi. Sanki hər şey yuxuda yox, həyatda baş vermişdi.

 

Son əmanət

 

Mirzə şəhid olandan sonra onun paltarlarını Əfsanə götürür. Bircə papağını Rüxsarə xanım xahiş edərək ondan alır. İndi həmin papaq Mirzəyə aid əşyaların, şəkillərin içərisindən boylanır.

 

Mirzənin bayaqdan susqun əyləşən övladları sona qədər danışmaq istəmir. Ancaq qız övladı nəyisə xatırlayıb, dillənir:

 

- Mən məktəbə gedəndə atamsız getmək istəmirdim. Ağladım, məktəbdəki uşaqlara yaxınlaşmadım. Həmin gecə atamı yuxuda gördüm, mənə dedi ki, darıxma, hər şey yaxşı olacaq, qızım. Dərslərini də yaxşı oxu. O gündən sonra məktəbə gedəndə ağlamadım, dərslərimi də yaxşı oxuyuram.  

 

 

 

 

# 14447
avatar

Samirə Əşrəf

Oxşar yazılar