Qonaq: İradə Tuncay
Qarşılayan: Günel Mövlud
Əlim qələm tutandan Markessayağı az qala min adamdan müsahibə almışam. Bu, fəxr olunası bir şey deyil, sadəcə statistikanı özümə bir daha xatırlatdım. Və bu minə yaxın həmsöhbətin arasında iki nəfər var ki, onlarla söhbətə başlamamış müsahibənin, yazının, reportajın aqibəti artıq mənə bəlli olur. Bilirəm ki, söhbət nədən gedir-getsin, ağır basan mövzu mütləq sevgi olacaq. Bu iki nəfərdən biri canlı klassik Əkrəm Əylisli, biri də bu ölkənin ən çox sevdiyim qadınlarından biri olan İradə Tuncaydır.
Amma onu səhər yeməyinə çağırmağa bir az da tərəddüd elədim. Dəfələrlə söhbət eləmişik, dəfələrlə yazılarımın qəhrəmanı olub, danışmadığımız, toxunmadığımız mövzu demək olar ki, qalmayıb. “Olsun”, düşündüm, “qoy, danışacaq sözümüz olmasın, görüm, İradə xanımla susmaq necə olur?”
“Travelers Coffee”nin kübar səssizliyində oturub, gözlərimi pəncərənin o tayına dikərək, gözlədim. Dəfələrlə görüşsək də, onu birinci dəfə görəcəyəmmiş kimi həyəcanlandım, bir azdan üzündə acılı, ürküdücü təbəssüm, gözlərində nəm parıltıyla burada olacağını düşünəndə...
Az keçmişdi ki, bir-birinə aman vermədən, ikisi bir yerdə yağan qarla yağışa çətir tutmadan, küləkli havada yay günün yeriyirmiş kimi asta və rahat yerişlə göründü pəncərənin o üzündə. İçəri keçdi, yanıma qalxdı və salamlaşan kimi yerimizi zarafata saldı:
- Bu ortalığı niyə seçmisən, gözəl? Bəlkə xəlvətə çəkilək?
Güldüm:
- Xəlvət qaranlıq olur, bura fotolar üçün də yaxşıdı.
Paltosunu çıxarıb, yerini rahatlayır:
- Bayaq fikirləşirəm ki, Günellə nədən danışacağıq? Danışmadığımız söhbət də qalmayıb. Amma eybi yox, onsuz da bir şey tapacağıq.
- Mövzu üçün gözəlliyiniz bəsdi, İradə xanım.
Əlini sinəsinə qoyur:
- Ooo!
- Yeri gəlmişkən, bu gün çox qəşəngsiniz. Elə bil, xüsusilə bəzənmisiniz.
- Sənin üçün, əzizim.
- Sarı saçlar da bir ayrı yaraşır sizə...
- Hə...amma bu gözəl görünməkdən daha çox, ağ saçları birtəhər yoluna qoymaq üçündü. Saç ağaranda bir çarə tapmalısan.
- Yaşınızın çoxluğu qorxudur sizi?
- Yoox. Düzdü, bu yaxşı deyil, bədənin qocalıb, ruhun cavan qalmağı anormal bir şeydi, amma mən ruhən hələ çox cavanam.
- Bütün gözəl qadınlarda bir yaşlanmaq, gözəlliyini itirmək qorxusu olur.
- Əlbəttə. Bu da var. Amma çalışıram gözəlliyi də qoruyub saxlayım. (gülür) Heyf ki, gözəlliyin qayğısına qalmağa belə gec başladım. Bu yaxınlarda iyirminci əsrin yüz böyük qadını barədə kitab oxuyurdum. Orada Odri Hepbern barədə də yazı vardı. Odri deyirmiş ki, qadını gözəlləşdirən şey nə onun saçlarının rəngi və düzümü, nə sifət cizgiləri, nə də dərisinin rəngi. Qadına gözəllik verən şey, qadının ovsunu onun gözlərindəki parıltıdı. Bunu oxuyanda yadıma düşdü ki, bu sözləri sən də mənim barəmdə deyirsən. Maraqlıdı ki, bu sözü mənə bir kişi yox, bir qadın deyir...
- Məşhur bir fikir var: kişi qadına gözəl olduğunu deyirsə, bu doğru olmaya da bilər. Amma qadına onun gözəl olduğunu başqa bir qadın deyirsə, deməli o doğrudan da gözəldir.
- Ah, canım, elə bil bilirsən ki, indi mənim sevgiyə və belə etiraflara ehtiyacım var...
Bayaqdan gözə dəyməyən Taleh gəlir və məni də, qonağımı da salamlayıb, sifarişlərimizi alır. Südlü qəhvə sifariş verən qonağım, yemək seçəndə bir az ehtiyatlanır:
- Mən az yeyəcəm. Keçən dəfə səninlə nahar eləyəndən sonra məni biabır eləmisən. Yazmısan ki, İradə xanım “objora”dı.
- Elə yazmamışam, yazmışam ki, İradə xanım çox iştahalıdı. İndi də narahat olmayın, nə istəyirsiz, yeyin, söz verirəm, yazmayacam.
İradə xanımı arxayın eləyirəm və biz gülə-gülə bir masanın üstünü dolduracaq qədər yemək sifariş veririk.
Taleh uzaqlaşır və söhbət yaradıcı qadınlardan düşür.
- İradə xanım, həmişə xoş davranışınızı görmüşəm. Amma nəsə sizdən çəkindirəcək, ürküdəcək bir şey var içimdə. Üzünüzdə, ovqatınızdakı o acılıq nədir?
- Yəqin ki, ağrılarımın ifadəsidi. Bəlkə də, içimdəki sevgini heç vaxt büruzə verə bilməməyin nəticəsidi. İtirdiklərimin ağrısıdı. Əslində, mənə çox adam deyib, “sən acıdilsən, sən çox sərtsən”. Amma nə bilim, şirinlik eləməyi bacarmıram mən. Bilirəm ki, səhv eləyirəm, bilirəm ki, ömür boyu səhv eləmişəm, gərək belə olmayaydım, gərək lazım gələndə adamın üzünə gülməyi də bacaraydım, dilimi şirin eləməyə çalışaydım. Amma alınmayıb, mən başqa cürə tərbiyə almışam. Məncə, bütün yaradıcı qadınlarda olur bu problem. Xüsusilə bizim yaşadığımız ölkədə.
- Amma heç tarixdə də yoxdu xoşbəxt yaradıcı qadın nümunəsi. Ağrılar elə bil alınlarına yazılıb...
- Bəlkə elə yaradıcı kişilərin də hərəsi bir cür bədbəxtdir, amma yaradıcı kişinin sığınacaq yeri çoxdur. İçki var, sevməsə belə, təsəlli tapacağı qadınlar var. Amma yaradıcı qadın belə deyil, onun ağrıları daha dərindi. Görünür, qadının içi olanda, anlamağı, duymağı bacaranda, xoşbəxt ola bilmir, anlayır ki, bu mümkün deyil.
- və onun itkisi də daha çoxdu...
- Hə, əzizim. Çoxdu. İndi heyfsiləndiyim, təəssüfləndiyim o qədər şeylər var ki. Mən ömrü boyu yaxınlarıma, doğmalarıma, tanışlarıma, elə uzaq adamlara qarşı da təmənnasız oldum, fədakarlıq eləməyə çalışdım. Əlimdən gələni əsirgəmədim. Həmişə də ali, mənəvi şeylər barədə düşündüm. Belə lazım deyilmiş, belə şeyləri qiymətləndirən yoxmuş.
- Doğrudan heyfsilənirsiz?
- Hə.
- Niyə? Belə olmasaydınız, o yazıları yaza bilməzdiniz axı.
- Yazılar...çoxmu adam oxuyur o yazıları?
- Bir nəfər də olsa, bəs deyil?
- Bir nəfərə görə yazmaq, “bir nəfər də bəsdi” demək pafosdu, əzizim.
- Siz inanmırsınız ki, bir əsər, bir yazı bir insanın həyatını dəyişə bilər?
Köksünü ötürür:
- Bəlkə də dəyişə bilər, amma o bir nəfər bu ölkədə deyil. Burda olsa belə, bir nəfərin həyatını dəyişməyə görə, sənə heç kim minnətdar olmaz. Sən Şvarsın əsərlərini yəqin ki, oxumusan. “Obıknovennoe çudo”ya baxmısan da...
- Hə, Mark Zaxarovun filmi...
- Ay sağ ol. Şvarsın əsəri əsasında bir film də çəkib Zaxarov. “Əjdahanı öldürmək”. Qısacası belədi. Bütün günü özünü xoşbəxt göstərən şəhər əhalisinə bir əjdaha qənim kəsilir. Lanselot adlı bir cəngavər əjdahanı öldürmək qərarına gəlir. Əjdaha onu yanına çağırıb, deyir ki, bunu niyə eləyirsən, görmürsənmi onlar öz hallarından necə xoşbəxtdilər? Mənəviyyatları necə şikəstdi? Lanselot deyir ki, onları şikəst eləyən sənsən, mən səni öldürəcəm və hamı xilas olacaq. Əjdahayla vuruşur və qələbə çalır. Bütün şəhər toy-bayram eləyir və şəhərin burqomistrinə dua eləyirlər ki, əjdahanı o öldürüb. Lanselot deyir ki, axı siz gördünüz, o əjdahanı mən öldürdüm?! İnsanlar cavab verirlər ki, bunu biz evdə deyə bilərik, küçədə yox. Və Lanselot başa düşür ki, insanların hərəsinin içində bir əjdaha var, o həmin əjdaha ilə mübarizə aparmalı, onu öldürməliymiş. Burda hər adamın içində bir əjdaha var və o əjdahaları bir-bir öldürmək mümkün deyil.
Yeməklərimizlə fotoqrafımız demək olar ki, eyni vaxtda gəldi. Söhbətimizə ara verməyimizdən istifadə eləyərək, qonağım mənə öz kitabını bağışladı: özünün “Sarı odalar”ını. Söhbətimiz isə süfrəyə yemək gələn kimi, naxçıvanlı-qarabağlı məsələlərindən düşmüşdü.
- İradə xanım, bir dəfə hansısa yazımdan sonra mənə mesaj yazmışdınız ki, qarabağlılarla münasibətlərim gərgindi, hətta onların arasında bir istedadlı adam görəndə təəccüblənirəm...
- Bilirsən, Günel, şəhərdə doğulub-böyüyən uşaqlar üçün region anlayışı olmur. Onlar daha çox kosmopolit olurlar, bəşəri dəyərlərlə yaşayırlar. Məndə də əvvəllər belə şey olmayıb. Regionçuluğum onda başladı ki, Kamran Bağırov getdi, yerinə Vəzirov gəldi. O vaxt AzTV-də işləyirdim. Xəbər yayıldı ki, bütün naxçıvanlıları işdən çıxaracaqlar. Gördüm, çoxu qorxusundan naxçıvanlı olmağını danır. Bax, onda elə bil içimdəki o regionçuluq baş qaldırdı. Şəstlə hamıya deyirdim ki, “hə, mən naxçıvanlıyam!” Bilirsən, iqlimin insan xislətinə, xarakterinə ciddi təsiri olur. Mən Naxçıvanda böyüməmişəm, amma görünür, mənə də genetik keçib o sərtlik, sözü üzə demək. Qarabağlıları da niyə sevmədiyimi bilirsən, bunu bir də mətbuata çıxarmayaq.(gülür) Sən də ki, Üzeyir bəydən sonra sevdiyim qarabağlısan...
- Mənəm, Üzeyir Hacıbəyovdu... məni bu şərəfli siyahıya saldığınız üçün sağ olun. Yazılarınızdan birində belə bir şey oxudum. Yazmışdınız ki, “...hər qadın bir missiya ilə doğulur. Biri Övlad, biri Qadın, biri Ana olur. Mən ömrüm boyu təkcə Övlad oldum. Qadınlığımı, analığımı yaşaya bilmədim”. İndi Nənə ola bilirsiniz?
- Yoox! Heç özümü görmürəm nənə rolunda. Düzdü, çox istəyirəm nəvəmi, qayğısına qalıram, əzizləyirəm. Amma görürəm ki, mən öz nənəm üçün nə idimsə, Tansu mənim üçün o deyil. Yəni ənənəvi nənələrdən deyiləm.
- Niyə, nəvəniz sizə yaşınızın çoxluğunu xatırladır?
- Sən bu yaş məsələsini yaman qabardırsan, amma belə deyil. Sadəcə içimdə yoxdu o ənənəvi nənə, ənənəvi qayınana olmaq hissi. Nəvəmin də mənə oxşamağını heç istəmirəm. Qoy xoşbəxt olsun, öz həyatını yaşasın. Övladlığını da, qadınlığını da, analığını da.
- Heyfim gəlir sizə... Xarakterini sevdiyim qadınsınız, bu gün gördüm ki, o xarakterə görə özünüzü qınayırsınız. Ruhən təmizliyin, təmənnasızlığın, mənəvi dəyərlərin istedadlı qadın üçün xilas yolu olduğunu düşünürdüm, bu gün gördüm ki, ömrü boyu belə düşündüyünüz üçün təəssüflənirsiniz... Niyə belə?
- Bilirsən, Günel, elə adamlar var ki, evi yanır, sevdikləri ölür, hər şeyini itirir. Özünü bədbəxt hesab eləyir. Kənardan baxanda adama belə gələ bilər ki, bəs mənə nə olub? Bəlkə də hamı fikirləşir ki, Məmməd Arazın qızı olmuşam, mənim üçün heç bir çətinlik olmayıb, hər yerdə yaşıl işıq yanıb. Amma ta demirlər ki, Məmməd Arazın gurultulu adından başqa heç nəyi olmayıb. Əksinə, bu adın ağırlığını, məsuliyyətini hiss eləmişəm həmişə. İçimdə evim də yanıb, sevdiklərim də ölüb, doğmalarımı da itirmişəm... Yadındadı, bir dəfə çox pis vaxtımda sənə mesaj yazmışdım. Mənə cavab yazdın ki, hər şeyin xilası ədəbiyyatdadır. Az keçmədən gördüm ki, doğru deyirsən. Adamı hamı tərk eləyir, hamı adama xəyanət eləyir. Sənə qalan, səni heç vaxt tərk eləməyən şey ədəbiyyatdır, sevdiyin əsərlərdir, sevdiyin qəhrəmanlardır... Ədəbiyyat heç vaxt adama xəyanət eləmir, Günel...
Danışdıqca dolub və özünü tox saxlamaqla, dəsmalı sezdirmədən gözlərinin qırağında gəzdirməklə göz yaşını gizlətmək istəyir. Özümü elə aparıram ki, guya görmürəm və zarafatla əlimi açıb, onun kitabının üstünə qoyuram:
- Əlimi sizin kitabınıza qoyub, and içirəm ki, mən də heç vaxt ədəbiyyata xəyanət eləməyəcəm.
Əsas və daha maraqlı söhbətlərimiz onu bu ovqatdan çıxarandan, fotoqrafımız gedəndən, yeməklərimiz bitib, hərəmizə bir stəkan qaynar qəhvə götürəndən sonra başladı. Amma bu söhbətlər mətbuat üçün deyildi və açığı, elə əsl səhər yeməyi ovqatıyla müzakirə olunan mövzular da məhz bunlar idi (Redaktorumuz həmişə söhbətlərin bu qismi ilə bərk maraqlanır və onları yazmadığım üçün əsəbiləşir).
İradə Tuncay: “İçimdə evim də yanıb, sevdiklərim də ölüb, doğmalarımı da itirmişəm...” - SÖHBƏT
9970