İbrahim Yusifzadə: “Kəndə dövlət maşınında gələn məmurlara heyranlıqla baxırdım...” - SÖHBƏT  -
09 iyun 2011 11:37 (UTC +04:00)

İbrahim Yusifzadə: “Kəndə dövlət maşınında gələn məmurlara heyranlıqla baxırdım...” - SÖHBƏT -

Qonaq: İbrahim Yusifzadə
Qarşılayan: Günel Mövlud


Mən adətən qonaq dəvət edəndə azdan-çoxdan tanıdığım adamları dəvət eləyirəm. Budəfəki qonağımı redaksiyanın ağsaqqallar şurasının məsləhəti ilə çağırdım. Layihənin keçmişinə bir baxdıq, sən demə, yaradıcı insanlar, siyasətçilər, ictimai xadimlər olsa da, indiyə qədər bir nəfər də olsun dövlət qulluğunda çalışan məmur qonağımız olmayıbmış. Xub. Olmayıbsa, olsun. Görək, məmurlarımız süfrədə necə adamdırlar. Söhbətcillikləri, sərbəstlikləri nə yerdədir?

Beləliklə, qonağım Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadədir.

“Travelers Coffee”də görüşənə qədər mən qonağımın üzünü görməmişdim, fəaliyyəti barədə heç bir bilgim yox idi, amma bir insan xalqımızın şikayət məsələlərinə baxırsa, onun işi maraqlı olmaya bilməz. Elə özünə də bunu dedim.

- İbrahim müəllim, işin içində olan adam kimi, hansı qənaətə gəlmisiniz: xalqımız ən çox nədən şikayət eləyir?

- Evlərində bilmirəm, amma bizim şöbəyə edilən şikayətlərin, müraciətlərin çoxunun məsələn, Milli Məclisin işinə, qanunvericiliyə heç bir dəxli olmur. Şikayətlərin səksən faizi məişətlə, sosial problemlərlə bağlıdır. Ərindən boşanan, qayınanası ilə yola getməyən, işdən çıxarılan, işə düzəlmək istəyən, ev problemi olan adamlar şikayət və müraciət eləyir adətən bizim şöbəyə. Hansı problemlərin ki, həlli bizim əlimizdə deyil.

- Bəs, cavabınız necə olur həmin şikayətlərə?

- Həll edə bilməsək də, aidiyyatı orqanlara yönləndiririk və nəzarətdə saxlayırıq.

Ofisiantımız yaxınlaşmışdı. İbrahim müəllimin bəxtindən, bu gün bizə qaraşın, incə və şübhəsiz ki, göyçək bir qız xidmət eləyirdi. Qonağım nəsə sifariş verməkdən bilmərrə imtina eləyib, özünün menyusunu da mənə həvalə elədi. İbrahim müəllimin yemək zövqündən bixəbər olduğum üçün imtina eləsəm də, qonağım centlmensayağı:

- Siz nə sifariş versəniz, mənə xoşdu. Nə istəyirsiz, deyin.

Çalışdım ki çaylar və soyuq içkilər normalından, hər gün içdiklərimizdən (kafedə ekstravaqant çaylar daha populyardı), yeməklər isə ev yeməyinə yaxın olsun. Süfrə boyu İbrahim müəllim doğrudan da yeməyə heç bir irad bildirmədən, hətta tərifləyə-tərifləyə yedi və məni vicdan əzabından qurtardı.

- İbrahim müəllim, ixtisasca ədəbiyyatşünassız. Hətta eşitdiyim qədərilə bir çox musiqi alətlərində də ifa edə bilirsiniz. Gəncliyinizdən bəri şeirlər yazırsınız. Yəni əslində yaradıcı naturanız var. Bəs, niyə yaradıcılığı deyil, məmurluğu seçmisiniz?

- Mən ilk şeirlərimi yazandan sonra onları rayon qəzetinə apardım. O vaxtlar artıq ictimai fəaliyyətə başlamışdım. Redaktor mənə dedi ki, sən indidən bir qərar ver: şair, yazıçı olmaq istəyirsən, yoxsa dövlət qulluğunda çalışmaq istəyirsən? Dedim ki, dövlət qulluğunda çalışmaq istəyirəm. Dedi, onda bu şeirləri çap etdirməyin də bir adı yoxdur. Həm şair, həm məmur bir arada olan iş deyil. Məmurluğu seçdinsə, şairliyin başını burax.

- Elə mən də onu soruşuram ki, niyə məmur olmaq istəyi daha güclü oldu? Axı yaradıcı adamın vəzifədə elə də gözü olmur...

- Nə bilim, bu mənim uşaqlıq arzum idi. Uşaqlıqdan kəndə dövlət maşınında, yan-yörəsi böyük adamlarla gələn dövlət məmurlarına hörmətlə, heyranlıqla baxırdım. Bu mənim üçün əlçatmaz bir şey idi. İndisə artıq 43 ildən çoxdur ki, dövlət qulluğunda çalışıram.

- Bu illər ərzində heç rüşvət almısınız?

- Murtuz Ələsgərov Məclisə sədr gələndə ona kimsə çatdırmışdı ki, guya mən rüşvət alıram. O da iclaslardan birində dedi ki, İbrahim, eşitmişəm, rüşvət alırsan? Heç halımı pozmadım. Dedim ki, Murtuz müəllim, mən and içmirəm ki, rüşvət almamışam. Amma and içirəm ki, mənə heç vaxt rüşvət təklif etməyiblər. Hamı güldü. Sizin də sualınızın cavabı budur. Bilirsiz, axı bu elə bir şöbədir ki, mən heç kimin işini həll edə bilmərəm. Belə olan halda, kim mənə rüşvət təklif eləyəcək? Məntiqli deyil axı.

- Amma yəqin ki, işinizdən, nüfuzunuzdan istifadə edərək, yaxınlarınızın, qohumlarınızın işini həll etmisiz, vəzifədə qabağa çəkmisiz?

- Kim layiqdisə, kimin doğrudan da bacarığı varsa, hamısına əlimdən gələn köməyi eləmişəm. Təbii ki, qanun çərçivəsində, təbii ki, heç kimin haqqını tapdamayaraq. Amma bəzən çox yaxın adamlarım olub, işlərini həll etmək mənim əlimdə olub, amma kömək eləməmişəm. Çünki görmüşəm bacarıqları yoxdur, o işə layiq deyillər.

- Anar Yusifoğlu adında bir qardaşınız var. Onun üçün nə eləmisiniz?

- Anar mənim ürəyimdir. İnsan öz ürəyi üçün nə eləyə bilərsə, mən də Anar üçün eləmişəm. Amma mən Anarı harasa, kiməsə tapşırandan sonra, mənə təşəkkür eləyiblər onun çalışqanlığına, istedadına görə. Bu gün o İctimai Telekanalda departament rəhbəridisə, bu onun öz xidmətidi, mən onu sadəcə reportyor kimi məsləhət görmüşdüm.

- İbrahim müəllim, axırıncı dəfə nə vaxt saz çalmısınız?

- İki-üç gün bundan qabaq.

- Nəsə tədbir, məclis idi?

- Yox, saz çalmaq üçün mənə tədbir, məclis lazım deyil. Könlümə düşən kimi, əlimi atıram saza. Bir dostum mənə sədəfli saz hədiyyə verib, elə iki-üç gün bundan əvvəl o sədəfli sazı çalmışam.

- Yaradıcı tərəflərinzlə bağlı maraqlı bir xatirə danışa bilərsiniz?

- Bir dəfə Sabir Rüstəmxanlı ilə yasa getməli idik. Bir dostumuzun yaxını rəhmətə getmişdi. Yasa üç nəfər getməli idik. Oturdum Sabirin maşınına, getdik o üçüncü dostumuzu evindən götürməyə. Yolda Sabir mənə bir bağlama verdi ki, sənə Türkiyədən hədiyyə gətirmişəm. Amma açma, evdə açarsan. Dedim ki, evə niyə saxlayıram e, mənə almısansa, elə burda açacam. Dirəndi ki, yox evdə açarsan. Dözmədim, bağlamanı açdım. Baxdım ki, bir dənə zurnadı. Guya məni dolamaq üçün zurna alıb Türkiyədən. Mən də eləmədim tənbəllik, zurnanı aldım əlimə, başladım çalmağa. İndi biz maşında gedirik, pəncərəni açmışam, zurna çalıram. Hamı da Sabiri tanıyır axı, baxırlar ki, Sabir Rüstəmxanlı maşınla gedir, yanında oturan bir adam da ona zurna çalır. Sabir nə qədər yalvardı, fikir vermədim. Dedim, bəs sən mənnən məzələnib, zurna ala bilirsən?

Qonağım yaşı altmışı keçmiş adamdır. Qarşımda kostyumlu, qalstuklu, rəsmi, ahıl, saçlarının üçdə ikisi tökülmüş bir adam oturub. Əlimi atıb, çantadan Anar Yusifoğludan aldığım bir şəkli çıxarıram. Şəkildəki gur, qıvrım telli cavan bir oğlan ayağının birini maşının kapotu üzərinə qoyaraq, dayanıb. Üzündən qayğısızlıq, rahatlıq yağır. Şəkli qonağıma göstərirəm. Onun bu şəkli görəndə, təsirlənəcəyini, kövrələcəyini düşünürəm. Amma qonağım özünün gənc, qayğısız, əhli-kef vaxtlarının nostaljisinə qapılmır. Şəkli görəndə gülümsəyib:

- Həəə, mənəm – deyir.

Və sakitcə yeməyinə davam eləyir.

- İbrahim müəllim, qalstuk, kostyum sizi heç sıxmır?

- Yox. Mən dövlət qulluqçusuyam. İşimin atributlarına hörmətlə yanaşıram. İşim necə tələb edirsə, o cür geyinirəm.

- Hörməti, tələbi başa düşürəm. Demirəm ki, etiraz eləyəsiz bu atributlara. Soruşuram ki, şeir yazan, saz çalan, əyalət adamı, el adamı olaraq, bu atributlar sizi sıxmır ki?

- Yox. Özümü bu paltarda çox rahat hiss eləyirəm.

- İbrahim müəllim, şeirlərinizi çap etdirirsiz?

- Yox. Bayaq dedim axı, həm məmur, həm şair adına iddia eləmək mümkün deyil. Gərək ya məmur, ya şair olasan. Mən yazıram, amma çap etdirmək, kitab çıxarmaq fikrim yoxdur. Özüm üçün, öz ehtiyacım üçün yazıram. Şeir mənə çox kömək eləyir. Cavanlıqda sevgi üçün kömək eləyirdi, indi başqa mənəvi problemlərə kömək eləyir. Bu mənə bəsdi.

- Şeirlərinizdən birini deyə bilərsiniz?

- Əlbəttə...

İbrahim müəllim qafiyə ilə yazdığı nəsihətamiz bir şeirini əzbərdən deyir. Sonra heç gözləmədiyim halda, bir neçə il əvvəl metroda gördüyü gözəl bir qıza həsr elədiyi «naməlum gözəl» şeirini oxuyur. Mənsə bu romantikliyin, rəsmiliyin, məmurluğun, şairliyin qarışığında ilişib qalmışam...

İyunun 10-da İbrahim müəllimin doğum günüdür. Bu da bir fürsətdi deyib, təbrik edirik! Çox yaşayın, İbrahim müəllim...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9257
avatar

Günel Mövlud

Oxşar yazılar