Təsadüfi deyil ki, bir fəsildən digər fəslə keçdikdə geyimlərimizi, istifadə etdiyimiz aksesuarlarımızı, bəzən isə hətta yaşadığımız mühiti belə dəyişirik. İndi düşünürsünüz ki, bəli doğrudur, yayda qış çəkməsi və ya paltosu geyinməyəcəyik ki! Düzdür, bəs elədirsə, üz dərisinə qulluqda da fəslə uyğun dəyişikliklər etmək lazım deyilmi?
İlin dincəlmək üçün ən əlverişli, lakin üz dərisi üçün bir o qədər çətin dövrləri olan yay aylarında sağlam və təravətli üz dərisinə sahib olmanın qaydaları nələrdir?!
Bunun bir neçə qaydası var ki, bunlara diqqətlə riayət etməliyik.
Lent.az həmin qaydaları təqdim edir:
1. Hər şeydən əvvəl yüngül makiyaj
Ağır və qalın geyimləri qarderoblardan yığışdırdığımız kimi ağır makiyaj vasitələrini də üzümüzdən yığışdırmalıyıq. Dəri qulluğu üçün bacardıqca incə teksturalı, yüngül makiyaj vasitələrindən istifadəyə keçmək və üz dərisinin daha asan nəfəs almasına imkan yaratmaq lazımdır.
2. Üz dərisini yumaq kifayət etmir, toniklərdən istifadə edin
Heç bilirsiniz ki, krandan gələn su ilə üzümüzü yuduqda suda olan xlor və pas üz dərisinin pH, yəni turşu və qələvi balansını pozur? Elə bu yerdə köməyimizə toniklər çatır. Tonikdən istifadə üz təmizləmə prosesinin ən sonuncu mərhələsidir. Tonik təmizlənmiş dərinin pH balansını təmin edir. PH balansı üz dərisinin öz funksiyalarını sağlam bir şəkildə yerinə yetirməsi üçün çox vacib olmaqla yanaşı, dərinin yağ balansını və mikro florasını qorumaq üçün mütləqdir. Yaxşı təmizlənmiş və tonik çəkilmiş üz dərisi serum və kremdən daha çox fayda alır.
3. SPF, SPF və SPF
Yanıqlar, qırışlar, dəri xərçəngi və vaxtından əvvəl yaşlanma. Bunları yaşamaq bir kənara hətta oxunması belə insanda neqativ hisslər oyadır, düzdür?
Sizə bütün bunlara nəyin səbəb ola biləcəyini deyəcəyəm. “Günəşin yandırıcı və ultrabənövşəyi şüaları”. Günəş şüaları ilin istənilən vaxtı üz dərisi üçün zərərli ola bilər, lakin yay fəsli boyunca cildimizin ultrabənövşəyi şüalara məruz qalma səviyyəsi daha yüksək olduğundan minimum 30 SPF içərikli kremlərdən istifadə etmək mütləqdir.
4. Antioksidantlar
Hamımızın bildiyi kimi yaş artdıqca orqanizmin yaşlanması, cildimizin qocalması təbii bir prosesdir. Bu prosesi dayandırmaq mümkün deyil, lakin cildimizi qoruyan və yaşlanmanı gecikdirən məhsullar ilə baxım etdikdə bu prosesi xeyli ləngitmək olduqca mümkündür. Cildimizin vaxtından əvvəl yaşlanması bizi ən çox narahat edən problemlərdən biridir. İltihablı üz dərisi cildin cavanlaşma prosesinə mane olur.
5. Meyvələr dostumuzdur
Qüsursuz dəriyə sahib olmaq üçün istifadə etdiyimiz qulluq vasitələri qədər yediyimiz qidaların da vacibliyini unutmamalıyıq. Xüsusilə yay aylarında üz dərisinin sağlamlığını və parlaqlığını qorumaq üçün meyvə və tərəvəz yemək vacibdir. Meyvə və tərəvəzlərdə olan vitaminlər və minerallar dərini daha elastik edir və qırışların meydana gəlməsini gecikdirir. Bununla yanaşı onların tərkibində kollagen istehsal prosesini artıran, iltihabı azaldan və üz dərisini günəşin zərərli təsirindən qoruyan vacib vitaminlər və antioksidantlar vardır.
6. Gözətrafını unutmayaq
Bilirsiz ki, gözətrafı dəriniz üz dərisinin digər hissələrindən daha incədir və xüsusi qayğıya ehtiyacı var?
Bilmirdinizsə, bu vaxta qədər gecikdiyiniz baxımı yazdıqlarımıza diqqət etməklə yay fəsli ərzində yerinə yetirə bilərsiniz. Hər şeydən əvvəl yay aylarında günəşə çıxdıqda gün eynəklərindən istifadə etməyi qətiyyən unutmayın. Bu, gözlərinizin ətrafında qırışların yaranmasının qarşısını alacaqdır. Ümumiyyətlə, yay aylarında günorta 12-4 arası saatlarda günəşə çıxmaq məsləhət görülmür.
7. H2O
Günəşin üz dərisində itirdiyi nəmi bərpa edə biləcək ən vacib proses su içməkdir. Məlumdur ki, yay aylarında orqanizm daha çox su itirir və bundan ən çox təsir görən orqanlarımızdan biri də dərimizdir. Xüsusilə qızmar yay günlərini susuz təsəvvür etmək olmur, amma suyu təkcə susuzluğumuzu yatırmaq üçün içmirik. Gün ərzində kifayət qədər su içməklə üz dərisini nəmləndirə və bədənimizi toksinlərdən azad edə bilərik.