Uşaq qaytararsa, nə etməliyik? - HƏKİM AÇIQLADI
05 yanvar 2023 16:59 (UTC +04:00)

Uşaq qaytararsa, nə etməliyik? - HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev nazirliyin sosial media hesablarına uşaqların sağlamlığı ilə bağlı gələn sualları cavablandırıb.

Lent.az onunla müsahibəni təqdim edir:

- Əkbər həkim, yeni doğulan uşaqlarda valideynlər çox vaxt əmgəyin tez birləşəcəyindən narahat olurlar. Əmgək tez və ya gec birləşərsə, uşaqda hansı narahatçılıqlar yarana bilər?

- Körpələrin aktiv inkişaf etməsilə əlaqədar olaraq onların kəllə sümükləri tam bitişmir. Kəllə sümüklərinin arasında qığırdaq toxumasının təşkil etdiyi əmgək yerləşir. Hər bir yenidoğulanda 6 ədəd əmgək var. Onlardan 4-ü doğulandan sonra bağlanır. Ön və arxa əmgək isə tədricən bağlanır. Ən sonda ön əmgək bağlanır. Hansı ki, valideynlər ən çox ön əmgək üçün narahat olurlar.

Arxa əmgək üçbucaq formasında, 0.5-1sm ölçüsündə olur və əsasən ilk 3 ay ərzində bağlanır. Ön əmgək 2-5 sm ölçüsündə olur, ən tez üçüncü ayda, ən gec isə 24-cü ayda bağlanır.

Əmgəyin tez bağlanmasına səbəb olan hallar: mikrosefaliya əlaməti ilə gedən bəzi genetik və sindromik xəstəliklər, mikrosefaliyaya səbəb ola biləcək bətndaxili infeksiyalar və ya hamiləlik müddətində ananın toksik maddələrə məruz qalması, metabolik xəstəliklər və s.

Əmgəyin gec bağlanmasına səbəb olan hallar: meningit, ensefalit, hidrosefaliya, metabolik xəstəliklər (anadangəlmə hipotrioid), raxitlik (D vitamini əskikliyi).

- Mövsümlə əlaqədar olaraq uşaqlar tez-tez xəstələnir və onlarda yüksək temperatur müşahidə olunur. Uşaqları xəstəlikdən qorumaq üçün valideynlərə qabaqlayıcı tədbir kimi nələri məsləhər görərdiniz?

- Uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar tez-tez xəstələnirlər, xüsusən də payız-qış mövsümündə. Bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələr və məsləhətlər vermək istərdim. Ana südünün uşaqlarda immun sisteminin yaradılmasında və gücləndirilməsində birbaşa əlaqəsi var. Bu səbəbdən ilk 6 ay ancaq ana südü ilə qidalanma çox önəmlidir. Valideynlər uşaqların gündəlik qida rasionunda bütün qida maddələrin olmasına diqqət yetirməlidirlər. Xüsusən istər xəstəlik dövrü, istərsə də sağlam zamanda yetəri qədər maye qəbul edilməsi şərtdir. Qidalanma qədər yuxu da uşaqlar üçün çox önəmlidir. Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır. Bundan əlavə, əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir. Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdır.

Qeyd edim ki, anemiya, B, Fe, Zn və D vitamlərinin əskikliyi də müqaviməti azaldır və tez-tez xəstələnməyə səbəb olur. Xəstəliklərin çoxu hava-damcı yolu ilə yoluxur. Buna görə də insanların çox olduğu qapalı, havasız məkanlardan uzaq olmaq lazımdır. Otaqların havası tez-tez dəyişdirilməlidir.

- Uşaq qaytararsa bu zaman nə etmək lazımdır?

- Ürəkbulanma və qusmanın bir çox səbəbi var. Mədə-bağırsaq xəstəlikləri, sidik yolları infeksiyaları, nevroloji xəstəliklər və zəhərlənmələr 60-70 faiz hallarda mədə-bağırsaq sistemi ilə əlaqədar olur. Qusma 24-48 saat ərzində əsasən keçib getməlidir. Keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hal uşaqlarda su itkisinə səbəb olur.

Digər ən önəmli məqamlardan biri də uşağın pəhrizinə fikir verməkdir. Ətli, yağlı, qızarmış yeməklərdən istifadə etmək olmaz. Asan həzm olunan qidalardan (meyvə, ayran, qatıq, buxarda bişirilən tərəvəzlər, çörək və s.) istifadə olunması tövsiyə olunur. Bu zaman az-az və tez-tez yemək daha yaxşıdır.

- Uşaqlarda dırnaq yemə halları hər zaman valideyinlərin narahatlığına səbəb olur...

- Dırnaq yemə vərdişləri uşaqlarda ən çox 3-4 yaşından başlayır və əgər vaxtında müalicə olunmazsa, cinsi yetkinliyə qədər davam edə bilər. Bəzən bu alışqanlıq dırnaq ətini qoparmaq, ayaq dırnaqlarını yemə şəklində də ola bilər. Bu narahatlığın altında yatan səbəblər çox vaxt uşağın psixologiyası ilə bağlı problemlər hesab olunur. Bura ailədə ciddi rejimin olması, uşağa qarşı yetərli sevginin göstərilməməsi, diqqət əksikliyi və.s aiddir. Ona görə də ilk öncə səbəbi tapmaq lazımdır. Bu davranışın uşağın sağlamlığı üçün yaxşı olmadığını ona izah etmək və inandırmaq lazımdır. Eyni zamanda, uşaq hər cür neqativ və qorxulu vəziyyətlərdən uzaq tutulmalıdır. Valideynlərə onları istənilən bəhanə ilə tərifləməyi tövsiyə edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2040
avatar

Fidan İlqar

Oxşar yazılar