Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir. 1 yaşa qədər nə qədər əlavə qidalara keçsək də, əsas qidalanma mənbəyinin ana südü olduğunu unutmamalıyıq.
Maraqlıdır bəs, süd çatışmazlığı olan analar bəzi dərman vasitələrindən istifadə edirlər. Bu nə dərəcədə doğrudur?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev danışıb.
Onun sözlərinə görə, südverən analar çoxlu maye qəbul etməlidir:
"Bu, süd çatışmazlığı olan anaları ən çox maraqlandıran sualdır. Qeyd etmək istəyirəm ki, sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır. Südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır. Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub.
Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətəşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər".