Alimlər siqaretin yeniyetmələrin zehni qabiliyyətinə təsirini araşdırıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, siqaret çəkən yeniyetmələrdə beynin iki mühüm hissəsində boz maddənin miqdarı azalır.
Hazırda siqaret dünyada ən çox yayılmış asılılıq hesab olunur. Bu, həm də böyüklər arasında əsas ölüm səbəblərindən biridir. Siqaretə aludəçilik daha çox yeniyetməlik dövründə baş verir.
Dünya alimləri qrupu Böyük Britaniya, Almaniya, Fransa və İrlandiyanın 800-dən çox sakinini tədqiqata cəlb edib. Mütəxəssislər müxtəlif vaxtlarda beyinlərinin MRT-lərini müqayisə ediblər. İştirakçılar şəxsi keyfiyyətləri ilə bağlı sualları da cavablandırıblar. Tədqiqatçılar daha sonra 14 yaşından siqaret çəkməyə başlayanları çəkməyənlərlə müqayisə ediblər.
Məlum olub ki, 14 yaşında siqaret çəkməyə başlayanlarda beynin sol ventromedial prefrontal korteksində emosiyaların idarə olunmasında, qərarların qəbulunda və özünü idarə etmədə rol oynayan boz maddə nisbətən az olub.