Sərxoşlar zamanla necə alkoqolikə çevrilir? - Mütəxəssis AÇIQLADI
03 oktyabr 2022 10:31 (UTC +04:00)

Sərxoşlar zamanla necə alkoqolikə çevrilir? - Mütəxəssis AÇIQLADI

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov məişət sərxoşluğu ilə alkoqol asılılığı barədə danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Orxan müəllim, alkoqolizmin əsas əlamətləri hansılardır?

- 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Alkoqolizm" terminini Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT) çıxararaq, "alkoqoldan asılılıq sindromu" termini ilə əvəz etdi (F10.2; Alkoqolun istifadəsi ilə əlaqədar asılılıq sindromu).

Alkoqoldan asılılıq sindromu (Xəstəliklərin Beynəlxalq Təsnifatı-10) aşağıdakı əlamətlərə malikdir: alkoqolun qəbuluna güclü həvəs və ya alkoqolun istifadəsinə israrlı təlabat; alkoqolun qəbulu üzərində nəzarət qabiliyyətinin itməsi; alkoqoldan məhrum edilmə “abstinent” sindromu; alkoqola qarşı tolerantlığın artması; qabağını alan sosial faktorlara baxmayaraq, bir qayda olaraq həm iş, həm də istirahət günlərində spirtli içkilərin qəbuluna tendensiya; aydın, aşkar zərərli nəticələrin olmasına baxmayaraq, alkoqoldan istifadəni davam etmək.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da spirtli içkilərin istifadəsi qadağan olunmayıb. Bu səbəbdən məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər.

- Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?

- Alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpa olunmaz üzvi dəyişikliklərə səbəb olur. Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər. Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).

- Spirtli içkilərdən asılılıq daha çox hansı yaş aralığında olan insanlarda təsadüf edilir?

- Nəzərə alaq ki, alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur. Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir.

Lakin son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir. Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlirik.

- Müalicə və psixoloji yardım ilə birgə bu asılılıqdan azad olmaq mümkündürmü?

- Alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştikarı tələb olunur. Bunun üçün ilk növbədə pasient öz asılılığını etiraf etməlidir. Bu halda o alkoqol asılılığından azad ola bilər.

Respublika Narkoloji Mərkəzinin Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxsləri yenidən cəmiyyətə inteqrasiya etməsidir.

- Övladları, yaxınları alkoqol asılılığından əziyyət çəkənlərə məsləhətiniz nə olardı?

- Yuxarıda qeyd etdiyimiz kimi, formalaşmış asılılıqdan azad olunmaq üçün ən əsas pasientin özünün təşəbbüsü və asılılıqdan azad olunmaqda qərarlılığıdır. Ailənin, yaxınların bu zaman onun yanında olub ona dəstək verməsi vacib bir şərtdir. Belə ki, ailənin dəstəyi olmasa bu pasientlər müalicədən əvvəl onsuz da itirdikləri mövqelərinin bərpasına olan ümidlərini itirəcəklər.

Çox vaxt həkimlər xəstənin yaxınları tərəfindən onun vəziyyətini düzgün qiymətləndirilməməsinin şahidi olurlar. Belə ki, onlar xəstəliyi “pis vərdiş” kimi qəbul edirlər. Xəstəni içki aludəçisi olduğu üçün günahlandırırlar. Bu, heç də səmərəli yanaşma deyil. Xəstənin müalicə həkimi birinci növbədə ailə üzvlərini və yaxınlarını bu asılılığın xəstəlik olduğu barədə məlumatlandırmalıdır. Xəstə müalicə və reabilitasiya prosesindən sonra ayıq həyat tərzinə qayıtdıqda yaxınları tərəfindən ona şübhə ilə yanaşmaq, daimi nəzarət və tənbeh etmək cəhdləri xəstədə etiraz yarada bilər. Bu onun spirtli içki istifadəsinə yenidən başlamasına təkan ola bilər.

Alkoqol asılılığı ilə mübarizə uzun müddət tələb edən bir prosesdir. Bu səbəblə asılılıqdan əziyyət çəkən pasientlərlə daha təmkinli olmaq, onları müəyyən mənada həyata stimullaşdırmaq, sosial durumlarını yaxşılaşdırmağa doğru yönələn addımlar atmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2955
avatar

Fidan İlqar

Oxşar yazılar