Hindistanda səhiyyə orqanları yeni Nipah virusunun yayılması ilə mübarizə aparır. Bu sağalmaz xəstəliyin beş halı artıq Qərbi Benqal ştatının şərqində, əhalinin sıx məskunlaşdığı Kalkutta şəhərinin yaxınlığında aşkar edilib. Virus səhiyyə işçilərinə təsir göstərməyə başladıqca vəziyyət daha da pisləşir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, son məlumatlara görə, yeni təsdiqlənmiş üç yoluxan arasında həkim, tibb bacısı və başqa bir səhiyyə işçisi var. Epidemiya ştat paytaxtından 24 kilometr aralıda yerləşən Barasatdakı özəl Narayana Xəstəxanasında lokallaşdırılıb.
Yerli rəsmilərin sözlərinə görə, tibb bacılarından birinin vəziyyəti kritik hesab olunur və o, komadadır. İlkin məlumata görə, qadın ağır tənəffüs əlamətləri olan xəstəyə qulluq edərkən yoluxub və nəticədə xəstə test nəticələri məlum olana qədər ölüb.
İnfeksiyanın yayılması təhlükəsi səbəbindən 180 nəfər hakimiyyətə qarşı etiraz aksiyası keçirib. Yoluxmuş şəxslərlə yüksək riskli təmasda olan daha 20 nəfər ciddi karantinə alınıb.
Ölüm nisbəti 75 faizə qədər: Nipah virusu nədir?
Nipah virusu heyvanlardan insanlara ötürülən zoonotik infeksiyadır. Hindistanda geniş yayılmış meyvə yarasaları təbii sahiblərdir. İnfeksiya yarasalar, donuzlarla təmas, çirklənmiş meyvə və ya xurma şirəsinin istehlakı və insandan insana təmas yolu ilə baş verə bilər.
Xəstəliyin əlamətləri:
* Yüksək hərarət və baş ağrısı;
* Əzələ və boğaz ağrısı;
* Qusma;
Ağır hallarda, sürətli beyin iltihabı (ensefalit) inkişaf edir və 24-48 saat ərzində komaya səbəb olur.
Ən böyük təhlükə spesifik müalicənin olmamasıdır. Hazırda Nipah virusuna qarşı peyvənd yoxdur. Yoluxmuşlar arasında ölüm nisbəti 40 faizdən 75 faizə qədər dəyişir və bu patogeni məlum olan əksər viruslardan xeyli ölümcül edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunu "prioritet patogen" kimi təsnif edib. Bu o deməkdir ki, virus qlobal epidemiyaya səbəb olmaq potensialına malikdir və alimlər təcili olaraq diaqnostika və peyvəndlərin hazırlanmasına diqqət yetirməlidirlər.
Ekspertlər qeyd edirlər ki, insanların vəhşi təbiətə müdaxiləsi və iqlim dəyişikliyi səbəbindən zoonotik xəstəliklərin (məsələn, COVID-19, SARS və Nipah) riski artır. Hindistanda son iyirmi ildir ki, Nipah epidemiyaları demək olar ki, hər il qeydə alınır və onlarla insanın həyatına son qoyur.
İnfeksiya riskini azaltmaq üçün həkimlər yarasalar və donuzlarla təmasdan çəkinməyi və heyvanlar tərəfindən çirklənmiş ola biləcək çiy qidaları istehlak etməməyi məsləhət görürlər.